““Azovstal”da Ukrayna qüvvələrinə hücum etdik” - Rusiya MN

azovstalda-ukrayna-quvvelerine-hucum-etdik
Oxunma sayı: 4043

Rusiya Müdafiə Nazirliyi Mariupoldakı Azovstal zavodunda təxliyələr nəticəsində həyata keçirilən atəşkəs rejimini pozan Ukrayna qüvvələrinə hücuma keçdiklərini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Vadim Astafyev açıqlamasında fabrik ərazisində olan Ukrayna ordusu və Azov batalyonunun üzvlərinin mülki əhalinin təxliyəsi üçün atəşkəsin tətbiq olunduğu səssizliyi pozduğunu bildirib.

 “Onlar fabrik sahəsinin zirzəmilərindən çıxıb, tarlada və zavod binalarında atəş mövqelərini tutublar. Rusiya ordusu və (qondarma) Donetsk Xalq Respublikası qoşunları haubitsa və təyyarələrdən istifadə edərək bu atəş mövqelərini məhv etməyə başlayıblar”, - deyə Astafyev əlavə edib.

Qeyd edək ki, ötən həftəsonu Rusiya ordusu Azovstal fabrikindən mülki şəxslərin təxliyəsi üçün atəşkəs rejimi elan edib, qarşıdurmaları dayandırıb və mülki şəxslərin oranı tərk etməsi üçün təxliyə dəhlizi yaradıb. Təxliyə əməliyyatında Birləşmiş Millətlər Təşkilatının (BMT) və Beynəlxalq Qızıl Xaç Təşkilatının üzvləri də iştirak edib və 100-dən çox mülki şəxs fabrikdən çıxarılaraq təhlükəsiz yerlərə aparılıb.