Avstriya Kansleri Putinlə Ukrayna məhsullarının ixracından danışdı

Avstriya Kansleri Putinlə Ukrayna məhsullarının ixracından danışdı
Oxunma sayı: 1077

Avstriya Kansleri Karl Nehammer və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Qafqazinfo" xəbər verir ki, telefon danışığında əsas mövzular ərzaq məhsullarının ixracı üçün “yaşıl dəhliz”lərin təşkili və əsirlərin dəyişdirilməsi olub.

Avstriya Federal Kansler Aparatından verilən məlumata görə, tərəflər arasında “ciddi və intensiv” danışıq baş tutub. 45 dəqiqə davam edən telefon danışığında Ukraynadakı vəziyyətlə yanaşı, Ukrayna məhsullarının Qara dənizdəki limanlar vasitəsilə daşınmasına şərait yaradılmasından bəhs edilib.

K.Nehammer bildirib ki, Ukrayna məhsullarının ixracı üçün V.Putin tərəfindən müsbət siqnallar verilib. Eyni zamanda, əsirlərin mübadiləsi prosesinin intensivləşdirilməsi və Beynəlxalq Qırmızı Xaç Komitəsinə hərbi əsirlərlə sərbəst əlaqəsinə vəd verilib. Rusiya tərəfi müvafiq şəraitin Ukraynadakı rusiyalı əsirlər üçün yaradılmasını tələb edib.

Telefon danışığında Rusiya tərəfinin qaz tədarükünə dair şərtlərin tam həcmdə icra olunacağı vurğulanıb.

K.Nehammer mətbuat açıqlamasında ölkəsinin neytrallıq statusundan istifadə edərək, münaqişə tərəfləri arasında vasitəçilik etməkdə və aktiv neytrallıq siyasəti yürütməkdə maraqlı olduğunu ifadə edib.