Bakıda güclü yanğın - Video - Yenilənib

bakida-guclu-yangin
Oxunma sayı: 13567

Bakının Suraxanı rayonu istiqamətində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yanğından sonra yayılan qatı tüstü paytaxtın, demək olar, bütün ərazilərindən görünür.

İlkin məlumata görə, ərazidəki yanğın neft çənindən başlayıb.

***

FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Suraxanı rayonu ərazisində baş verən yanğınla bağlı ETSN-in əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır. Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.

***

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30.08.2024-cü il tarixində saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.