“25 ildən çoxdur ki, bu daxmada yaşayırıq”

“25 ildən çoxdur ki, bu daxmada yaşayırıq”
Oxunma sayı: 2627

“Dövlət tərəfindən bizə verilən mənzil bəzi məmurlar tərəfindən satılıb”. Bu sözləri məcburi köçkün Vüsal Zeynalov “Qafqazinfo”ya müraciətində deyib. Bildirib ki, 1983 – cü ildə  Ağdam rayonunun Umudlu kəndində anadan olub:

“Artıq 25 ildən çoxdur ki, məcburi köçkünəm və hazırda ailəmlə birlikdə Tərtər rayonu Mamırlı kəndindən keçən yol kənarındakı şəraitsiz bir daxmada yaşayıram. Dövlətimiz tərəfindən bizə verilən  mənzil Tərtər və Ağdam rayonu üzrə bəzi dövlət məmurları tərəfindən satılıb. Bizim bu şikayətimizə isə ərazi aidiyyati üzrə rayon Polis Şöbəsi,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər və Ağdam rayon üzrə olan nümayəndəsi, Tərtər rayon Məhkəməsi və yaxud digər aidiyyati qurumların heç biri baxmır. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Repatriasiya departamentinin direktoru Natiq Hüseynovun qəbulunda olmuşam. Yenə də bir dəyişiklik olmayıb.

84 yaşlı anam və 5 yaşlı balam belə bir soyuq havada yol kənarında yaşayır. Artıq onların gözünə baxmağa üzüm yoxdur”.

“Qafqazinfo” məsələylə bağlı Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

Bildirilib ki, daha öncə vətəndaşa Ağdam rayonunda mənzil təklif olunsa da, o, bu təklifdən imtina edib:

“Ağdam rayonunun Umudlu kəndindən məcburi köçkün Zeynalov Vüsal Yahya oğlu, anası Zeynalova Maya Firidun qızı ilə birlikdə Tərtər rayon Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə qeydiyyatdadır. Həmin ərazidə yol kənarında çiy kərpicdən tikilmiş evi olmağına baxmayaraq onun kommunal xidmətlərdən istifadə üzrə qeydiyyatı Bərdə rayonunun Uğurbəyli kəndindədir. Son 2 il müddətində vətəndaşın sayğacında enerji sərfiyyatı olmadığına görə ev paylanışı vaxtı köçürülmə komissiyası onların sənədlərini araşdırmaya göndərib. Ona görə də, həmin paylanış zamanı vətəndaş Zeynalov Vüsal Yəhya oğlunun sənədləri qaydasında olmadığı üçün həmin ailəyə mənzil verilməyib. Sənədlərinin qaydasında olmamasına baxmayaraq, anasının sağlamlıq problemlərini nəzərə alaraq Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komissiyası tərəfindən Ağdam rayonunda vətəndaşa mənzil təklif olunub, lakin o, bu təklifdən imtina edib. 

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların  və məcburi   köçkünlərin  yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq Tərtər rayonunda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verildiyi zaman məcburi köçkün Vüsal Zeynalovun müraciətinə qanunauyğun formada baxılacaq”.

Günel Hacı



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi