Səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza zamanı nəqliyyat işıqforu və idarəetmə qutusu sıradan çıxıb. Bu səbəbdən kəsişmədə olan digər işıqforlar hazırda qeyri-işlək vəziyyətdədir. Yeni işıqforun və idarəetmə qutusunun quraşdırılması üçün tədbirlərə başlanılıb. İşlər başa çatana qədər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi səyyar işıqfor vasitəsilə təmin ediləcək.
İşıqforun yararsız hala düşməsi ilə nəticələnən digər bir qəza isə Sabunçu rayonu, Zabrat-Maştağa yolunda qeydə alınıb. “Toyota Prius” markalı avtomobil yolun sağındakı işıqforu vurub sındrdıqdan sonra öndəki dayanacağa çırpılıb. Bu zaman dayanacaqda olan vətəndaş son anda ölümdən qurtulub.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu yolda səyyar işıqfor işləyir.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hərəkət iştirakçılarına müraciət edərək bildirib ki, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman onlar “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsində qeyd olunanları əsas götürərək yollarına davam etməlidirlər.
Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol hərəkəti iştirakçılarının rahat hərəkəti üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Son xəbərlər
Son Xəbərlər