“Postmünaqişə dövründə, əlbəttə, biz bütün bizim iqtisadiyyatla bağlı, ərazilərin bərpası ilə bağlı addımlarımızı ölçüb-biçilmiş şəkildə atmışıq və nəticələr də göz qabağındadır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Prezident bildirib ki, Azərbaycanda postmünaqişə dövrü ilə bağlı bütün planlar yerinə yetirilir:
“Qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha da artıb - həm hörmət, həm maraq. Bu marağı biz böyük investisiya layihələrində görürük. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu.
470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək. Beləliklə, böyük həcmdə təbii qaza qənaət edib öz ixrac imkanlarımızı genişləndirə bilərik.
Eyni zamanda, bu, digər investorlar üçün də hesab edirəm ki, çox önəmli bir məsələdir. Hazırda həm aparılan islahatlar, həm şəffaflıq, həm kadr islahatları nəticəsində, eyni zamanda, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var.
İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib”.
Son xəbərlər
Son Xəbərlər