Aydın Əliyevin qəbulundakı qalmaqal xəbərinə - Rəsmi münasibət

aydin-eliyevin-qebulundaki-qalmaqal-xeberine-
Oxunma sayı: 8440

Bu gün “Qafqazinfo”ya müraciət edərək Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin qəbulunda olduğunu deyən və məhz sədr tərəfindən görüşdən çıxarıldığını bildirən şikayətçi Qurbanxan Dəmirova rəsmi cavab gəlib. Vətəndaşın şikayəti saytda işıqlandırılandan sonra Dövlət Gömrük Komitəsi məsələ ilə bağlı açıqlama yayıb.

DGK Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə qalmaqal yaşandığını bildirən Qurbanxan Dəmirovun şikayəti araşdırılıb və onun müraciətinin əsassız olduğu dəfələrlə ona izah edilib.

DGK-nin açıqlamasını olduğu kimi təqdim edirik:

“Birləşmiş Ərəb Əmirliklərindən vətəndaş Qurbanxan Dəmirovun adına daxil olmuş 10 ədəd televizor mövcud gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə 28 fevral 2015-ci il tarixdə 00800/280215/000528 saylı gömrük mədaxil orderi əsasında gömrük rəsmiləşdirilməsindən keçirilib, gömrük rəsmiləşdirilməsi zamanı televizorlar 1423 manat 19 qəpik gömrük ödənişlərinə cəlb edilib, 3 manat bankın əməliyyat haqqı ilə birlikdə o, cəmi 1426 manat 19 qəpik ödəniş edib.

Qurbanxan Dəmirovun Dövlət Gömrük Komitəsinə daxil olmuş eyni məzmunlu müraciətinin araşdırılması zamanı o, 10 ədəd televizoru öz evi üçün gətirdiyini iddia edərək, televizorların gömrük ödənişlərinə cəlb edilməsindən narazı qaldığını və bu səbəbdən şikayət etdiyini bildirib. Müvafiq qanunvericiliyin tələbinə əsasən iki ədəddən artıq eynicinsli malın kommersiya məqsədi daşıdığının müəyyənləşdirildiyi nəzərə alınsa, bir nəfər tərəfindən 10 ədəd televizorun öz istifadəsi üçün gətirilməsi iddiasının inandırıcı olmadığı, gətirdiyi televizorların şəxsi istifadə deyil, kommersiya xarakteri daşıdığı və kommersiya məqsədi üçün idxal edilən yüklərin gömrük rəsmiləşdirilməsindən keçirilməsinə dair müvafiq qanunvericiliyin tələbləri vətəndaşa izah edilmiş, bildirilib ki, ödədiyi gömrük ödənişləri müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə hesablanmış və gömrük orqanı əməkdaşlarının hərəkətlərində pozuntu halı olmayıb”.

Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub ki, Qurbanxan Dəmirov iddia etdiyi kimi “tapşırıqla bayıra çıxarılmayıb”, özü könüllü surətdə otağı tərk edib.