Bakı və Sumqayıtda yayılan kəpənəklər təhlükəlidir? - Foto

baki-ve-sumqayitda-yayilan-kepenekler-tehlukelidir
Oxunma sayı: 16298

Artıq bir neçə gündür Bakı, Abşeron və Sumqayıt şəhəri ərazisində kiçik qəhvəyi kəpənəklər müşahidə olunur. Bu həşəratların kütləvi axını sakinlərin narahatlığına səbəb olub.

Onların hansı səbəbdən meydana çıxdığı, həyətyanı təsərrüfatlara nə kimi ziyan vura biləcəyi və nə vaxt azalacağı sual doğurur. 

“Qafqazinfo” məsələ ilə bağlı AMEA-nın Zoologiya İnstitutu ilə əlaqə saxlayıb. İnstitutun aparıcı elmi işçisi İradə Nuriyeva belə halların bir neçə ildən bir baş verdiyini, həşəratların kütləvi çoxalması ilə əlaqəli olduğunu bildirib: “Bu kəpənəklər “çayır kəpənəkləri” adlanır. Hazırda yayılmasının səbəbləri onların inkişaf dövrləri ilə əlaqədardır. 10-12 ildən bir bu kəpənəklər kütləvi şəkildə çoxalırlar. Görünür bu il də həmin dövrə təsadüf edir və bu şəkildə üzə çıxıblar. Havaların son bir neçə gündə küləkli keçməsi də onların geniş ərazidə yayılmasına səbəb olub. Kəpənəklər indi mayalanırlar, yumurta qoyacaqlar. Onların yaşaması isə çox çəkmir, yetkin fərdin həyatı 4-20 gün davam edir”.

İ. Nuriyeva həmçinin bildirib ki, bu kəpənəklərin təsərrüfat üçün heç bir təhlükəsi yoxdur. Belə ki, əsas ziyan verən kəpənəyin tırtılıdır. Tırtılın əmələ gəlməsi isə yaz aylarında olacaq: "Tırtıl mərhələsi 10-30 gün çəkir. Bu mərhələdə 200-dən artıq bitkiyə, o cümlədən, şəkər çuğunduru, çoxillik paxlalı bitkilər, günəbaxan, arpa, buğda, kartof və digər tərəvəz və alaq bitkilərinə ziyan vura bilirlər".

Gülnar Əliyeva