Azərbaycanlıya ABŞ-da yüksək vəzifə - İlk dəfə

azerbaycanliya-abs-da-yuksek-vezife
Oxunma sayı: 15169

ABŞ-da yaşayan Qarabağ Fondunun təsisçisi Adil Bağırov Ohayo ştatının Deyton şəhər Təhsil Şurasının rəhbəri seçilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Adil Bağırov hələ 2013-cü ildə Amerikanın ən önəmli dövlət vəzifələrindən hesab edilən Təhsil Şurasının yeddi üzvündən biri seçilmişdi. Bununla da, Birləşmiş Ştatlarda rəsmi vəzifəyə seçilən ilk Amerika azərbaycanlısı adını almışdı.

Deyton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcənin istifadə edilməsi və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət etmək kimi səlahiyyəti var.

Qeyd edək ki, Adil Bağırovun atası Toğrul Bağırov Moskva Beynəlxalq Neft-Qaz Klubunun icraçı vitse-prezidentidir. Güclü əlaqələrə və siyasi təsir imkanlarına malik Bağırov hələ 1994-cü ildə Rusiyanın yanacaq və energetika nazirinin xüsusi müşaviri, "Qazprom”, "LUKoil”, "Transneft”, "Tatneft”in və digər enerji şirkətlərinin məsləhətçisi işləyib. O, 90-cı illərin ortalarında "Əsrin müqaviləsi” razılaşdırılanda Rusiyanın enerji maraqlarının təminatı üçün vasitəçilik edən əsas fiqurlardan biri olub. "LUKoil”un bu müqavilədən 10 faiz pay alması və Rusiyanın Azərbaycan neftinin Bakı-Tiflis-Ceyhan marşrutu ilə nəqlinə razılıq verməsi onun xidmətləri hesab olunur.

Fransa Prezidenti Fransua Ollandın Moskvaya rəsmi səfəri çərçivəsində Fransa səfirinin iqamətgahında Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji problemləri üzrə baş eksperti olan Toğrul Bağırov "Fəxri legion" ordeni ilə təltif edib.

1978-ci il təvəllüdlü Adil Bağırov Vaşinqtonda qeyri-adi toyu ilə səs-küy salmışdı. 2013-cü ilin aprel ayında türk əsilli Sevin Elekdağ ilə ailə quran cütlüyün toy mərasimində Amerika, eləcə də Azərbaycan və Türkiyədən nüfuzlu qonaqlar iştirak etmişdilər. Hətta ABŞ Konqresinin sabiq spikeri Bob Livinqstonun ləzginka rəqsini oynaması hər kəsi təəccübləndirmişdi. Həmyerlimiz hazırda iki uşaq atasıdır.