“Ruhum Qarabağlıdır” filmi təqdim olundu

-ruhum-qarabaglidir-filmi-teqdim-olundu
Oxunma sayı: 747

“Qafqazinfo”nun məlumatına görə, film millət vəkili Qənirə Paşayevanın eyni adlı şerlər silsiləsi əsasında hazırlanıb və hər bir məcburi köçkünün, öz yurd-yuvasından zorla didərgin salınmış insanların ürəyində bəslədikləri, lakin dolğun ifadə edə bilmədikləri, hər gün, hər an yaşadıqları hissləri təfsilatı ilə əks etdirməsi baxımından təqdirəlayiqdir.

Film hər bir xocavəndlinin doğma torpağa qayıtmaq əzmini əks etdirdiyi, onların qəlbindən keçənlərin filmdə dolğun şəkildə ifadə olunması baxımından bütün xocavəndlilərin təqdimatında efirə verilib. Təsadufi deyil ki, əslən Xocavənd rayonundan olan tanınmış jurnalist və publisist Bəxtiyar Qaracanın ssenari müəllifi olduğu filmin süjet xətti də Xocavəndli məcburi köçkün, şəhid atası Ağamirzə Həsənovun düşüncələri üzərində qurulub. Belə ki, ömrünün ixtiyar çağında məcburi köçkünük həyatı yaşamaq məcburiyyəti ilə barışmaq zorunda qalan el ağsaqqalının gözləri qarşısından Qarabağın, Şuşanın bəxtəvər günləri, cəh-cəlallı anları bir-bir gəlib keçir. Lakin bütün bunların fonunda onun gözlərindən sezilən doğma yurd həsrəti, torpaq nisgili tam aydınlığı ilə tamaşaçıya çatdırılır.

Qarabağın, Şuşanın şeytan xislətli, iblis niyyətli düşmənlərimizin təcavüzü nəticəsində dağıdılaraq viran edilməsi, gündəlik qayğılarla əhatələnən bəxtəvər günlərinin ağır və məşəqqətli köçkünlük həyatı ilə əvəzlənməsinin insan həyatında necə dərin izlər buraxması, xalqımıza qarşı törədilmiş soyqırımı və qətiliamlar son dərəcə təsirli kadrların, görüntülərin, eyni zamanda Qənirə Paşayevanın təsirli şerləri vasitəsi ilə canlandırılıb.

Filmin bütün çəkilişləri Dağlıq Qarabağda Xocavənd rayonunun “Nərgiztəpə” ərazisində və Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində aparılmışdır. Flmdəki rolları ifa etmək üçün peşəkar aktyorlar dəvət olunmayıb, yalnız rayon sakinlərinin istedad və bacarıqlarından istifadə olunmuşdur ki, bu da özlüyündə filmə xüsusi məna və məzmun qazandırmış, onun sənədli film xarakterinə daha bir çalar qatıb.

Filmin 5 may 2012-ci ildə geniş təqdimatı keçirilib.

Təqdimatda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa şəhər İH başçısı Bayram Səfərov, Xocavənd rayon İH başçısı Eyvaz Hüseynov, millət vəkilləri Bəxtiyar Sadıqov, Flora Qasımova, Çingiz Qənizadə, Elman Məmmədov, Astan Şahverdiyev və başqaları çıxış ediblər.