Bakıda tikilən 16 metrlik hasar nəyə xidmət edəcək? - Video

bakida-tikilen-16-metrlik-hasar-neye-xidmet-edecek
Oxunma sayı: 7398

“Axşam saat 11 olardı, evdə oturmuşduq. Bir də bayırdan gurultulu səs eşitdik. Qapıya çıxdıq ki, evin divarının biri aşıb. İndi digər divarları da ağacla dəstək verib saxlamışıq. Başımıza bu gün uçar, ya sabah deyə gözləyirik”.

Bu sözləri Xətai rayonu, Nazim Şükürov küçəsi 1/20 ünvanında yaşayan Ruslan adlı sakin deyir. O bildirir ki, “Ağ şəhər” layihəsi ilə əlaqədar olaraq evinin yaxınlığından hasar çəkilir. Tikinti işləri zamanı ağır texnikadan istifadə olunduğu üçün hazırda evi qəzalı vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyindən ona verilmiş rəsmi məktubda yazılıb:

“Aparılan tikinti işləri nəticəsində sizin bu divar uçub, yaranmış vəziyyətlə əlaqədar təhlükəli anlar yaşanır. FHN tərəfindən Xətai rayon İcra Hakimiyyətinə təxirəsalınmaz işlər görülməsi üçün məlumat verilib”.

Tikinti nəticəsində özünün və oğlunun evi qəzalı vəziyyətə düşən digər bir sakin İmamət Kərimovun sözlərinə görə, 16 metr yüksəkliyindəki hasar bataqlıq üstündə tikilib və hər an onların evinin üstünə aşma ehtimalı var:

“Hasarın çəkilmə məqsədini də bilmirik. Bir ildən çoxdur ki, biz deyirik ehtiyatlı olun, evlər uçacaq, ancaq bizi dinləyən yoxdur. İnşaat gedən zaman evlər silkələnirdi. Bir dəfə torpaq uçdu, mən elə bildim zəlzələdir. Uşaqları götürüb qaçdım. Çəkilən hasarla evlərin arxasında heç 4-5 metr məsafə yoxdur. Evimin arxasında torpaq var idi. Hasar çəkildiyi ərəfədə torpaq evimin üstünə uçacaq deyə, o torpağı daşıtdım. “Prorab” gəlib ekskavatorun sürücüsü ilə dalaşıb ki, torpaq çıxardıldığı üçün hasarın uçma təhlükəsi var. Deməli, bu adam çəkdiyi hasara ümidli deyil. Bəs sabah həmin hasar mənim evimin üstünə aşsa necə olacaq? 

Divarın beton hissəsi 7,8 metrdir, daha sonra 8 metr yüksəkliyində daş hasar hörüləcək. Onun üstündən də 30 sm kəmər töküləcək. Bu minvalla da 16 m 10 sm yüksəkliyə qalxır. Özü də bataqlığın üstünə beton töküblər.

Çox şey istəmirəm, bizim təhlükəsizliyimizə təminat verən bir idarə tapılsın. Nə icra təminat verir, nə FHN, nə də ki başqa bir qurum. İcradan göndərirlər, “Ağ Şəhər”in üstünə, “Ağ şəhər” də göndərir icranın üstünə. Deyirik evlərimiz dağılır, deyirlər: “söküb bir də tikin”. Hələ biri də deyir ki, bir torba sement bəsimizdi.

Burada yaşayanların çoxu Qarabağda canını qoymuş adamlardır. İndi bu qoca yaşımda istəyirəm, bir az rahatlıq üzü görüm, o da ki belə...”

Sözügedən ərazidən hazırlanmış videomaterialı təqdim edirik:

Günel Hacı

Nuran Məmmədov