“Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü keçirildi - Video

baki-prosesi-beynelxalq-isci-qrupunun-virtual-gorusu-kecirildi
Oxunma sayı: 910

Aprelin 23-də beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri və tanınmış ekspertlərin iştirakı ilə “Bakı Prosesi” beynəlxalq işçi qrupunun virtual görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki,  Ə. Qarayev, BMT baş katibinin ali nümayəndəsi, İCESKO-nun baş direktoru, UNESKO və digər qurumların nümayəndələrinin iştirak etdiyi virtual görüş Mədəniyyət Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.

Virtual görüş COVİD-19 pandemiyası ilə əlaqədar hazırkı böhranın insanlar və mədəniyyətlər arasındakı münasibətlərə təsirlərini müzakirə etmək, bu şəraitdə effektiv dövlətlərarası və mədəniyyətlərarası əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilib.

Görüşü açan Əbülfəs Qarayev qeyd edib ki, prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü ötən müddətdə qlobal mahiyyət qazanıb. 2011-ci ildən etibarən (iki ildə bir olmaqla) “Bakı Prosesi” çərçivəsində beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib.

Azərbaycan paytaxtı 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib.

Nazir bildirib ki, BMT tərəfindən “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əsas qlobal platforma elan edilib.

Panelin digər iştirakçıları tərəfindən mövcud vəziyyətlə əlaqədar maraqlı təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkələr arasında keçmişdə qurulmuş mədəni əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb. Sonda virtual görüşün müzakirəsinin xüsusi hesabatının hazırlanması və gələcək əməkdaşlıqla bağlı yeni yol xəritəsinin təqdim edilməsi qərara alınıb.

Görüşün nəticələri barədə ətraflı hesabat yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.