Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
Oxunma sayı: 732

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İşçi Qrupu Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərir. İşçi Qrupun həmsədrləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun (SAGİA) Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Bədir əl-Müfqainidir.

Azərbaycan və Səudiyyə Ərəbistanının müvafiq qurumlarının iştirakı ilə keçirilmiş iclasda ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində inkişafına və İşçi Qrupunun ötən müddətdəki fəaliyyətinə dair məlumat verilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İclasın sonunda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi İşçi Qrupun həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SAGİA-nın sədr müavini İbrahim Al-Suavi imzalayıblar.

İşçi Qrupunun iclası çərçivəsində KOBİA nümayəndə heyəti Səudiyyə Ərəbistanının KOB-lara xidmət və dəstək göstərən bir sıra qurumlarında görüşlər keçirib. Səudiyyə İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Kiçik və Orta Müəssisələr Baş İdarəsi, Baş İnvestisiya Qurumu (SAGİA), Ər-Riyad Ticarət və Sənaye Palatası və Dövlət İnvestisiya Fondunun rəhbər heyəti ilə təşkil olunmuş görüşlərdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Görüşlərdə Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən KOBİA-nın fəaliyyətinə, Agentliyin mövcud dəstək mexanizmlərinə və reallaşdırılacaq layihələrə maraq ifadə olunub, əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşlərdə müvafiq olaraq hər iki ölkənin KOB-ları arasında səmərəli və məhsuldar əlaqələrin qurulması məqsədilə təcrübə, informasiya və potensial investisiya layihələri mübadiləsinə, Səudiyyə Ərəbistanın müvafiq qurumlarının KOB İnkişaf Fondunda iştirak imkanlarına, birgə müəssisələrin yaradılmasına, KOB-ların iştirakı ilə qarşılıqlı səfərlərin təşkilinə dair müzakirələr aparılıb.

 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi