“Mən o dəvətə qəti şəkildə etiraz etmişdim”

-men-o-devete-qeti-sekilde-etiraz-etmisdim
Oxunma sayı: 671

Əbulfəz Elçibəy mövzusunun gündəmə gətirilməsi ilə bağlı yazıçı Emin Milliyə irad tutan AXCP sədri 1993-cu ildə “qiyamdan sonra hökumət qəzetində dərc olunmuş” məktubu "saxta" adlandırıb.

Emin Milli öz bloqunda Əbülfəz Elçibəyin Dövlət Təhlükəsizlik Komissiyası (DTK) sədrinə yazıldığı deyilən məktubu dərc edib və yazıb ki, Elçibəyi bu məktuba görə "qınaya bilmərəm, amma bu məktubu yazan insanı heç vaxt dövlət başçısı seçməzdim".

"Azərbaycan" qəzetinin 1993-cü il 23 oktyabr sayında Əbülfəz Elçibəyin imzası ilə dərc olunmuş və 1975-ci ildə yazdığı bildirilən məktub DTK sədrinə ünvanlanıb.

Məktub "müəllifi özünü doğrultmaq üçün daha bir şans istəyir və söz verir ki, bundan sonra dövlətin və partiyanın Leninçi siyasətini müdafiə edəcək. O həbsdən sonra xahiş edir ki, onu Kommunist Partiyasının sıralarında saxlasınlar" - Emin Milli bloqunda yazıb.

BBC Azərbaycancaya müsahibəsində AXCP sədri Əli Kərimli Emin Milliyə "perspektivli işlə" məşğul olmağı məsləhət görüb. Yazıçı isə hesab edir ki, belə bir iradın tutulması "avtoritar düşüncə tərzidir".

"Avtoritar düşüncə"

Əli Kərmli deyir ki, vaxtı ilə şərlənib həbsə atılan Emin Millinin hökumətin opponentlərinə qarşı atdığı addımlardan məlumatlıdır.

“Necə olur ki, Emin Millinin özü həbs olunanda hökumət qəzetləri yazırdılar ki, Emin Milli xuliqanlıq edib, idmançıları döyüb. Biz buna inanmırdıq. Amma Emin Milli 20 il bundan əvvəl hökumət qəzetlərinin uydurduğu bir yazını əsas götürüb Elçibəylə bağlı yazı yazır. Burda hesab edirəm ki, ciddi səhv var. Hökumətin siyasi opponentləri haqqında nə yazdığı göz qabağındadır”, cənab Kərmli deyib.
Əli Kərmli gündəmdə hakimiyyətdəki korrupsiya mövzusunun olduğu bir vaxtda diqqət mərkəzinə Elçibəy məktubunun gətirilməsini sual edib.

“Emin bəy özü şübhələnməli idi ki, bu yazı Emin bəy 12-13 yaşında olanda çıxıb. Demək ki, kimlərsə bu yazını Emin bəyə məqsədli təqdim ediblər. Azərbaycan gündəminin əsas məsələsi İlham Əliyevin araşdırmaçı jurnalistlər tərəfindən korrupsiya və mütəşəkkil cinayətkarlığa görə birinci seçilməsi olmalıdır. Kimlərəsə maraqlıdır ki, ilin günün bu vaxtında günün müzakirə mövzusu dəyişsin”.
Emin Milli mövzunu “elmi iş yazan dostundan” öyrəndikdən sonra bu haqda bloqunda yazı yazdığını bildirib.

“Bir: Mən bütün mövzuları qaldırıram. Mən bəlkə də hamıdan çox İlham Əliyevi və hökuməti tənqid edirəm və onların hazırkı siyasətini ifşa edirəm. İki: məsələnin qaldırılması avtoiritar düşüncə tərzidir ki, sən hansısa vətəndaşa deyərsən ki “Bu məsələni niyə indi qaldırırsan?”, “İndi vaxtı deyil”və sairə. Mən İsa Qəmbərlə hansısa bir sualım olanda o məsələni qaldıranda da mənə deyiblər ki, “Niyə indi qaldırırsan?”, “Məqsəd nədir?”. Mən bunu qəbul etmirəm”.

Arxivlər

Emin Millinin sözlərinə görə həqiqəti axtarıb tapmaq hər zaman “perspektivli iş”olub. Onun sözlərinə görə “saflaşmaya” ehtiyacı olan müxalifət çətin suallara cavab tapdıqdan sonra irəliyə gedə bilər.

Belə suallardan biri arxivlərin açılması ilə bağlıdır ki, bu da etibar məsələsini müəyyən edir.

“Elçibəy hakimiyyətə gələndə onun DTK-nın arxivlərini açmaması qərarı ən ciddi səhvlərindən biri hesab olunur. Amma bu səhv idimi? Elçibəy bunu etmədiyinə görə biz Azərbaycan siyasətində kimin kimə işləməsini bu günə qədər müəyyən edə bilmirik. Əliyevə işləyən insanlar yeni hakimiyyətin içində olaraq bəlkə də o hakimiyyəti məhv etdilər və Əliyevi yenidən hakimiyyətə gətirdilər. Belkə elə məqsəd bu idi? Bunu da bilmirik”, Emin Milli bloqunda yazır.

Bloqda qaldırılan suala cavab verən Əli Kərimli DTK arxivlərinin açılmamasını səhv addım adlandıraraq deyib ki, bu, müxalifətin hakimiyyətdən getməsindən sonra Azadlıq qəzetinin 8 səhifəsində etiraf etdiyi səhvlərdən birini təşkil edir.

Heydər Əliyevin gətirilməsi

Digər səhvlər arasında o, parlament seçkilərinin ləngiməsini göstərib. Əli Kərimli Heydər Əliyevin çağırılması barədə "komanda qərarının" şəxsən əleyhinə olduğunu bildirib.

“Elçibəyin Əliyevi hakimiyyətə gətirməsi növbəti mifdən başqa bir şey deyil. Əbülfəz Elçibəy qiyam yolu ilə devrilib. O, Heydər Əliyevi dəvət edəndə demirdi ki, gəl prezident ol. O bütövlükdə komanda tərəfindən parlament başçısı vəzifəsinə dəvət olunmuşdur. Yeri gəlmişkən, mən həmin o dəvətə qəti şəkildə etiraz etmişdim. Heydər Əliyev Sürət Hüseynovla əlbir olaraq Əbulfəz Elçibəyin devrilməsini həyata keçirdi”.

Mərhum prezident Heydər Əliyevin tərəfdarları onun xalqın istəyilə hakimiyyətə gəldiyini deyir.

Əli Kərimilinin sözlərinə görə, cəmiyyətdə Elçibəy haqqında birmənalı mövqe formalaşıb və hökumətin 20 il ərzində anti-Elçibəy kampaniyası "böyük şəxsiyyəti" xalıqn qəlbindən silə bilməz.

Emin Milli isə çətin sualların gündəmə gətirilməsinin önəmli olduğunu bildirir.

“Kim bu məsələləyə başqa cür baxır, o onun öz fikridir”, yazıçı deyir. /BBC Azərbaycanca