Avropalı hüquq müdafiəçiləri BMT-nin xüsusi məruzəçisini ədalətə çağırır - Fotolar

avropali-huquq-mudafiecileri-bmt-nin-xususi-meruzecisini-edalete-cagirir
Oxunma sayı: 1683

2023-cü il noyabrın 23-də İrəvanda BMT-nin həqiqətin, ədalətin təşviqi, təzminat və təkrarlanmama təminatları üzrə xüsusi məruzəçisi Fabian Salvioli erməni diasporunun təşkil etdiyi Ermənistana səfərinin yekunu olaraq mətbuat konfransı keçirib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, mətbuat konfransında Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünün yüz minlərlə qurbanı ilə bağlı bir sual da qaldırılmayıb, çünki səfər əvvəlcədən planlaşdırılmış təbliğat proqramına və hətta mətbuat konfransında jurnalistlərin təmsil olunmasına ciddi məhdudiyyət qoyulub.

Bununla belə, BMT-nin xüsusi məruzəçisinin Ermənistana erməni diasporunun təşkil etdiyi səfəri Avropa hüquq müdafiə təşkilatlarının diqqətindən yayınmayıb.

Belə ki, “Xocalı: barışıq üçün tanınma” beynəlxalq koalisiyası öz nümayəndəsi, İtaliya İnsan Hüquqları Federasiyasının prezidenti Antonio Stanqonun timsalında xüsusi məruzəçiyə “Xocalı – keçid dövrünün ədaləti qalib gələcəkmi?” adlı sorğu göndərib.

Koalisiya öz müraciətində Xocalıda törədilən cinayətin tanınmasının bu gün niyə bu qədər vacib olduğu sualına aydınlıq gətirir. Xüsusilə qeyd olunur ki, məhz Xocalı sindromu, bütün Qarabağ münaqişəsində dinc əhaliyə qarşı ən qəddar zorakılıq, müharibə cinayətlərinə görə cəzasızlıq irsi və mülki əhalinin qətliamlarının rasionallaşdırılması Ermənistanda etno-millətçi irqçi müstəsnalıq ideyalarının təbliğinə səbəb olub.

“Xocalı: barışıq üçün tanınma” koalisiyası BMT-nin məruzəçisindən konkret suallar qaldırmağı və onlara cavab almağı tələb edib: Ermənistan hakimiyyəti Xocalı qətliamını işıqlandırmaq üçün hansı konkret tədbirlər görüb? Xocalı qətliamının günahkarları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunublarmı? İndiki hakimiyyət Xocalı qətliamının qurbanlarından üzr istəmək üçün hansı addımları ata bilər?

Qeyd edək ki, “Xocalı: barışıq üçün tanınma” koalisiyası ötən ilin noyabrında BMT-nin Cenevrə mərkəzində insan hüquqlarının müdafiəsi sahəsində Avropa təşkilatları tərəfindən keçid dövrünün ədalət mühakiməsi məsələlərinə həsr olunmuş tədbir zamanı Vicdan Azadlığı Uğrunda Assosiasiyaların Koordinasiya İttifaqı (Fransa), Budapeşt Soyqırım və Qırğınların Qarşısının Alınması Mərkəzi, İtaliya İnsan Haqları Federasiyası, EMISCO Avropa Assosiasiyası, Srebrenitsa Anaları Assosiasiyası, eləcə də bir sıra tanınmış hüquq müdafiəçiləri tərəfindən yaradılıb.