“Bəxtimiz gətirdi” - “Bazel”in baş məşqçisi

bextimiz-getirdi
Oxunma sayı: 2224

Konfrans Liqasının qrup mərhələsinin I turunda keçirilən “Qarabağ” – “Bazel” (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Patrik Rahmen jurnalistlərin suallarını cavablandırıb. 

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matç barədə danışıb: 

- İntensiv oyun izlədik. Bunu gözləyirdik. Eyni səviyyəli komandalar oynadı. Üstünlük “Qarabağ”da idi. Yüksək pressinq edirdilər. İkinci hissədə isə təzyiqi daha da artırdılar. Son dəqiqələrdə Ramil Şeydayevin başla vurduğu zərbə zamanı bəxtimiz gətirdi. “Qarabağ” öz potensialını göstərdi.

- Qrupda favorit sayılan “Bazel” bu gün 1 xal qazandı, yoxsa, 1 xal itirdi?

- Oyunu nəzərə alanda 1 xal qazandıq. Üstünlük “Qarabağ”da idi. Bizim də şanslarımız olub. Amma hücumlarımızın sonu yox idi. Rəqib qapısına yaxınlaşmaq çətin olurdu. Qapıya 20-25 metrdən artıq yaxınlaşa bilmirdik.

- Qrup mərhələsinin püşkündən sonra daha prestijli komandaları gözlədiyinizi demişdiz. Bu gün fikriniz dəyişdi?

- Belə deməmişəm. Rəqiblərin adına görə azarkeşlərin stadionu tam doldurmayacağını söylədim. Əksinə, çox güclü qrupa düşmüşük.

- Necə düşünürsüz, bu qrupun iki ən güclü komandası “Qarabağ” və “Bazel”dimi?

 

- “Qarabağ” çox güclü rəqibdi. “Kayrat”la bağlı kifayət qədər məlumatım yoxdu. Necə oynadıqlarını tam bilmirəm. “Omoniya”ya qarşı səfərdə oynamaq çətindi. “Qarabağ”da hörmətlə yanaşıram. 7 ildi qruplardadılar, Çempionlar Liqasında oynayıblar.

- Matçdan öncə İsveçrə mətbuatında "Qarabağ"ı o qədər də güclü hesab etmirdilər. Bu gün rəqibin gücünü meydanda gördüz. Mediaya bununla bağlı bildirəcəksizmi?

- Dünən virtual mətbuat konfransımız olub. Onlara bildirmişəm ki, "Qarabağ" heç də zəif rəqib deyil.