Doğrudan da maraqlı söhbət oldu. Firudin bəy türk tarixinin ən maraqlı məqamlarına işıq tutdu; Sovet tarixçiliyini, türklərin yarandığı coğrafiya ilə bağlı dərsliklərdə verilmiş fikirləri alt-üst edəcək arqumentlər söylədi. Bizi bir-daha millətimizlə fəxr etməyə, millətimizin tarixi və taleyi ilə maraqlanmağa həvəsləndirdi. Xocanı dinləməyə gələn cavanlar mşaallah, canavar kimiydilər. Görüşdən sonra dostlara dediyim fikirləri burda da yazmaq istəyirəm: Axır ki, gözüyumulu avropabazlıqdan uzaq, millətinin tarixinə sahib çıxmaq istəyən gənclərlə tapışdıq!
***
Elçibəy dönəminin təhsil naziri, əlifba islahatçısı, böyük bir “qəbul mafiyası”na sinə gərib, test sistemini ölkəmizə gətirən Firudin xoca...
Onun nazir olduğu dönəmdə Azərbaycandan Türkiyəyə onlarla tələbə oxumağa göndərilib, təhsil sistemində milli adamlar önə çəkilib, Cənubi Azərbaycandan-Təbrizdən pənah gətirmiş gənclərin oxumağı üçün şərait yaradılıb. Azərbaycan keçmiş SSSR-i ölkələri arasında təhsil islahatçısı kimi tanınıb. Hazırda Firudin xoca Uluslararası Güney Azərbaycan konseyi İdarə heyətinin üzvü, Güney Azərbaycan milli-azadlıq hərəkatının ideoloqlarındandır.
Tanrı Əbülfəz Elçibəyi öz dərgahına qaytarana kimi (2000-ci ilin avqustu) Azərbaycan cəmiyyəti iki qütblü ictimai-siyasi şəraitdə yaşayırdı. Bir tərəfdə əlində bütün maliyyə rıçaqlarını birləşdirmiş, hakimiyyəti şəriksiz idarə edən siyasi iqtidar, digər tərəfdə ömrünü əqidə işinə qurban vermiş, ətrafındakı adamlara maddi təminat yox NƏFƏS verən Əbülfəz Elçibəy. Bu iki qütbün apardığı mübarizə, müxalifətin indikindən qat-qat güclü olması cəmiyyətimizdə mənəvi kriterilərin tamamilə pozulmasının qarşısını alırdı.
Millətimiz Böyük Bəyi itirəndən sonra tərəzinin gözü əyildi...İndi həmin vəziyyət davam edir. Bəs nədir çarə?
Ta, “Kitabi-Dədə-Qorqud” dan üzü bəri, türk etnosunun dövlətçilik tarixində ixtiyar sahiblərinin, yerin-göyün cahangirlərinin belə hesablaşdığı, əlini öpmək üçün ayağına getdiyi bilginlərin olduğunu görmüşük. Həmin mənəviyyat adamlarının xeyir-duası ilə dünyanın yarısına hökm edən türklər fəth etdikləri yerlərdə bəşəriyyətə ədalətli idarəçilik dərsi keçiblər. Bütün bunlar bilginlərin, sufi şeyxlərinin, dərvişlərin könül baxçasından əsən yellərin ətriydi təbii ki.
***
Köhnə kişilərin yadında olar, 1998-ci il prezident seçkiləri ərəfəsində meydan hərəkatının canlı əfsanəsi Etibar Məmmədov Əbülfəz Elçibəylə bir masa arxasına əyləşdi. Uzun illərin incikliyindən sonra bu iki önəmli fiqurun yenidən bir cəbhədən çıxış etməsi cəmiyyətdə əməlli-başlı canlılıq yaratmışdı. Bəyin Kələkidən Bakıya dönüşü ilə yaranan ikinci hərəkat dalğası bu birliklə daha da qüvvətlənmişdi, öz tarixi missiyasını dərk etmişdi. Təəssüf ki, bu birliyə tək o dövrkü iqtidar yox, müxalifətin daxilində olan bir sıra “balacabaş” qüvvələr də narahatlıqla yanaşırdı. Hətta açıq-aşkar: “Naxçıvan-Qərbi Azərbaycan klanı ikinci dəfə hakimiyyətə gəlmək istəyir” yazanlar var idi. Bu yazıların hamısının mahiyyətində təxminən belə fikir dayanırdı:
- Ay aman, qoymayın, Naxçıvanlılarla “Yeraz”lar getdi, biz qaldıq!
“Axundov” kitabxanasının tozlu odalarında keçirdiyim günlərdə- köhnə qəzetlərdə qarşıma çıxan bu tipli yazıları görəndə özümü saxlaya bilməyib dodaqaltı pıçıldayırdım:
- Sarsaq uşağı sarsaq!
İndi mən başqa bir məsələyə diqqət çəkmək istərdim. Bilənlər bilir, bilməyənlər də bilsin ki, həmin birliyin yaranmasının baş ideoloqu bizim dəyərli Firudin xoca idi. Bəli, milləti, onun siyasi qüvvələrini bir araya gətirmək üçün mütləq parlaq şəxsiyyət, iqtidarlı-müxalifətli hamının hesablaşdığı bir fiqur olmalıdır. İndi xalqımızın qarşısında duran vəzifələrdən birincisi yuxarıda qeyd etdiyim “ikinci qütb”ün boş qalmış siyasi-ideoloji lideri yerinə namizəd tapmaqdır.
Firudin müəllim millətin ruhunu təmsil edəcək adamlardandır. Son dövrlər onun ətrafına toplaşan cavanlar, keçmiş hərəkatçılar qarşısı alınmaz siyasi energiya ilə yaşayırlar. Görüşlərdə, söhbətlərdə insanlar xocamız barədə bir-birinin sözünü kəsə-kəsə, həyəcanla danışırlar. Qürurvericidir! İllərdir cəmiyyət belə xarizmatik şəxsiyyət axtarışında idi. Nə qədər ağıllı-ağıllı müsahibələr verən, söz oynadan, növbə ilə (hər seçkidə biri) hakimiyyətin yatağına girən partiyalar və onların liderlərini görmək olar?
Firudin bəyi niyə sevirlər? Çünki o, siyasətdə Elçibəy nəfəsini, Elçibəy əxlaqını yenidən insanlara- millət aşiqlərinə geri qaytarır. Firudin bəy Cənubi Azərbaycandan danışır. Adını Elçibəy varisləri qoyan kabinet liderciklərinin gizli bəzən də açıq şəkildə lağ-lağıya çevirmək istədikləri bir mövzudan!
Onun siyasətdə olması ham üçün güvəndir. İqtidara, Müxalifətə. Bütövlükdə MİLLƏTİMİZƏ!
Firudin bəyin bütöv Azərbaycandan, iqtidarlı-müxalifətli milli birlikdən, ölkəni siyasi seytnotdan çıxarmaq yollarından danışması çoxlarını narahat edir. Bunların içində yenə də təəssüf ki, adını müxalif qüvvə qoyan “balacabaşlar” da var.
Anlamaq olmur? Bu adamlar neçə ildir ölkəni bürüyən sömürücülükdən milləti xilas etmək istəmirlərmi?
Firudin Cəlilovun müxalifətin lideri, vahid namizədi olmasıyla bağlı məsələdə cığallıq edənlər məni yenə “Axundov” kitabxanasına qaytarır:
-“Siyasətdə müəllim-tələbə anlayışı yoxdur”
-“Elçibəy ikinci dəfə Azərbaycanın prezidenti olsa
mən ölkədən gedəcəm”
-“Azərbaycan xalqı bir alkoqoliki prezident elədi”
-“Xalqımız Sürət Hüseynovu dəstəkləyir”
-“Yenə boğazının damarları şişə-şişə Turançılıqdan danışacaqdı”
-“Elçibəy anlamalıdır ki, Türkiyə onu prezident edə bilməz”
-“Bir qocadan canımızı qurtarmamış o biri qocaya urcah oluruq”
Milli hökumətimizin devrildiyi günlərdə, 1998-ci prezident seçkiləri ərəfəsində, daha sonra isə Elçibəyin ikinci nəfəsinin açıldığı zamanlarda onu qaralamaq üçün aparılan kampaniyalarda yazılan yazılardan verilən dəməçlərdən küçücük dərləmə idi. Siyahını “Karamazov Qardaşları” qalınlığında uzada bilərəm...
Bütün bunları niyəmi yazıram? Çünki istəyirəm ki, xalqımız bu məsuliyyətli günlərdə ayıq olsun, mahiyyətin dəyişmədiyini bilsin. Bilsin ki, adını müstəqil qoyan bir qəzetin baş redaktoru gənc arkadaşımızın müsahibəsində Firudin bəylə bağlı deyilən xoş sözləri ixtisar eləyib. Görünür nəticə çıxarmırlar, çıxarmaq istəmirələr! Əbülfəz bəy bunları qabağına qoyub az qala yalvarırdı:
-Çay daşını yol quşuna
Atma qardaş kərəm eylə!
Ancaq faydası olmadı. Tanrı göndərdiyi ELÇİnin anlaşılmadığını daşlara qonaq olduğunu gördü və onu yenidən yanına apardı.
Bəs sonra nə oldu? Sonra...yuxarıda gətirdiyim sitatları yazanların, deyənlərin və yazdıranların taleyini heç kimə arzulamıram: Urvatsız türmə həyatı, urvatsız dəfn, urvatsız müxalifətçilik, şəxsi həyatda müxtəlif problemlər, xəstəliklər, məhrumiyyətlər, itkilər... Bütün bunları unutmaqmı olar?
Haydı, Firudin Cəlilovun dizinin dibinə!
Göylər xəyanəti bağışlamır!