“Azərbaycan hakimiyyəti qara siyahıdadır”

azerbaycan-hakimiyyeti-qara-siyahidadir-
Oxunma sayı: 655


Məlum olduğu kimi, Vətəndaş və İnkişaf Partiyası (VİP), Azərbaycan Yaşıllar Partiyası (AYP) və Ədalət Partiyası blok yaratmaq istiqamətində danışıqlar aparırlar. Hələlik konkret qərar verilməsə də, üç partiyanın seçkiöncəsi ittifaq yaradacağı gözlənilir. "Reytinq"ə müsahibə verən VİP sədri Əli Əliyevlə söhbətə bu mövzudan başladıq.

- Hazırda sənədlərin hazırlanması ilə məşğuluq. Bizim son görüşümüz siyasi şuraların toplantısı səviyyəsində olub. Həmin görüşdə blokun siyasi perspektivi, həm də seçkidə iştirak məsələsi müzakirə edilib. Çox maraqlı, bir az da çılpaq müzakirəmiz olub, çünki blok təsisatı bizim üçün məsuliyyətli məsələdir və tərəf müqabillərimiz də bu məsələyə məsuliyyətlə yanaşırlar.

Ancaq onu da deyim ki, yaratmaq istədiyimiz blok seçkilərə hədəflənməyib. Hazırda siyasi blok yaradılması nəzərdə tutulur, onu da uzunmüddətli perspektiv üçün formalaşdırmaq niyyətindəyik. İndi fəaliyyətimizə bir qədər ara vermişik, yaxın günlərdə bir daha müzakirələrə qayıdacağıq.

- Hazırda seçki ilidir və bu dövr ərzində bütün addımlar seçkiyə hədəflənmiş olur. Bu mənada qarşıdakı dövrdə seçki ilə bağlı qərar vermək lazım gələcək. Ќecə düşünürsüz, seçkidə iştirak tərəflər arasında problem yaratmaz ki?

- Bizim imzalamağa hazırlaşdığımız sənədlərin içərisində seçkilərdə iştiraka qadağa müddəası yoxdur, əksinə, partiyaların seçkilərə yönəlik sərbəst fəaliyyəti nəzərdə tutulub. Təsis edəcəyimiz qurumun əsas sənədində seçkilər haqqında qərar partiyalar üçün sərbəst saxlanılır. Blokumuz təsis edilərsə, həmin sənəd yaşadığımız seçki ilində bizim sərbəst qərar verməyimizə şərait yaradacaq.

- Hazırda VİP-də Sizin namizəd olmağınızla bağlı qəti qərar var. Bu məsələ tərəfdaşlarınız üçün qəbul oluna bilərmi?

- Partiyamızın seçkilərlə, namizədlə bağlı son rəsmi qərarı mövcud deyil. Lakin ilk dəfədir ki, daxildə seçkilərdə iştirakla əlaqəli ciddi müzakirələr aparılır. Zamanı yetişdikdə qərarımız da olacaq.

O ki qaldı müttəfiqlərimizə, bizim imzaladığımız sənəddə hər üç partiyanın namizəd irəli sürmək hüququ var. Hər bir partiyanın öz liderini namizəd görmək istəyi də təbii qarşılanmalıdır. Fikrimizcə, namizədliklərin irəli sürülməsi hələ seçkilərə qatılmaq deyil. Səsverməyə qədər bir neçə mərhələ var ki, əməkdaşlıq etmək olar.

- Əli bəy, 2010 parlament seçkilərinə qatılsanız da, müsbət nəticəsi olmadı. Ќecə düşünürsüz, 2013 prezident seçkilərində uğur qazanmaq imkanlarınız var?

- Qüvvədə olan qanunvericilik bazası ilə, mövcud siyasi reallıqlar çərçivəsində, əhalinin siyasi proseslərə münasibəti fonunda və xüsusən, müxalifətin pərakəndəliyi şərtləri daxilində prezident seçkiləri hər bir partiya, hər bir namizəd üçün udulması çox çətin görünən proses olacaq. Ona görə də biz, davamlı olaraq, müxalifətin təşkilatlanmasını, ölkədə ikiqütblü siyasi müstəvinin formalaşmasının vacibliyini cəmiyyətə bildiririk. Çünki hakimiyyətin əlində olan maliyyə, administrativ resurslar, həm də digər imkanlar bu seçkilərdə hakimiyyətin tək namizədini bizdən daha şanslı edir. Bu səbəbdən də müxalifət qeyd etdiyim çatışmazlıqları kompensasiya etmək üçün heç olmasa, təşkilatlanma prosesini həyata keçirməlidir, orta statistik seçiciyə müxalifətin vahid ünvanını göstərməlidir. Əks halda, müxalifət, o cümlədən onun bir hissəsi olan VİP, potensial namizəd olaraq, mən, bu seçkilərdə böyük uğura hesablanmış kampaniya apara bilmərik. Hesab edirəm ki, bu qənaət bütün potensial namizədlərdə var. Heç kəs israr edə bilməz ki, ayrı-ayrılıqda hansısa partiyanın şansı daha yüksəkdir. Ona görə də biz, hələlik müxalifətin təşkilatlanmasının, sonrakı mərhələlərdə isə digər işlərin görülməsinin tərəfdarıyıq.

- Deyirsiniz ki, cəmiyyətə müxalifətin vahid ünvanını göstərmək lazımdır. Hazırda buna mane olan nədir?

- Liderlərin iddiaları! Mənə elə gəlir ki, bu işdə ondan başqa maneə yoxdur. Çünki orta statistik vətəndaş da bilir ki, Azərbaycan müxalifəti təşkilatlanmasa və bir neçə namizədlə seçkilərə qatılsa, narazı elektoratın səsi mütləq parçalanacaq. Ona görə də müxalifətin pərakəndəliyi aradan qalxmayana qədər hansısa böyük uğurdan danışmaq cəmiyyəti aldatmaqdan başqa bir şey deyil.

- Siz liderlərin iddialarından danışırsınız, amma konkret ünvan göstərmirsiniz...

- İstənilən vətəndaşdan bu barədə soruşsanız, onlar sizə ayrı-ayrı liderlərin adlarını çəkəcəklər. Kimin adını çəkəcəklərsə, deməli, o, müxalifətin pərakəndəliyinə səbəb olur.

- Ad çəkmək üçün Sizin hansısa çəkinəcəyiniz var?

- Qətiyyən. Heç kəsdən çəkinəcəyimiz yoxdur. 2011-ci ildə biz müxalifətin bir araya gəlməsi ilə bağlı Liberal Partiyası ilə birlikdə Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpası təklifi ilə çıxış etmişdik. Bu təklif üzərində razılıq əldə olunmayandan sonra, daha geniş birlik formatını təklif elədik. 2010-cu ildə parlament seçkilərində 60-dan yuxarı namizədlə iştirak etmiş partiyalara müraciət etmək qərarına gəldik. O vaxt həmin nəticəni göstərmiş digər 6 partiyaya müraciət etdik. Bu partiyalardan ikisinə - AXCP ilə Müsavata tarix üçün yazılı müraciət göndərmişdik. Təəssüflər olsun, o vaxt partiya sədrlərinin əksəriyyəti inqilab eyforiyasının təsiri altında idi və hesab edirdilər ki, ərəb ölkələrindəki inqilablar sürətlə Azərbaycana da sıçrayacaq, guya inqilabın yarım addımlığındayıq. Həmin partiyalar düşünürdülər ki, Azərbaycanda inqilab olacaq və bu inqilabın nəticələrini heç kəslə bölüşmək istəmirdilər. Ancaq indi - 2013-cü ildə namizədlər paradını, mümkün namizədlərin qarşılıqlı rəqabətdə önə çıxmaq cəhdlərini başa düşmürəm. İndiki ağır şəraitdə, siyasi məhbusların gündən-günə artdığı vəziyyətdə, hakimiyyətin özbaşınalığı şəraitində, Rusiyanın və bütün dünyanın Azərbaycana təhdid şərtləri daxilində kim seçkiləri uda bilər, mən onu təsəvvür edə bilmirəm.

- Belə başa düşürəm ki, Sizin fikirləriniz AXCP ilə Müsavata, namizədliyini irəli sürülən İsa Qəmbərə yönəlib...

- Namizədliyini təkcə İsa Qəmbər irəli sürməyib ki... Artıq bu günə qədər bir neçə şəxs namizəd olacağını bəyan edib. Mənim yanaşmam ondan ibarətdir ki, Azərbaycanın siyasi qüvvələri bir araya gəlməli, tamamilə neytral bir insanı - ola bilər ki, hamının qəbul elədiyi siyasətçini vahid namizəd kimi irəli sürməlidir. Bu, daha mümkün olan variant kimi görünür. Hesab edirəm ki, hazırda adı bu məsələdə daha çox süni şəkildə hallanan siyasətçilərdən kimsə müxalifətin vahid namizədi olmaqda təkid etsə, bu, mümkün olmayacaq.

- Müxalifətin durumu bəlli oldu. Bəs hakimiyyətin vəziyyəti necədir?

- Bu il hakimiyyət son 20 ildə özünün ən çətin dövrünü yaşayır. Hakimiyyət 1993-cü ildən indiyə qədər seçki ilinə beynəlxalq şərtlərin bu qədər ağırlaşdığı vəziyyətdə daxil olmayıb. Açığını deyim ki, Rusiyanın mövqeyi nəinki hakimiyyətə, Azərbaycan dövlətinə də təhdid kimi dəyərləndirilir. Belə bir ağır şərtlər daxilində hakimiyyətin durumunu təsəvvür etmək çətin deyil. Bu hakimiyyət Qərb siyasi dairələrinin qara siyahısında çoxdan var idi, amma indi regionda təsirə malik olan digər dövlətlər də vaxtaşırı Azərbaycan hakimiyyəti haqqında sərt mövqe ifadə edirlər.

Son dövrlər İran və Rusiyanın bəyanatları açıq surətdə Azərbaycana təhdid xarakteri daşıyır. Xüsusən Rusiya prezidenti Putinin irəli sürdüyü Avrasiya İttifaqı çərçivəsinə Azərbaycanın zorla sürükləndirilməsi cəhdləri hakimiyyət üçün çox mənfi situasiya yaradır. Azərbaycan hakimiyyətinin üzərində oturduğu kitlərdən biri də onun özünün elan etdiyi balanslı siyasəti idi. Lakin bu siyasəti də artıq əvvəlki kimi problemsiz davam etdirmək mümkün deyil. Hakimiyyət üçün ən ciddi qaydada seçim etmək zamanı gəlib. Mənə elə gəlir ki, seçim zamanı həmin güclər Azərbaycan hakimiyyətinə ciddi təsir göstərəcəklər. Ona görə də Azərbaycan növbəti dönəmdə tamamilə yeni kurs nümayiş etdirməlidir. Bu cəsarətin hakimiyyətin addımlarında hansı formada təzahür edəcəyini isə bir qədər gözləmək lazımdır.

- Martın 11-də Rusiyanın ölkəmizdəki səfirliyi qarşısına təyin etdiyiniz etiraz aksiyası da Kremlin bu basqıları ilə bağlıdır?

- Əslində, ötən ildən başlayaraq, Rusiya Azərbaycan hakimiyyətinin zəifliyindən faydalanaraq, bütün sahələrdə təzyiqlərini gücləndirib. Bu təzyiqlər istər Rusiyanın hakim çevrələri, istərsə də imperiya düşüncəli siyasətçilərin davranışında qabarıq görünür. Məsələn, ötən ilin payızında Bakıda keçirilmiş toplantıda Züqanov və Klimov açıq mətnlə bəyan etdilər ki, Azərbaycan Avrasiya İttifaqına daxil olmalıdır. Bundan başqa, Azərbaycanın MDB-nin Gömrük İttifaqına daxil olmamasından sonra Rusiyanın davranışlarını xatırlayaq: Qəbələ RLS-lə bağlı müqavilə ləğv olundu, "Favorit" raket sistemlərinin Azərbaycana satışı qadağan edildi, düşmən Ermənistanın silahlandırılması intensivləşdirildi, ardınca "Milyarderlər ittifaqı" yaradıldı və onun təmsilçilərinin dilindən Azərbaycana qarşı təhdidlər səsləndirildi, Ramazan Abdulatipov Dağıstana rəhbər gətirildi və s. Bütün bunlar Rusiya hakimiyyətinin Azərbaycanı SSRİ-nin fərqli forması olan Avrasiya İttifaqına sürükləmək niyyətindən qaynaqlanan təzyiqlərdir. Vətəndaş və İnkişaf Partiyası, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizənin iştirakçıları olaraq, dövlətimizlə bu tərzdə davranılmasını qəbul edə bilmərik. Digər tərəfdən, Qərbə inteqrasiyanın qəti tərəfdarları kimi Rusiyanın imperativ çevrələrinin bu təzyiqlərinə cavab verilməsinin zəruriliyinə inanaraq, həmin aksiyanın keçirilməsinə qərar vermişik. Putin başda olmaqla, Rusiya hakimiyyəti dərk etməlidir ki, tarixin geriyə dönüşü yoxdur. Buna cəhd edənlərin özləri tarixə dönəcəklər.