Bərdə terrorunda ayağı kəsilən şəxs hələ də əlillik təyinatından narazıdır

berde-terrorunda-ayagi-kesilen-sexs-hele-de-elillik-teyinatindan-narazidir
Oxunma sayı: 1644

Ötən ilin oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini bombalaması nəticəsində zərər çəkən 37 yaşlı Bərdə sakini Şirinov Elçin Həvəskar oğlu ona təyin edilən əlillik dərəcəsindən hələ də narazıdır.

Bu barədə “Qafqazinfo”ya növbəti dəfə müraciət edən E. Şirinov qeyd edib ki, raket zərbəsindən onun bütün orqanları zədələnib, mədəsinin yarısını isə çıxarıblar: “Ürəyimin yaxınlığında qəlpə var. Başımdan başqa, bütün orqanlarım qəlpə ilə doludur. Sağ əlimin bir neçə barmağı işləmir. Bir ayağım amputasiya edilib. “Forma 88” arayışımda qeyd edilib ki, ancaq yüngül işlərdə işləyə bilərəm. Bütün bunlara baxmayaraq, ikinci dəfə mənə II qrup əlillik təyin edilib. Ayda 130 manat müavinətlə dolana bilmərəm. Həyat yoldaşım da işləmir. Himayəmdə iki azyaşlı övladım var. Mən onsuz da iş qabiliyyətimi itirmişəm, bundan sonra işləyə bilməyəcəyəm. Bəs 130 manat müavinətlə ailə saxlamaq mümkündürmü? Buna görə də mən əlillik üçün təyin edilmiş müavinətdən imtina etdim. Əvvəllər tək gəlir yerim taksi fəaliyyətiylə bağlı idi. Maşınım da zərbədən tamamilə yararsız hala düşdü. 8 aydır ki, maşının kompensasiyasını ödəmirlər”.

“Qafqazinfo” məsələylə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovla əlaqə saxlayıb. O bildirib ki, vətəndaşın sol budu aşağı üçdə birindən amputasiya olunub: “Qanunvericilikdə bu amputasiya növü ona ikinci dərəcə əlillik  təyinatı aparılmasına əsas verir. Belə ki, qanunvericiliyə əsasən, amputasiya dizdən aşağı olduqda III qrup, dizdən yuxarı yəni diz oynağı səviyyəsində olduqda II qrup əlillik təyin edilir. Vətəndaşın elektron arayışında həmçinin sol tərəfdən qəlpə yarası, qarın boşluğundan keçən maddə zədələnməsi kimi diaqnozlar da qeyd edilib. Agentlik rəyini Forma 88-də qeyd olunan məlumatlar əsasında müəyyənləşdirir. Əlavə olaraq qeyd edim ki, həmin şəxsə yerindəcə müayinə də təyin edilib”.

Bərdə rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Samir Səfərovla da əlaqə saxladıq. Onun sözlərinə görə, mülki vətəndaşların maşınları və mülki evlərinə dəymiş ziyanla bağlı hesablamalar Respublika Prokurorluğu tərəfindən aparılır. İstintaqın yekunundan sonra verilən rəy əsasında dəymiş ziyanla bağlı sığorta ödənişləri həyata keçiriləcək. Bu barədə vətəndaş bizə də müraciət edib, biz də maraqlanmışıq və onu rayon prokurorluğuna yönləndirmişik. Ancaq hələ istintaqla bağlı yekun qərar yoxdur”.

Günel Türksoy