Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab

anastasiyanin-erinin-vekilinden-ittihamlara-cavab
Oxunma sayı: 3663

Ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirdiyini iddia edən Anastasiya Bektimirovanın yaydığı videomüraciət ötən gün gündəm yaradıb. Bektimirova sosial şəbəkə hesabı üzərindən paylaşdığı müraciətdə gözünü itirməsinə səbəb olan əri Yalçın Bektimirova 2 il həbs cəzası verilməsindən, həmçinin cəza müddəti bitdikdən sonra yenidən bir evdə yaşaya biləcəklərindən şikayətlənib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, Yalçın Bektimirovun vəkili Siyasət Sultanlı müvəkkilinə qarşı ittihamlara aydınlıq gətirib.

O, açıqlamasında Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunanları bir daha təsdiq edib. Vəkil A.Bektimirovanın gözünü xəsarət səbəbindən deyil, xəstəlikdən itirdiyini bildirib. Onun sözlərinə görə, bu, ibtidai və məhkəmə istintaqı dövründə ekspert rəyləri ilə sübuta yetirilib. 

S.Sultanlı deyir ki, məhkəmə-tibbi ekspertizasının rəyləri ilə sübut edilib ki, A.Bektimirovada sol gözün sklerasının rupturasına (cırılmasına), həmin gözün təbii qidalanmasının dayanmasına, funksiyasının tamamilə itməsinə, gözün orqan kimi sıradan çıxmasına - amputasiyasına və protezləşməsinə səbəb onun 2022-ci ilin dekabrında aldığı xəsarət deyil, travmadan əvvəlki xəstəliyidir: “Anastasiya Bektemirova cəmiyyətə müraciət edib diqqəti özünə çəkərək yanlış məlumat verib manipulyasiya etməklə Bakı Apellyasiya Məhkəməsində əri Yalçın Bektemirov barəsində baxılacaq cinayət işinin nəticəsinə təsir etmək istəyir.

Fakt isə odur ki, cinayət işinin materiallarında Anastasiya xanımın gözü barədə dörd dəfə ekspertiza keçirilib. Ekspertiza rəylərində Anastasiyanın sol gözün sklerasının rupturarsına (cırılmasına), həmin gözün təbii qidalanmasının dayanmasına, funksiyasının tamamilə itməsinə, gözün orqan kimi sıradan çıxmasına-amputasiyasına və protezləşməsinə səbəb onun 0.2.12.2022- ci il tarixdə (əri Yalçın Bektemirov) tərəfindən aldığı xəsarət deyil, travmadan əvvəl düçar olduğu xroniki uvetin fəsadı olaraq terminal qlaukoma olub. Anlaşılan dildə desək, gözün işığa reaksiyası olmayıb. Bu səbəbdən məhkəmə qanunun tələbinə uyğun hökm çıxarıb”.

Siyasət Sultanlı qarşı tərəfin gələcəkdə yenidən əri ilə eyni evdə yaşayacağı ilə bağlı narahatlıqlarına belə izah verib: “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Eyni zamanda, bu barədə Ali Məhkəmənin Plenumunun qərarı var. Məhkəmə əmlak bölgüsü ilə bağlı həmin qanunlara istinad edərək düzgün qərar qəbul edib. Görünən odur ki, Anastasiyanın məqsədi ədalətin bərqərar olması deyil, ərinin ağır cəza almağına və birgə nikah dövründə əldə olunmuş əmlaka tam yiyələnməkdir”.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov əzab verməkdə təqsirli bilinərək 2 il (sankisya həddi 2 ildən 5 ilə kimidir) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilib. Məhkəmə davam edir.