Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir

Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir
Oxunma sayı: 806

Azərbaycan Respublikasının Prezidenti narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə normativ hüquqi aktları imzalayıb. Dəyişikliklər 3 əsas istiqaməti əhatə edir.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən narkotik vasitələrin və ya psixotrop maddələrin xüsusilə külli miqdarda qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan yeni maddə əlavə edilir və bu əməlin törədilməsinə görə on beş ilədək azadlıqdan məhrumetmə növündə sanksiya müəyyən olunur. Həmçinin satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə məsuliyyət əhəmiyyətli dərəcədə sərtləşdirilir. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi isə yeni ağırlaşdırıcı hal kimi müəyyən edilib. Bundan əlavə, tərkibində narkotik maddələr olan bitkilərin də əldə edilməsi, saxlanılması, daşınması ilə bağlı məsuliyyəti müəyyənləşdirən normalar təkmilləşdirilib, məsuliyyət ağırlaşdırılıb.

 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliyə əsasən, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin erkən, məhkəməyə qədər məhv edilməsi qaydası müəyyən olunub.

“Narkoloji xidmət və nəzarət haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər, həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçiriləcək, həqiqi hərbi xidmət hərbi qulluqçularının isə ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinəsi təmin ediləcək.