AFFA Aslan İsmayılova cavab verdi

affa-aslan-ismayilova-cavab-verdi
Oxunma sayı: 3792

Hüquqşünas Aslan İsmayılov “Keşlə” klubunun “ASK Arena”ya olan borcunu ödəmədiyi barədə sosial şəbəkədə paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, o, klubun borcuna görə stadion əməkdaşlarının maaş ala bilmədiyini iddia edib: “Artıq iki ildir ki, “Keşlə” klubu icarəyə götürüb oynadığı stadiona olan 5 min 800 manat borcunu ödəmir. Buna görə də klub əməkdaşları maaşlarını ala bilmir. “Keşlə”nin prezidenti Zaur Axundovla danışmışam. Məsələni həll edəcəyini desə də, əməl etməyib. Bununla bağlı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova da müraciət etdim. Amma telefonlara cavab vermədi və mən ona mesaj yazmışam. 3 aydır ki, bu davam edir və heç bir nəticə yoxdur”. 

Aslan İsmayılovun iddialarına AFFA da cavab verib. Federasiya yazılanları böhtan adlandırıb: “Hüquqşünas Aslan İsmayılov feysbuk sosial şəbəkəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası barədə böhtan xarakterli məlumatlar yayıb, AFFA-nı korrupsiyada ittiham edib.
 
İlk növbədə, onu qeyd edək ki, AFFA azsaylı ictimai-idman təşkilatlarından biridir ki, hər il hesabat Konfransında futbol ictimaiyyətinin, mətbuat nümayəndələrinin və dövlət strukturları təmsilçilərinin, həmçinin üzvü olduğu FIFA və UEFA kimi beynəlxalq təşkilatların rəsmilərinin qarşısında fəaliyyəti ilə bağlı hesabat verir və həmin hesabata AFFA-nın gəlirləri və xərcləri ilə bağlı maliyyə hesabatları da daxildir. 2010-cu ildən bu ilə qədər AFFA-nın bütün hesabatları assosiasiyanın saytında yerləşdirilib və maraqlanan hər kəs həmin hesabatlarla tanış ola bilər.
 
Özünü hüquqşünas adlandıran istənilən şəxs bu cür ittihamları səsləndirən zaman konkret hüquqi sənədlərə istinad etməli, populizm ilə məşğul olmamalıdır. 
Aslan İsmayılov qeyd olunan feysbuk paylaşımı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işgüzar nüfuzuna xələl gətirdiyi üçün onun barəsində müvafiq strukturlara müraciət etmək hüququnu özümüzdə saxlayırıq”.