“Bu ağ-qara şəkildəki balaca dostlarımın gözləri dolub…” – Kədər

-bu-ag-qara-sekildeki-balaca-dostlarimin-gozleri-dolub-keder-
Oxunma sayı: 1092




Mən ayrılıqların dostuyam, arkadaş...
Sən sevən ürəyinlə mənimlə üz-üzə, göz-gözə
oturma...
Sən də içkiyə qurşanarsan,
özünü
... tərki-dünya olunmuş sanarsan...
Mənim kimi bir qədəh içkidə
boğularsan,
ya da bir siqaret atəşində yanarsan,
yanarsan...

Anama

Ay ana, bir mənə yaxın otur sən,
Dizimin dibindən ayrılma bir an.
Ay ana, mən yaman qorxuram axı
Səni aparacaq o əzrayıldan…

Bir az uzaq dayan, ölümdən uzaq,
Hələ yaşlı görmə sən gözlərimi.
Sən məni tərk edib gedəndən sonra
Mən də qucaqlaram bu dizlərimi…

Ay ana, uzaq dur ölümdən, nolar?!
Dərdini mən çəkim, nazımı da sən.
Sən çıxma o yola, nolar, mən çıxım,
Mələk tək mən gedim çiyinlərində…

Elegiya

Tural üçün


Nə tez o məzara tələsdin, nə tez?
Sən ki bu dünyaya sığan deyildin.
Gözümdə yaş olub elə axırsan.
... İndi qara daşdan boylanan Tural
Bəs o dar məzara necə sığırsan?

Ağarar dünyatək ananın saçı,
Bükülər həsrətdən beli, ay Tural.
Quruyar bulaqtək gözündə yaşı.
Toxunmaz əlinə əli, ay Tural.

Yaman ağır imiş qardaş itkisi,
Dərdini çəkməkdən dərdim qocaldı.
Yaman ağır imiş oğul itkisi,
Atanın, ananın yurdu qocaldı...

Şəklini bir qara daşda görəndə
Ağlaram, gözümdə quruyar yaşım.
Ayrıla bilmirəm o qara daşdan,
Mənim daşa dönən körpə qardaşım.

***

Tənhayam...
Görmürəm indi açdığım təzə wordu...
Elə bil ki dağılıb
dünyanin ata yurdu,
qırılıb nəsli, köku...
... Dəyməyin həyatımın replayinə,
mən ölmək istəyirəm...
Çalınır uzaqlarda heyatimin soundtraki...
Öləydim belə kaş ki...
Yalançi sevgilər,
ayrılıq oldu mənə qənim,
Bu qara dünyada
ağ word açdım-
olsun kəfənim...
***

Mən, sən, Torqovı…

(Sevinc üçün)


Mən, sən, Torqovı,
Yenə olaq üçümüz...
Bir az mağazaları gəzək,
Gözlərimiz bayram eləsin,
sonra baxa-baxa qalsın
ala bilmədiyimiz paltarlara...
Bir az da kədərə bürünsün gözlərimiz.
Tanrı taleyimiz kimi
gözlərimizə də sevinci
şişin burnunda verir...
Mən, sən, Torqovı,
yenə olaq üçümüz...
Bir az da vaxt itirək
türk kafelərində biz...
Ürəyimizdə cibimizi sayaq,
son qəpiyimizi də burda qoyaq...
Vitrinlərin önündən
şütüyüb keçək Zaman kimi...
Qan ağlasın içimiz...
Mən, sən, Torqovı,
yenə olaq üçümüz...



***
Həyat adlı o cəllad
Kəsməsəydi yollarımı…
Mən ölümün boynuna
Dolayardım qollarımı…

***
Bu ağ-qara şəkildəki
balaca dostlarımın gözləri dolub…
Bir az da baxsam
boynuna sarılacaqlar xatirələrimin…