ABŞ administrasiyası “The Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçin həbsinə görə bütün vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pier açıqlama yayıb.
“Vurğulamaq istəyirəm ki, amerikalılar ABŞ hökumətinin Rusiyaya səfər etməmək barədə xəbərdarlığına qulaq asmalıdırlar. Rusiyada yaşayan və ya səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, - administrasiya rəsmisi bildirib.
Qeyd edək ki, ABŞ-də dərc edilən nüfuzlu “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviç Rusiyanın Yekaterinburq şəhərində saxlanılıb. TASS-ın hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, Moskvanın Lefortovo Məhkəməsi 32 yaşlı amerikalı jurnalist Evan Qerşkoviçi casusluq ittihamı ilə həbs edib.