ABŞ Konqresi ölkəni “şatdaun” təhlükəsi ilə üz-üzə qoyub.
“Qafqazinfo” “NBC News”ə istinadən xəbər verir ki, ABŞ Konqresinin yuxarı palatası bir neçə dövlət qurumunun 1,2 trilyon dollar həcmində maliyyələşdirilməsi paketini rədd edib.
Məlumata görə, Nümayəndələr Palatası tərəfindən ötən həftə qəbul edilmiş sənədin əleyhinə 55 senator, lehinə isə 45 senator səs verib. Layihənin rədd edilməsində demokratlarla yanaşı, 8 respublikaçı senator da iştirak edib.
Nəşr yazır ki, əgər tərəflər arasında razılıq əldə olunmazsa, yanvarın 31-i gecə yarısından etibarən ABŞ-də qismən “şatdaun” (hökumətin işinin dayandırılması) baş verəcək. Prezident Donald Trampın hökumətin işinin dayanmasının qarşısını almaq istəyinə baxmayaraq, xüsusilə Daxili Təhlükəsizlik Departamentinin (DTP) maliyyələşdirilməsi ətrafındakı mübahisələr böhranı dərinləşdirib. Demokratlar miqrasiya siyasətinə düzəlişlər etmək məqsədilə DTP-nin büdcəsinin ayrı bir layihə kimi baxılmasını tələb edirlər.
Qeyd edək ki, sözügedən büdcə böhranı ölkədə gərginliyin artdığı bir vaxta təsadüf edir. Belə ki, Tramp administrasiyasının qeyri-qanuni miqrantlara qarşı sərt kampaniyası, həmçinin Minnesotada sərhəd xidməti əməkdaşının bir nəfəri güllələməsindən sonra Minneapolisdə alovlanan kütləvi etirazlar fonunda tərəflər ortaq məxrəcə gələ bilmir.
Onu da bildirək ki, mümkün şatdaun qismən xarakter daşıyacaq, çünki Konqres artıq 12 əsas büdcə sənədindən 6-nı təsdiqləyib. Lakin bu dəfə maliyyəsiz qalan qurumlar arasında Pentaqon və DTP kimi kritik nazirliklər var. Bu isə yüz minlərlə dövlət qulluqçusunun ödənişsiz məzuniyyətə göndərilməsi və ya maaşların dondurulması deməkdir. Nümayəndələr Palatasının növbəti iclası yalnız fevralın 2-də keçiriləcəyi üçün ABŞ-nin həftəsonuna hökumətin qismən iflic vəziyyətində girməsi qaçılmaz görünür.
Son xəbərlər
Son Xəbərlər