Bakıda “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçirilir - Video+Fotolar

bakida-medeniyyet-ve-yaradici-senayeler-forumu-kecirilir
Oxunma sayı: 1635

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” keçirilir. Layihə dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar təşkil olunur. Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

“Qafqazinfo” xəbər verir ki, zəngin proqramı olan “Yaradıcı həftə” çərçivəsində 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçirilir.

Forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunur.

Noyabrın 28-də forumun açılış mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, müvafiq qurumların nümayəndələri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilən Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO–2023) ilə tanış olublar. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq bildirib ki, yaradıcı sənayelər mədəniyyətin vacib sahələrindən biridir və dövlət tərəfdən bu sahəyə xüsusi yanaşma mövcuddur. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəniyyət və yaradıcı sənayelərə xüsusi yer ayrılıb. Bu, dövlətin mədəniyyət və yaradıcı sənaye sahəsinə nə dərəcədə önəm verdiyinin göstəricisidir: “Düşünürük ki, forumun bu kontekstə böyük əhəmiyyəti olacaq. Forum müddətində Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi də təşkil olunur. Məqsəd mədəniyyət və yaradıcı sənayelərin əhatə etdiyi sahələri əyani şəkildə göstərməkdir”.

Diqqətə çatdırılıb ki, forumda 7 paneli əhatə edən müzakirələr olacaq, 3 dəyirmi masa keçiriləcək. Həmçinin həftə çərçivəsində “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi təşkil ediləcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki,  Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi nəzərdə tutulur.

Çıxışlardan sonra forum işini panel sessiyalarla davam etdirib.