Bakıda evlərin qiyməti yarıbayarı ucuzlaşacaq - Fotolar

bakida-evlerin-qiymeti-yaribayari-ucuzlasacaq
Oxunma sayı: 15149

Xəbər verdiyimiz kimi, dünən Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tikinti şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşdə yaxın zamanlarda bu sahədəki neqativ halların tam aradan qaldırılacağını bildirib. Nəzərdə tutulan tədbirlərdən sonra əhalinin tikintidən yararlanması üçün əlverişli şəraitin yaradılacağı gözlənilir. Belə ki, Bakıda mənzillərin qiymətlərinin yarıbayarı aşağı düşəcəyi haqda xəbərlər yayılmaqdadır. Hətta Bakının müxtəlif əraziləri üzrə tikintilərin kvadratmetrinin hansı qiymətlə satılacağının müəyyən edildiyi də bildirilir.

“Qafqazinfo”nun əməkdaşları əmlak satışındakı hazırkı vəziyyəti öyrənmək üçün Nərimanov rayonunda bir neçə alqı-satqı məntəqəsinə baş çəkib.

Nazirin dünənki çıxışına qulaq asdıqlarını bildirən maklerlər əhalinin alıcılıq qabiliyyətini artırmaq üçün irəli sürülən addımları müsbət qiymətləndiriblər. Onların bəziləri hazırda qiymətlərdə azalma müşahidə olunduğunu qeyd ediblər. Amma yaxın vaxtlarda qiymətlərin artacağını proqnozlaşdıranlar da var.

Uzun illərdir ki, ev alqı-satqısı ilə məşğul olan Rövşən adlı makler əmlak qiymətlərinin bir az da qalxma ehtimalının olduğunu düşünür: “Kəmaləddin Heydərovun çıxışına qulaq asmışam. Həmin vurğulanan məqamlar həyata keçirilsə, çox yaxşı olar. Çünki, bu sahədə neqativ hallar həddindən artıq çoxdur və bu qiymətlərin bahalaşmasına səbəb olur. Azı 14 qurumdan gəlib pul istəyirlər, vətəndaş da məcburi şəkildə qiyməti qaldırır. Böyük maştablı tikintilər başlayıb, özləri həmin qiymətə satandan sonra əmlak sahibləri də məcbur olub qiyməti aşağı salacaq. Bu da hələ bir-iki ilə özünü göstərə bilər. Hazırda bizə hər hansı bir müəyyən olunmuş qiymət siyahısı verilməyib. Qiymətləri bazar müəyyənləşdirir. Fərdi qaydada kim necə istəyir, evini o qiymətə satır. Əvvəlki qiymətlərə görə hər hansı bir azalma yoxdur. 5-10% dəyişiklik var, o da devalvasiyadan qiyməti dollarla elan edənlərdə olub”.

Makler onu da bildirib ki, bir-iki ay əvvəl ev alqı-satqısı sıfır idi, indi bir qədər yaxşılaşıb, sıfırın üstündədir.

İsa Rəhimli isə həmkarından fərqli olaraq evlərin qiymətində ucuzlaşma olduğunu və bu ilin sonuna kimi yarıbayarı enəcəyini güman edir. Onun fikrincə, bu proses bazar qiymətlərinə görə müəyyən olunacaq, hər hansı bir inzibati tədbirlərin prosesə aidiyyatı yoxdur:

“İki il əvvəl 70 minə olan evin qiyməti hazırda 50 min manatdır. Haradasa evlərin qiymətində 20-30% azalma var. Dollar nisbətində isə 2-3 dəfədən də çox düşüb. Hələ ilin sonuna kimi yarı qiymətinə kimi düşmə ehtimalı var.

Çünki Nərmanov rayon ərazisində 1998-2003-cü illərdə “xruşovka” 1 otaqlı evin qiyməti 7-8 min dollar idi. İki otaqlılar 11-12 min, üçotaqlılar isə 15-16 min arasında idi. Bu qiymətləri şişirdib qaldırdılar, indi bizim valyuta ilə birotaqlılar 45-50 min, ikiotaqlılar 60-75 min, üçotaqlılar isə 80-100 min aralığında təklif olunur. İlin sonuna kimi bu qiymətlərin əvvəlki vəziyyətə qayıdacağını düşünürəm. Çünki, “xruşovka”ların qiyməti elə odur. Alıcı qüvvəsi olmadığı üçün yeni tikililərin də qiymətinin düşmə ehtimalı böyükdür. Qazsız binanı isə ümumiyyətlə, alan yoxdur”.

Baş çəkdiyimiz digər alqı-satqı ofislərində də fikirlər təqribən eyni oldu. Maklerlər qiymətlərin aşağı enməsi üçün tikinti sektorunda güclü nəzarətin yaradılmasınının vacibliyini vurğulayıblar.

Günel Hacı
Fotolar Nuran