Baş Prokurorluqdan Nərminlə bağlı xəbərlərə görə sayta - Xəbərdarlıq+Yenilənib

bas-prokurorluqdan-nerminle-bagli-xeberlere-gore-sayta
Oxunma sayı: 6446

Baş Prokurorluq “oxu24.com” saytına xəbərdarlıq edib. Prokurorluqdan “Qafqazinfo”ya daxil olan məlumatda deyilir:

“Baş Prokurorluqda aparılmış araşdırmalarla “oxu24.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilməklə ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar saytın təsisçisi və baş direktoru Mircəlal Məcidov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”.

***

Saytın təsisçisi  dəqiqləşdirilməmiş  məlumatı  saytda  yayımladığına  görə, iki əməkdaşı  tutduğu  vəzifədən  azad  edib  və  gələcəkdə  bu  kimi  nöqsanlara  yol  verməmələri  barədə  sayt  əməkdaşlarına  ciddi xəbərdarlıq edib.

Sayt rəhbərliyi, həmçinin, güc stukturu  rəhbərliyindən  və  oxuculardan  üzr  istəyib.