“AXC erməni dövlətinin yaradılmasının lehinə olub?” - Deputat Kamal Cəfərov

axc-ermeni-dovletinin-yaradilmasinin-lehine-olub
Oxunma sayı: 3010

“Cəmil Həsənlinin müəllifi olduğu “Azərbaycan Xalq Cumhuriyyətinin Xarici Siyasəti” adlı 2009-cu ildə nəşr edilən kitabında qeyd edilir ki, Türkiyənin siyasətini müəyyən edən baş nazir Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına qarşı olub”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Kamal Cəfərovun Azərbaycan Xalq Cümhurriyəti dövrü ilə bağlı yazdığı məqalədə qeyd olunub.

“Həmin kitabın 79-cu səhifəsində qeyd edilir ki, Batum danışıqlarında Türkiyəni təmsil edən Xəlil bəy Ənvər paşaya ərazi güzəştləri barədə məlumat verdikdə Ənvər paşa buna qarşı çıxdı. O, may ayının 27-də Vehib paşaya göndərdiyi teleqramda yazırdı: “Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizə qaytardıqları ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna muvafakat edəcəklərmiş. Мəncə, bu, tamamilə yanlışdır. Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, о tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan daha yaranar ki, bu bizim üçün Rusiyadan daha müzir bir düşmən olar”.

Regionda real güc və söz sahibi olan Osmanlının ali rəhbərliyi məsələyə strateji yanaşaraq erməni dövlətinin yaradılmasının gələcəkdə istər Türkiyə, istərsə də Azərbaycan üçün böyük problemlər yaradacağını uzaqgörənliklə görə biliblər.

Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqatçılarından, tarix elmləri doktoru Vasif Qafarov tərəfindən elmi dövriyyəyə gətirilən Osmanlı arxiv sənədlərindən məlum olur ki, Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Həsən Hacınski də daxil olmaqla Batum konfransındakı Azərbaycan nümayəndələri Osmanlının bu mövqeyi ilə razılaşmayıblar, Cənubi Qafqaz Seyminin süqutu halında bölgədə Azərbaycan və gürcü dövlətləri ilə yanaşı erməni dövlətinin də yaradılmasının vacibliyi mövqeyindən çıxış ediblər.

Bununla əlaqədar olaraq, M.Ə.Rəsulzadə və silahdaşları erməni dövlətinin yaradılması məsələsi ilə bağlı 1918-ci il 23 may tarixində Ənvər paşaya böyük bir müraciət göndəriblər. Müraciəti Batum konfransındakı Azərbaycan nümayəndələri olan M.H.Hacınski, M.Ə.Rəsulzadə, Qazı Əhməd bəy Xanbaba, A.Səfikürdski və Ə.C.Pepinovdan başqa Müsəlman Milli Şurası və Seym üzvlərindən M.Y.Cəfərov, F.X.Xoyski, N.Yusifbəyli və X.Xasməmmədov imzalayıb.

Hazırda Türkiyə Cümhuriyyəti Osmanlı Arxivində (BOA.HR.SYS, no. 2398/4, v. 12) saxlanılan bu sənəddən məlum olur ki, yuxarıda adları çəkilən Azərbaycan nümayəndələri Cənubi Qafqazda erməni dövlətinin yaradılmasını Türkiyə, Azərbaycan və Böyük Türk siyasətinin gələcək mənafeyi üçün daha doğru yol hesab ediblər və bu yöndə öz mülahizələrini əsaslandırmağa çalışıblar (4 səhifədən ibarət olan bu müraciətin orijinalı və transkripsiyasını www.63dp.az internet səhifəsindən tanış ola bilərsiniz).

Bütün bu yazışmalardan o qənaətə gəlmək olur ki, M.Ə.Rəsulzadə və silahdaşlarına görə, əgər ermənilərin öz dövləti olmasa onlar müstəqil Azərbaycan daxilində qırğın və terror hadisələri törədəcəklər və bununla da etnik sülhə nail olunmayacaq. Eyni zamanda, Azərbaycana gələcək erməni qaçqınlarının sayını nəzərə alaraq, hakimiyyəti də bölüşdürmək (koalisyon hökumət qurulması) məcburiyyətində qala biləcəklərindən ehtiyat ediblər. Ona görə də onlar Qafqazda erməni dövlətinin yaradılmasını dəstəkləyiblər. Bununla da ermənilərin öz amalına çatacaqları və Azərbaycana qarşı bir daha ərazi iddiası qaldırmayacağı gümanında olublar.

Həmin dövrdə baş verən geosiyasi hadisələri və regiondakı vəziyyəti təhlil etdikdə, aydın məsələdir ki, erməni problemi qaçınılmaz real təhlükə olub. Ancaq burada iki yol olub. Ya müstəqil Azərbaycan daxilində erməni dəstələri ilə mübarizə və ya müstəqil “zərərsiz” Ermənistan dövləti ilə beynəlxalq münaqişə. Bu iki seçim qarşısında cümhuriyyətçilər ikinici yolu seçib. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. M.Ə.Rəsulzadə və silahdaşları erməni dövlətinin yaradılması ilə bağlı Osmanlı rəsmiləri və erməni nümayəndələri ilə müzakirələr apararkən, may ayının 25-də Nuru Paşa öz dəstəsi ilə artıq Gəncədə idi, Qafqaz İslam Ordusu bölmələrinin də Azərbaycana yeridilməsinə sayılı günlər qalırdı.

Maraqlıdır ki, həmin günlərdə Batum konfransında olan Azərbaycan aydınları Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu isə Tələt və Ənvər paşalara müraciət edərək, Batum konfransındakı M.Ə.Rəsulzadə və digər Azərbaycan nümayəndələrindən fərqli mövqe ortaya qoyub, erməni dövlətinin yaradılmasına imkan verilməməsi və müsəlmanların üstünlüyü şəraitində Qafqaz konfederasiyasının yaradılması təklifi ilə çıxış ediblər.

Batum konfransındakı Azərbaycan nümayəndə heyəti erməni dövlətinin yaradılması məsələsinə strateji yanaşaraq Tələt və Ənvər paşalarla eyni mövqedən çıxış etsəydi, bölgədə əsas güc və söz sahibi olan Osmanlı dövlətinin yardımından faydalanaraq Cənubi Qafqaz Seymi süqut edən zaman erməni dövlətinin yaradılmasına ən azından Osmanlı dövlətinin regiondan çıxana qədər imkan verməyə bilərdi.

Ancaq bu o demək də deyil ki, erməni dövləti heç vaxt yaradılmaycaqdı. Osmanlı dövləti Birinci dünya müharibəsində məğlub olduqdan sonra təbii ki, Antanta dövlətləri erməni dövlətini yaradacaqdılar. Lakin bu dövlət İrəvan mərkəz olmaqla deyil, Aleksandropol (Gümrü) və ya digər bir şəhər ətrafında yaradılacaqdı. Onsuz da Antanta dünya müharibəsinin başa çatmasından sonra Osmanlı dövlətinin boşaltdığı Gümrü və digər ətraf əraziləri ermənilərin ixtiyarına verdi. Ermənilər bu ərazilərdə öz dövlətlətini qura bilərdilər. Məsələnin bu cür həlli milli və dövlət maraqlarımız baxımından daha az zərərli olardı.

Çox təəssüflər olsun ki, M.Ə.Rəsulzadə və silahdaşları bu məsələdə uzaqgörən siyasət yeritmədilər. Son 105 ilin tarixi hadisələri də bir daha sübut etdi ki, erməni dövlətinin yaradılmasına dəstək vermək və səy göstərmək yumşaq desək, bağışlanmaz tarixi səhv idi.

İrəvanı erməni daşnaklarına güzəştə gedib, əvəzində onların Azərbaycana qarşı ərazi tələblərindən əl çəkəcəyinə hətta o dövrdə inanmaq olardımı?

Əslində 105 il yox, cəmi 1 gün sonra Erməni Milli Məclisi Ermənistanın müstəqilliyini elan etdiyi bəyannamədə konkret olaraq erməni dövlətinin əhatə etdiyi əraziləri və onun sərhədlərini göstərmədi. Bu ermənilərin İrəvan mərkəz olmaqla yaradılan 9 min kv. km. ərazi ilə kifayətlənmədiyini və növbəti mərhələdə öz sərhədlərini genişləndirmək üçün mübarizəyə başlayacağını göstərirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının müsəlman aləmində ilk respublikanı yaratması və onun qısamüddətli fəaliyyəti onların xalq qarşısında göstərdiyi böyük xidmətdir. Ancaq İrəvanın ermənilərə bağışlanması və İrəvan bölgəsində erməni dövlətinin qurulmasına dəstəyin verilməsi də həmin tarixin qara səhifəsidir. Cümhuriyyət dövrünün müsbət tarixi gerçəklikləri ilə yanaşı, bu qara səhifənin tarixi də gələcək nəsillərin nəticə çıxarması üçün ört-basdır edilməməli, təhrif olunmamalı və olduğu kimi təqdim edilməlidir” , - deyə məqalədə bildirilib.