Azərbaycanda altı sayt bağlandı- - Yenilənib (2)

azerbaycanda-alti-sayt-baglandi-
Oxunma sayı: 12369


 
“Qafqazinfo” xəbər verir ki, martın 1-dən etibarən “Teleqraf Holding” və “ APA Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib. 

Məlumat üçün bildərək ki, artıq bir neçə gündür həmin şirkətlərə daxil olan “Kult.az”, “Tabloid.az”, “İsvestiya.az” və “Kulis.az”, “Ailem.az” , “Avtolent.az” saytlarına giriş dayandırılıb. Sözügedən media holdinglərin daxilində fəaliyyət göstərən bu sahəvi saytların bir çoxu yeni fəaliyyətə başlamışdı. 

Məsələni dəqiqləşdirmək üçün “Qafqazinfo” media rəhbərləri ilə əlaqə saxlayıb. “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, bu gün şirkət bununla bağlı xüsusi açıqlama yayacaq və əlavə şərh verməkdən imtina edib. 

“Teleqraf Holding”in rəhbəri Aynur Camalqızı isə məşğul olduğunu və hazırda danışa bilməyəcəyini bildirib. 

Əldə etdiyimiz digər məlumatlara görə, fəaliyyəti dayandırılan saytlar Holdinglərdəki digər saytlara birləşdiriləcək. 

***
"APA Holding" artıq bağlanan 3 saytı ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Şirkətin Direktorlar Şurasının qərarı ilə holdinqə daxil olan kulis.az, ailem.az və avtolent.az saytlarının fəaliyyəti dayandırılıb.
  
Qərarın verilməsinə səbəb layihələrin biznes baxımından rentabelli hesab olunmamasıdır.
  
Bundan sonra saytların arxivi saxlanmaqla "lent.az"da eyni adlı rubrikalar fəaliyyətini davam etdirəcək.

***

“Gündəlik Teleqraf”ın baş direktoru Aynur Camalqızı publika.az-a bildirib ki, sözügedən media orqanlarının fəaliyyətinə son verilməsi maliyyə problemi ilə bağlı deyil:
 
“Biz işçilərimizi ixtisar etmirik, onlar yenə də bizim digər saytlarda fəaliyyətlərini davam etdirəcəklər. Bu addımımızı hansısa “iqtisadi böhran”la əlaqələndirənlər yanılır. Qərarımızın çox sadə səbəbi var. Bildiyiniz kimi, Kult.az, İzvestiya.az və Tabloid.az sahəvi saytlar idi və əvvəllər Publika.az xəbər portalında həmin mövzularda əməkdaşlarımız uğurlu layihələrlə çıxış edirdilər. Biz həmin bölmələri ayrıca saytlara çevirəndə biznes maraqlarımızı əsas götürmüşdük və reklamlar alacağımıza ümid edirdik. Amma gözləntilərimiz nəticə vermədi və həmin saytların fəaliyyətinə xitam verməli olduq”.
 
A.Camalqızı əlavə edib ki, “Gündəlik Teleqraf”a daxil olan digər saytlar Türkiyə onlayn media modelinə keçməyi məqsədəuyğun sayır:
 
“Digər saytlarımız – Axar.az, Publika.az və Teleqraf.com bundan sonra xəbər portalı kimi fəaliyyət göstərəcək. Bu, reklam şirkətləri ilə daha sıx əməkdaşlıq qurmağımıza hesablanmış addımdır”.