“1 il 6 ay hərbi xidmət çəkdikdə idmançını itirmiş oluruq” - Fərid Mansurov

1-il-6-ay-herbi-xidmet-cekdikde-idmancini-itirmis-oluruq
Oxunma sayı: 1188

Parlamentdə uğur qazanan gənc idmançıların hərbi xidmətə cəlb olunmasına möhlət verilməsi məsələsi müzakirə olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov Milli Məclisin Gənclər və idman komitəsinin təşkil etdiyi 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı keçirilən ictimai dinləmədə danışıb. 

“Bizim idmançılar 17 yaşından, məktəbi bitirdikdən sonra universitetə qəbul olub təhsillərini davam etdirirlər. Ali təhsil müəssisəsinə qəbul olmayanlar isə hərbi xidmətə gedirlər. Dünya və Avropa çempionatlarında iştirak etmək də vətənə xidmətdir. Bunu nəzərə alsaq, həmin yaşlarda idmançıları itirmiş oluruq. 

Dünya və Avropa çempionatlarında hər çəki dərəcəsində bir idmançı iştirak edir. Həmin idmançı nəticə qazandığı halda İdman Akademiyasına qəbul olunur. Digərləri isə kənarda qalır. 1 il 6 ay hərbi xidmət çəkdikdə həmin idmançını itirmiş oluruq. Belə olan halda peşəkar idmanda rəqabət itir, ardı gəlmir, müəyyən vaxtdan nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəki dərəcəsində legioner idmançıları dəvət etsinlər. Bu qanunla tənzimlənsə, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılsa, yaxşı olardı”, - deyə F.Mansurov qeyd edib.

Nuranə Daxilqızı