Bakıda 10 ölkənin nümayəndələri dəniz nəqliyyatı ilə bağlı konfransda bir araya gəldi - Fotolar

bakida-10-olkenin-numayendeleri-deniz-neqliyyati-ile-bagli-konfransda-bir-araya-geldi
Oxunma sayı: 1912

Bu gün Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin təşkilatçılığı ilə “Dəniz Nəqliyyatı sahəsində İnsan Resurları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans” baş tutub.

“Qafqazinfo” xəbər verir ki, konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan daxil olmaqla 20-yə yaxın dövlət qurumu və ümumilikdə Xəzər, Aralıq dənizi və Qara Dəniz sahili ətrafı 10 ölkədən nümayəndələr iştirak edib.

Konfransda “United Alliance Group LTD” şirkətinin direktoru Asif Mehtiyev açılış nitqi ilə çıxış edərək konfransın məqsədi, dəniz sektoru üçün önəmi və dəniz nəqliyyatı sahəsində heyət idarəçiliyi və təhlükəsizliyi barədə ümumi məlumat verib.

Konfransın keçirilməsində əsas məqsəd Xəzər, Aralıq və Qara dəniz regionlarının gəmiçilik sektorunda fəaliyyət göstərən gəmi sahiblərini, dənizçilik üzrə insan resursları və gəmiçilik şirkətlərinin nümayəndələrini bir araya gətirərək gəmidə insan faktorunun əsas amil kimi önəmini diqqətə çatdırmaq, dənizçilik üzrə heyət idarəçiliyi, dəniz təhlükəsizliyində insan resurslarının idarə edilməsi barədə bilik və təcrübələrin bölüşdürülməsi, eləcə də tədbirdə iştirak edən xarici gəmiçilik şirkətləri ilə əməkdaşlığı artıraraq dənizçilərin beynəlxalq sularda iş imkanlarının və yeni iş yerlərinin yaradılmasında dəstək göstərmək olub.

Tədbir zamanı Beynəlxalq Dəniz Təşkilatının (IMO), Dünya Dəniz Universitetindən professorların, Türkiyə Dənizçilik Baş İdarəsinin və böyük gəmiçilik şirkətlərinin nümayəndələri, eləcə də digər iştirakçılar tərəfindən dəniz təhlükəsizliyi, gəmidə insan faktoru, dekarbonizasiya və kibertəhlükəsizlik, Dənizçilik İnstitutu - Dəniz Sektorunda Aparıcı Peşəkar İnkişaf, ətraf mühitin mühafizəsinin qorunması üzrə müasir texnologiyaların gəmilərdə tətbiqi mövzusunda
təqdimatlar edilib.

Tədbirdə çıxış edən Beynəlxalq Dəniz Təşkilatının (IMO) texniki əməkdaşlıq şöbəsinin keçmiş rəhbəri Juvenal Şindu dənizçilik sahəsində gender məsələləri, qadınların çalışması ilə bağlı məsələyə toxunub: “Araşdırmalar göstərir ki, bu sektorda qadınlar daha çox kruiz sahəsində çalışırlar. Şirkət rəhbərliyində qadınların təmsilçiliyi təxminən 20 faizdir. İllər ərzində qadınlar bu sahədə irəliləyirlər, amma bu sahədə çalışan xanımların sayı 2 faizi keçmir”.

Dünya Dəniz Universitetinin professoru Dimitrios Dalaklis isə çıxışında dəniz industriyasında rəqəmsallaşdırma mövzusuna toxunub. Hazırda bu sahədə avtomatlaşdırma və rəqəmsallaşdırmaya böyük önəm verildiyini deyib. O, dənizçilik sahəsinin illərlə dəyişikliklərə məruz qaldığını, yeni bacarıqların ortaya çıxdığını və gələcəkdə smart limanların olacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəisi Rüstəm Ağayev bildirib ki, ASKO bir sıra beynəlxalq tələblərə cavab verir. Əsas məqsədimiz hamar və fasiləsiz beynəlxalq daşımalar axınının təmin olunmasıdır: “Biz etibarlı tərəfdaş kimi təhlükəsiz əməliyyatlar həyata keçiririk. 165 gün dənizdə fəaliyyət göstəririk. 244 gəmimiz var, onlar 15 hövzədə fəaliyyət göstərir. Həmçinin bizim yükdaşıma liman infrastrukturumuz var. 2019-cu ildə ilk yerli istehsal olan “Laçın”, daha sonra “Kəlbəcər” tankerlərini təhvil vermişik”.

R.Ağayev, həmçinin ümumi akademiya, ASCO-nun fəaliyyət sahəsi və ilk tanker muzeyi olan “Suraxanı” barədə məlumat verib.

Sonda beynəlxalq ekspertlərin iştirakı ilə panel sessiyalar və müzakirələr keçirilib.