Bu gün İmişli rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilatları rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Dəyirmi masada Xocalı faciəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğu qeyd olunub. Xocalı faciəsinə ilk siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyi və onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevralın Xocalı soyqırımı günü elan edildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Xocalı qurbanlarının əziz xatirəsi hər il ölkəmizdə dərin ehtiramla yad olunur, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Həmçinin qeyd olunub ki, 2020-ci il Vətən müharibəsindən və 2023-cü il bir günlük antiterror əməliyyatından sonra yaranmış yeni reallıqlar Xocalıya qayıdış üçün şərait yaradıb.
Qeyd edilib ki, artıq işğaldan azad olunmuş bütün ərazilərlə yanaşı Xocalı rayonunda da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq geniş bərpa-quruculuq prosesləri heyata keçirilir. Böyük Qayıdış proqramının icrasına uyğun olaraq 600-ə yaxın ailənin Xocalı şəhərinə və rayonun Ballıca kəndinə, eləcə də bir neçə gün əvvəl 38 ailənin Xanabad kəndinə öz əzəli torpaqlarına geri qayıtdığı diqqətə çatdırılıb. Əldə olunan tarixi Qələbənin milli birliyimizin, güclü siyasi iradənin və ordumuzun rəşadətinin bariz nümunəsi olduğu vurğulanıb.









Son xəbərlər
Son Xəbərlər