Avro-2020-yə ev sahibliyi bu şəhərdən alındı

avro-2020-ye-ev-sahibliyi-bu-seherden-alindi
Oxunma sayı: 2876

İspaniyanın Bilbao şəhəri Avro-2020-yə ev sahibliyi edəcək şəhərlər siyahısından çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bilbao Şəhər Şurasının rəsmi saytı məlumat yayıb.

Açıqlamada deyilir: "UEFA bu gün birtərəfli qaydada "San Mames"i Avro-2020-nin stadionlar siyahısından çıxarmaq qərarına gəldiyini bizə bildirdi".

UEFA Bilbaonun azarkeşlərlə bağlı təminat vermədiyi üçün bu addımı atıb. "Marca" nəşri yazıb ki, Bilbao rəhbərliyi UEFA-nın qərarı ilə razılaşmır və müqavilənin şərtlərinin pozulduğu üçün təzminat tələb etmək niyyətindədir.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. UEFA-ya azarkeşlərlə bağlı təminat verən Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.