Ən dəhşətli reallıq, şəkil çəkdirməklə bağlıdı. Bir toyda 200 adam iştirak edirsə, azı 250-300 dəfə şəkil çəkidirməlisən. Çoxları çox şeyi xatirəyə çevirmək iddiasındadır. Mən iştirak etdiyim toylarda axrıncı məqama qədər çalışıram ki, şəkil çəkdirməyim. Çünki bəyə və gəlinə “rəhmim gəlir”. Bir gün ərzində toyu olacaq adam 200-300 dəfə obyektivə baxarmı və baxmalıdırmı? Toyumdakı maraqlı “şəkil hadisələri”ndən danışım.
Toyda bir qadın da gəlib başımın üstünü kəsdirmişdi ki, bizlə şəkil çəkdir, tikəmi udmağa aman vermirdi. Qucağında da körpəsi vardı. Körpəsi obyektivə baxmırdı, arvad da yaxasını çırır ki, gərək bu bala “ORA” baxa. 20 dəfə şəkil çəkdirdi: olmadı. Axırda hirslənib durub getdim, sonra eşitdim ki, o qadın inciyib, uşağını da vurub qoltuğuna məclisi tərk edib.
Bu bəs etməz kimi hələ şəkil çəkən oğlan toyun şirin yerində gəlib mənə dedi ki, gəlin sizin 100 ədəd şəkilnizi çəkim, maraqlı bir albom hazırlayım. Eləməyib tənbəllik soruşdum:
- Bu necə olacaq? - O da eləmədi tənbəllik və cavabımı verdi:
- Mən nə cür desəm elə dayanacaqsınız, fərqli pozalarda çəkəcəm.
Dedim:
- Qardaş, Allah köməyin olsun, amma belə-belə şeylərə, bir sözlə, sizin havaya oynamağa halım yoxdu, əl götür bu sevdadan.
Bir adam on cür şəkil çəkdirir, bezmir və istəyir ki, sən də o necə istəyirsə elə dayanasan. Hələ bu harasıdı, ağıllı saydığım adamlardan biri gəlib qulağıma yavaşca pıçıldadı:
- Fərid, olarmı sən yerə çömbələsən, gəlin əlini qoya sənin çiyninə, biz də sizin sağ-solunuzda dayanaq? - Bir az keçməmiş biri gəldi:
- Stulunuzu yaxın eləyin, bu uşağı qoyum sizin stulun qollarının üstünə bir yaxşı şəkil çəkdirək.
Sonra bir nəfər də gəldi:
- Sən gəlinə bax, mən də öz arvadıma, onlarsa şəkilçəkdirənə...
Ən maraqlı hadisəsə toyun axırına yaxın oldu, bir nəfər yanıma gəlib dedi: “Sizə bir dəqiqə olarmı?” - Ədəblə “olar” deyib ona yaxınlaşdım:
Dedi ki, xahiş edirəm bu telefonla nişanlımla mənim şəkilimizi çəkəsən? – O toyda, o qədər adamın içində bu bəlanın da mənə təsadüf eləməsinə, Tanrının kərəminə, oğlanın ağlına şükür eləyib onların 10-15 şəkilni çəkdim. Elə rahatlaşdılar ki, elə bil, canlarından tikan çıxdı...
Allah, şəfa versin...
Son xəbərlər
Son Xəbərlər