“Bəzi məmurların həbsi qaçılmaz olacaq”

bezi-memurlarin-hebsi-qacilmaz-olacaq-
Oxunma sayı: 664

- Elşən müəllim, seçkiyə hələ 7 ay qala, ictimai-siyasi həyatdakı aktivliyi nə ilə bağlayırsınız? Bu gedişat iqtidarın təlaşı yoxsa müxalifətin aktivliyindənmi doğan səbəbdir?
- Söylədiyiniz heç bir variantı məqbul hesab etmirəm. Proseslərdəki aktivliyi də sırf seçki öncəsi mühitin gərəkdirdiyi səbəb olaraq dəyərləndirməyin tərəfdarıyam. Ayrıca, Azərbaycan iqtidarının təlaş keçirəcək duruma gəldiyi və ya hansısa faktordan ciddi bir şəkildə ehtiyatlandığı qənaətində də deyiləm. Çünki siyasi proseslərdəki rentabellik dəyişməyib. Güc nisbətində də önəmli fərq görünmür. Sadəcə iqtidar öz işini hər zaman olduğu kimi ehtiyatlı tutur ki, növbəti mərhələlərdə qeyri-adi surprizlərlə qarşılaşmasın.

- MDİ və onun timsalında beynəlxalq təşkilatlara ünvanlanan aqressiv münasibətdəmi həmin ehtiyatın təcəssümüdür?
- Xeyr. Bu məsələ özündə tam fərqli aspektləri ehtiva edir. Əvvəla son dönəmlər iqtidarın xüsusi təpki göstərdiyi beynəlxalq təşkilatlar siyahısında MDİ-dən başqasını xatırlamıram. İkincisi, Milli Demokratiya İnstitutunun fəaliyyəti ilə bağlı müzakirəyə çıxarılan məsələ artıq iddia, ehtimal xarakterindən çıxaraq, arqument və faktlara söykənən mərhələyə gəlib. Siyasi çərçivədən hüquq müstəvisinə keçib. Eyni zamanda Baş Prokurorun ABŞ səfirinə ünvanladığı geniş həcmli bir müraciət var, hansı ki qarşı tərəf hələ də doğru-dürüst cavablandırmayıb.
Ən nəhayət, Azərbaycan hakimiyyəti ilə MDI arasında olan konfliktin yeganə pridmeti qrantların hansı təyinat üzrə xərclənməsi ilə bağlıdır. Bu problemin həlli və ya çözilmə məsələsində də düşünürəm ki iddiaçı tərəfdən daha çox cavabdeh tərəf maraqlı olmalıdır. O mənada ki, beynəlxalq imicini, xarakterini, təmiz adını qoruya bilsin. Amma görünən budur ki, MDİ Azərbaycan hakimiyyətinin irəli sürdüyü ittihamların qarşısında heç də özünü təmizə çıxarma xəttini götürməyib. Əksinə onların timsalında cığal, rabitəsiz, arqumentsiz bir özünümüdafiəni seyr etməkdəyik. Eyni zamanda xatırladım ki, Azərbaycan hakimiyyətinin MDİ ilə bağlı ortaya qoyduğu mövqe seçki qorxusundan irəli gələn özünümüdafiə instinkti-filan da deyil. Bu sadəcə dövlətçiliyi qoruma refleksidir. Həm də sabit bir refleks. Çünki, son illərin praktikasında beynəlxalq maraqlarla bağlı müşahidə etdiyimiz ən iyrənc və xaotik meylli presidentlərdən biri də nə təəssüf ki, məhz QHT adı ilə oynanılan oyunlardır. Və ya, bəzi QHT-lər dünyanın siyasi mənzərəsinə təsir etmə, ya da ən azından ara qarışdırma misisyası ilə bəlli dövlətlər tərəfindən dövriyyəyə buraxılir , yönəldilir, sonra da qarşı tərəfdən qəfil təpki-filan sərgilənəndə özlərinə əl qatırlar ki, bəs bizim xəbərimiz yoxmuş, QHT-lər tam müstıqil təsisatdır, onların daxili işlərinə qarışa bilmərik və s bu kimi uydurmalar, mövzudan sapmalar-filan…Belə olan halda isə Beynəlxlaq Hüququn prinsipləri, Beynəlxalq Konvensiyaların müddəaları adamın üzünə erkək dəvə kimi diş qıcıyır. Yəni tam gücsüz vəziyyətə düşür. Və nəinki beynəlxlaq hüquq, eləcə də milli qanunvericilik məlum vəziyyətlərdə eyni durumu yaşayır.
Baxmayaraq ki, QHT-lərin statusu və xarakteri ilə bağlı bir sıra boşluqlar təxminən 1 il öncə qanunvericiliyə edilən dəyişikliklərlə aradan qalxmış oldu, yenə də düşünürəm, bu problemin kökünə tam şəkildə varılmamışdır.(Məsələn həmin dəyişikliklərdə-ölkədə daimi yaşama izni olmayan xarici vətəndaşlara QHT təsis etmə hüququ verilməməsi kimi ciddi prinsipial müddəalar yer almişdi və s.) Əks halda, bu gün olkədə fəaliyyət göstərən MDİ tipli təşkilatıarın timsalında bu cür sərbəstliyi və özfəaliyyəti müşahidə etmiş olmazdıq.

- Yəni deyirsiniz ki, beynəlxalq səviyyəli maneələr olmasa, ölkədə qalan hər şey qaydasındadır, eləmi?
Qətiyyən belə demirəm. Ölkədə yetərincə problemlər var və onların həll edilməsi ciddi bir zərurət halına gəlib. O problemlərin tez bir zamanda aradan qaldırılması gərəkdir. Ələlxüsus da indiki həssas məqamda. Bu işlərlə isə yerlərdəki məmurlar, icraçılar, məsul şəxslər maraqlanmalıdır, məşğul olmalıdır. Amma gəlin görək bu adamların hamısı gerçəkdən öz üzərlərinə düşən öhdəliyi, misisyanı dərk edirlərmi? Qeyd olunan problemlərin həllində maraqlıdırlarmı? Hər kəs tələb olunan vicdanla öz işinə, təyinatına yanaşırmı? Bax əsl kritika burdadır. Müzakirəsi gərəkən ən ciddi mövzu da elə budur. Və ya, bu ölkənin elə məmurları var ki, onlar mövcud iqtidarın zəifləməsi üçün demək olar ki, əllərindən gələni əsirgəmirlər.
Mümkün olan bütün vasitələrlə ən ağıllı adamları iqtidardan incik salırlar, öz həndəvərlərindən uzaqlaşdırırlar. Və bunu heç də hər zaman neqativ fəaliyyətləri ilə deyil, bəzən hətta fəaliyyətsizlikləri ilə edirlər. Həm də nəticələri hesablamadan, təmsil olunduqları düşərgənin ümumi maraqlarını, gələcəyini nəzərə almadan. Belə olan halda isə üzülməyə bilmirsən. Çünki sən də onların içindəsən və bu iqtidar adına danışarkən həm də o tip insanları müdafiə etməlisən. Siyasətin ən ağır məhkumiyyət tərəfi də budur.

- O zaman belə bir qənaət hasil olur ki, Prezidentin son müşavirədə səsləndirdiyi iradlardan, sərt tənqidlərdən nəticə çıxarmayan bəzi məmurlar hələ də var və onlar iş başındadır, deyilmi?
Tamamilə doğrudur. Belələri var. Düzdür, sayları nə qədərdir deyə bilmərəm, amma hər halda var və onların fəaliyyəti bu iqtidara xidmət edən şərəfli insanlar üçün də təhlükə mənbəyidir. Eyni zamanda ağır siyasi yükdür. Və əlavə edim ki, seçki öncəsi hər birimizin arzuladığı məqamlardan biri də 2005 hadisələrinin təkrar olunmamasıdır. Çünki o zaman baş verən hadisələr hər birimizi çox sarsıtdı, eyni zamanda cəmiyyətin özündə də ciddi bir mənəvi aşınmaya yol açdı. Hər halda nəzərə alın ki, bir neçə nazirin həbsi, geniş həcmli dövlət çevrilşi cəhdinin ifşası sıradan bir məsələ deyildi və ictimai-siyasi prosesin bütün zümrələri üçün son dərəcə ciddi əhəmiyyət, maraq kəsb edən mövzu olaraq uzun müddət gündəmdə qaldı. Və indi…yəni 8 il sonra, Cənab Prezidentin həmin o qeyd etdiyiniz müşavirədəki çıxışı, iradları, sərt sözləri də hesab edirəm ki, üzərində həbs perspektivi daşıyan bəzi məmurlara son mesaj idi. Və əgər nəticə olmasa, güman ki, həmin məmurlar da öz satqın, xəyanətkar sələflərinin aqibətini yaşayacaqlar. Yəni seçki öncəsi bəzilərinin həbsi qaçılmaz olacaq. Hərçənd belələri hətta qanunvericilikdə əks olunmayan, nəzərdə tutulmayan ən sərt cəzaları belə haqq edirlər.

- Elşən müəllim, sərt cəza demişkən, bu yaxınlarda millət vəkili Fazil Mustafa öz “facebook” səhifəsində ölüm cəzasının yenidən tətbiqi ilə bağlı təklif səsləndirdi və həmin fikirlər cəmiyyətdə də, hüquqi sektorda da ciddi bir müzakirələrə yol açdı. Bu məsələ ilə də bağlı fikirlərinizi bilmək maraqlı olardı.
Fazil müəllimlə siyasi baxışlarımız fərqli olsa da, onun peşəkar hüquqşünas, eyni zamanda səmimi insan olduğuna heç bir zaman şübhə etməmişəm və düşünürəm ki, hörmətli millət vəkili bu məsələyə münasibət bildirərkən hansısa konkret hadisənin təsiri altında olub. Hətta eşitdiyimə görə təklifin səsləndirilməsinə səbəb azyazşlı körpənin qətlidir. Yəni kontekst bu yöndədir və çox güman ki, baş verən hadisənin fonunda da peşəkarlığı üstələyən insanlıq hissləri durur. Oysa, Fazil müəllimin özünə də məlumdur ki, cinayət xarakteristikası və təcrübəsi özündə tam başqa statistika, nəticələri ehtiva etmiş durumdadır. Və ya dünyanın heç bir yerində cəzanın sərtləşdirilməsi ciyanət sayının azalması ilə müşayət olunmayıb. Əksinə, amansız sanksiyaların reallaşdığı məkanlarda dinamika daha kəskindir. Üstəgəl, Azərbaycan dövləti öz üzərində bir sıra Beynəlxalq təşkilatların, Konvensiyaların prinsiip və təlimatlarından irəli gələn öhdəlikləri daşıyır. Yəni ölüm hökmünün yenidən bərpası ən az imic baxımından ölkəni çox ciddi mənəvi sanksiyalarla üz-üzə qoya bilər. Ən nəhayət, ölüm hökmünün təbii hüquqa, təbiətdən gələn hüquqa, eyni zamanda Konstitusiya ilə təsbit olunan yaşamaq hüququna qarşı yönələn akt kimi dəyərləndirilməsinin tərəfadıyam. Çünki 21-ci əsrdə yaşayırıq. Fikirlərimiz də, düşüncələrimiz də hər anlamı ilə məhz bu ahəngə, bu gedişata uyğunlaşmalıdır.