Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbus Namiq Vəliyevin ailəsi “Qafqazinfo”ya müraciət edib.
Məhbusun oğlu Ruslan Vəliyev atasının bir müddətdir düz bağırsağın hemaroyu xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin ağırlaşdığını bildirib.
O qeyd edib ki, atası Vəliyev Namiq Şamil oğlu Bakı Şəhər Məhkəməsinin 18.07.1997-ci il tarixli hökmü ilə ölüm cəzasına məhkum edilib: “Məhkəmənin 10.02.1998-ci il tarixli qərarı ilə ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Hazırda atam cəzasını Qobustan həbsxanasında çəkir və xəstəlikdən əziyyət çəkir. 2 aydır ki, onun düz bağırsağında hemaroy yaranıb və onun vəziyyəti günbəgün pisləşir, ağrılardan dayana bilmir. Dəfələrlə orada müalicə olunsa da, heç bir xeyri olmayıb. Həkimlər bildiriblər ki, hemaroy cərrahi əməliyyatla götürülməlidir”.
Şikayətçi əlavə edib ki, atası dəfələrlə həbsxananın rəhbərliyinə əməliyyat olunması üçün göndərilməsini xahiş edib: “Lakin atamın və bizim xahişlərimizi nəzərə almırlar, onun əməliyyat olunması üçün xəstəxanaya göndərilməsinə razılıq vermirlər, atamın səhhəti hər gün daha da pisləşir və daimi qanaxmaları olur”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə də sorğu ünvanlamışıq.
Nizam Rza
Son xəbərlər
Son Xəbərlər