Yola saldığımız 2023-cü ili yaddaşlarımızdan heç vaxt silinməyəcək möhtəşəm hadisələrlə yaşasaq da, ilə ən son damğasını vuran olay erkən Prezident seçkiləri ilə bağlı qərar oldu. Bununla həm də, artıq gündəmi bitmiş və tükənmiş, eyni zamanda da, üç ildən çoxdur ki, ard-arda yaşadığımız möhtəşəm qələbələrdən özünü və sözünü itirən, sözün hər mənasında başı gicəllənməkdə olan bir çox radikallar üçün də ikiaylıq növbədənkənar müzakirə mövzusu tapıldı. Hər bir halda qərar artıq verilib və bundan hər bir tərəf özünün niyyətinə və məqsədlərinə uyğun şəkildə istifadə etmək üçün fəaliyyətə keçib.
Bu tarixi fürsətdən istifadə edib həm seçicilərinin tam rəğbətini, həm də elə seçkinin özünü qazanmaq üçün təbliğat və təşviqat mərhələsini səbirsizliklə gözləyən və eyni zamanda tarixdə ilk dəfə bütöv Azərbaycanın seçkilərini keçirərək onun nəticələri ilə paralel bütövlüyünü dünyaya tanıtdırmaq istəyən də bəllidir. Bəlkə də dövlətimizin tarixində bir də belə həssas dönəmə təsadüf etməyəcək siyasi prosesin iştirakçısı olmaqla yanaşı, seçkilərin nəticələrinə görə ilk ikinci olmağa çalışanlar da məlumdur. Sərəncamın verildiyi 7 dekabr saat 12:00-dan artıq anti-təbliğat və təşviqat prosesinə başlayaraq regionu və ölkəmizi qarışdırmağa fürsət axtaran beynəlxaq möhtəkirlərin yerli nümayəndələri kimi “vəzifə”lərini layiqincə yerinə yetirənlər də özlərini gizlədə bilməyiblər. Bir sözlə, artıq geridə qalan prosedurlar nəticəsində hər kəsin mövqyi və 7 fevral seçkilərində iştirak edəcək namizədlərin şəxsiyyətləri Azərbaycan seçicisinə bəllidir.
Ərazisinin təxminən 70 min kv. km-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında indiyə qədər ümumilikdə 7 Prezident seçkiləri keçirilib. 27 ildən sonra düşmən üzərində tarixi Zəfər çalan, müstəqillik tarixində ilk dəfə ərazi bütövlüyünü təmin edən bütöv Azərbaycan 7 namizədlə 7 fevral Prezident seçkilərinə gedir. Mübariz və güclü xalq olaraq 2020-ci ildə bütövləşərək mübarizə meydanında sıralarımızı qoruyaraq bütövlüyümüzə nail olduğumuz kimi, 7 fevralda seçici qutularından bütöv Azərbaycanın çıxması üçün seçki prosesində də o müqəddəs sıraları tərk etmədiyimizi bütün dünyaya nümayiş etdirəcəyimizə əminik.
Hər bir ölkədə olduğu kimi ölkəmizdə də ən vacib seçkilər hesab olunan Prezident seçkilərinin çox maraqlı tarixçəsi var. 1991-ci ilin 8 sentyabr tarixində hələ müstəqilliyinin bərpasını elan etməzdən öncə Azərbaycan SSRİ-də ilk dəfə Prezident seçkiləri keçirilib. Ölkə tarixində rəqibsiz Prezident seçkilərinin keçirilməsi ilə yadda qalan həmin seçkilərdə Ayaz Mütəllibov rəqibsizliyə 98,5 faizlə qalib gələrək qeyri-müəyyən müddətə Prezident seçilib. Üzərindən bir il keçməmiş, 1992-ci ilin iyununda Əbülfəz Elçibəy də qeyri-müəyyən müddətə, ancaq Azərbaycan tarixində ən az nəticə ilə - 60.9 faiz səslə Prezident seçilib. Ancaq bu seçki də, Prezidenti qeyri-müəyyən müddətə seçsə də, bu dəfə seçkinin nəticələrinin ömrü təxminən bir il oldu. Təsadüfdənmi və ya zərurətdənmi ölkədə konstitusiyanın olmamasını əsas gətirərək əslində heç konstitusiya qəbul etməyə də tələsməyən ilk iki Prezidentin seçildikləri qeyri-müəyyən müddət bir illə məhdudlaşıb.
1993-cü ildə böyük ajiotaj və rezonansla keçirilən seçkilər isə bu günə qədər həm seçici fəallığı, həm də qalib namizədin topladığı səs baxımından ən yüksək faizlə ölkəmizin tarixində qalıb. Belə ki, həmin seçkilərdə səsvermə hüququ olan seçicilərin 97,6 faizi səsvermə məntəqələrinə gedərək səslərinə sahib çıxdılar ki, onların da 98,8 faizi səslərini qalib namizəd Heydər Əliyevə verdilər. Həmin seçkilərdən sonra Azərbaycanda beş dəfə Prezident seçkiləri keçirilib və onların da dördündə hazırki Prezident İlham Əliyev qalib gəlib. Prezident İlham Əliyev ard-arda Azərbaycana ən uzun müddətə rəhbərlik edən şəxs kimi artıq tarixə düşsə də, həm də say baxımından o posta daha çox seçilən şəxsdir. Tam inanırıq ki, Azərbaycanın son uğurlarını, əldə etdiyimiz tarixi qələbələri və bu prosesə ciddi qısqanclıqla yanaşan kənar qüvvələrin yaratmaq istədiyi təhlükəni nəzərə alan Azərbaycan seçicisi son nəfərinə qədər 7 fevral tarixində dövlət və dövlətçiliyimiz üçün taleyüklü siyasi prosesdə ən aktiv formada iştirak edəcək və həm seçici aktivliyi, həm də ən layiqli namizədə daha çox səs verməklə hətta 1993-cü ilin rekordlarını təzələyəcək. Uca Tanrı Azərbaycanı və azərbaycanlıları qorusun!
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov