“Gecə qonaqları” - Vladimir Sorokin

gece-qonaqlari-vladimir-sorokin
Oxunma sayı: 889





Vasiliy qaranlıqda gülümsəyib, yastığını düzəltdi:
- Yox, Raya. Korobkinlə mən, Borisenkonun yanına təzimə gedən deyilik. Onun üçün uşaq zadam, məni get-gələ salır?
- Bəs neynəyəcəksiz? – Raya yuxulu-yuxulu mızıldandı.
- Partkoma gedəcəyik.
- Niyə axı? Borisenko ilə münasibətləri korlamaq istəyirsən?
- Neynəyim? Münasibətlər korlanmasın deyə, keyfiyyətsiz mallara göz yummalıyam?
- Əşi niyə qızışırsan e? – Raya ərinə tərəf çöndü. – Söhbəti bilmirsiz, amma atdanırsız. Bəlkə TNŞ-nin məsələyə dəxli yoxdu?
Vasiliy güldü:
- Necə dəxli yoxdu? Onda niyə sexi dağıdır?
- Aydınlaşdırmaq lazımdı. Tələsən təndirə düşər.
- Biz hər şeyi aydınlaşdırmışıq.
- Nəsə inanmağım gəlmir...
- Sənin elə heç nəyə inanmağın gəlmir də. Yat, mənim ağıllı balam...
- Nədi e? Xeyrola ağzımı yumursan? Mən sənin üçün axmaq zadam?!
Vasiliy onu qucaqladı:
- Yaxşı, sakitləş. Həll eləyərik. Amma partkoma mütləq getmək lazımdı.
Raya köks ötürüb, yanağını ərinin yanağına yapışdırdı:
- Bax a! Sən hələ orda mühəndis işləməlisən.
- Borisenko kimilərin çoxdan dalından dəymək lazımıydı.
- Qorx ki, sənin dalından dəyməsinlər.
- Dəyə bilməzlər. Həqiqəti dediyinə görə, hələ heç kəsin dalından dəyməyiblər. Amma keyfiyyətsiz istehsalata görə, onun dalından dəyəcəklər. Bu gün olmasa da, sabah mütləq dəyəcəklər...
Qapının zəngi çalındı.
- Bir bu çatışmırdı! – Vasiliy gülə-gülə ədyalı üstündən atdı.
- Gecə vaxtı kimdi görəsən? – Raya əsnəyərək çarpayıya oturdu.
İdman şalvarını tez əyninə keçirdən Vasiliy dəhlizə çıxdı, işığı yandırdı və qapını açdı.
Qapının kandarında əyinlərində demisezon paltolar, başlarında isə yekə yastı kepkalar olan iki nəfər dayanmışdı. Hündürboy olanın əlində çemodan vardı. İkisinin də üzündə təmkinli təbəssüm donub qalmışdı.
Dəhlizin gur işığından gözləri qıyılan Vasiliy bir neçə saniyə onların üzünə baxdı, sonra qollarını aralayıb güldü:
- Bahooo... Georgiy!
Qonaqların üzündəki təbəssüm daha da genişləndi. Hündürboy kişi Vasiliyə doğru addım atdı, şiddətli gürcü ləhcəsi ilə dedi:
- Salam Vasiliy! Salam əzizim!
- Aman allah, Georgiy!
Gülə-gülə, möhkəm qucaqlaşdılar.
- Aaa keçin də içəri, keçin görüm! – Vasiliy gülə-gülə dedi. – Raya! Tez ol, gəl! Qoqa gəlib!
Qonaqların əllərindən tutaraq onları dəhlizə saldı:
- Hardan gəlirsiz? Rovnodan?
- Yox, Piterdən. Burdan keçirdik. Sabah axşam doqquzda qatarımız var. Sən allah bağışla, gecə vaxtı narahat elədik...
- Sən nə danışırsan! O nə sözdü! – Vasiliy əl-qolunu əsdirdi.
- Tanış ol, bu Şotadır, - hündürboy kepkasını çıxardıb, yanındakı kişini təqdim etdi.
- Çox şadam! Soyunun. Elə bil öz evinizdi! Raya, harda qaldın?!
Raya gözoxşayan, yeni xələtində gəldi:
- Georgiy! Sən nə adamsan! Niyə xəbər vermədin, qarşılayardıq sizi!

Vasiliylə Georgiy yazı masasını otağın ortasına çəkdilər.
- Parketi cızmadıq ki? – Georgiy qollarını çırmaya-çırmaya aşağı əyilib soruşdu.
- Əşi, narahat olma, - Vasiliy əlini bulayıb onu sakitləşdirdi.
Raya masanın üstünə politilen süfrə sərdi, sonra təmiz dəsmal qoydu. Gerogiy dəsmalın üstünə mətbəxdən gətirdiyi yumru qəfədan altlığını qoydu, onun da üstünü vaflili, dama-dama dəsmalla örtdü. Şota mətbəxdən çıxdı. Onun da ağ köynəyinin qolları çırmanmışdı, əlində kiçik şpris tutmuşdu:
- Hər şey hazırdı.
Raya başını buladı:
- Qorxuram e, uşaqlar...
Vasiliy onun çiyinlərini qucaqladı:
- Bəsdi də, sakit ol.
Şota boş əlini sinəsinə qoydu:
- Raya xanım, sizə and verirəm ki, heç nə hiss etməyəcəksiz. Oturun, hər şey yaxşı olacaq.
- Otur Raya, qorxma, - Georgiy dedi.
Bu əsnada, Vasiliy də yaşıl pərdələri çəkdi.
Raya oturdu və sol əlini dəsmalın üstünə qoydu.
Georgiy onun xələtinin qolunu çiyninə qədər çırmaladı.
Şota spirt qabının qapağını açdı, pambığı cəld hərəkətlə spirtə batırdı, dirsəyin iç tərəfini yaxşı-yaxşı sildi və ard-arda qadına üç iynə vurdu.
- Bax belə... İndi isə damara vuracam, əzizim...
Ampulanı kəsib, mayenə şprisə doldurdu:
- Beləəəə.
Georgiy Rayanın qolunu rezin xortumla möhkəm sıxdı.
Şota pırtdamış damara iynəni batırıb, tələsmədən porşeni sıxmağa başladı.
- Oy, - Raya gülümsünüb başını buladı, gözlərini yumdu. – Oy, uçuram ee... Vasya, tut məni...
Vasiliy onu çiyinlərindən qucaqladı.
Şota boş şprisi masanın kənarına qoyandan sonra əyildi və çemodanı açdı.
İki dairəvi oyuğu olan çemodanın içi qara məxmərlə qaplanmışdı. Üst oyuqda heç nə yox idi, aşağıdakında isə sellofana bükülmüş balta vardı.
Şota sellofanı açdı, baltanı çıxartdı:
- Tərtəmiz, sterildi. Ürəyin rahat olsun...
Raya gülə-gülə gözlərini açdı. Bədəni o baş-bu başa gedib gəlirdi:
- Oy, özümü saxlaya bilmirəm... ha ha ha... Vasya, uçuram... Oy, nə yaxşıdı...
Vasiliy onun çiyinlərini daha möhkəm sıxdı, qulağına pıçıldadı:
- Sakit otur.
Georgiy qadının hərəkətsiz əlini götürüb, biləyini masaya sıxdı.
Şota əlini qaldırdı, balta başının üstündə parıldadı.
- Hah!
Balta sürətlə aşağı endi, qadının əlini yağ kimi kəsdi və küt səslə masaya pərçimləndi.
- Oy, özümü saxlaya bilmirəm... – Raya gülürdü. – Oy, tutun məni... ha ha ha...
Georgiy kəsilən əli tez götürüb vanna otağına apardı. Şota isə uzun şüşə qabı açıb, mayeni yaranın üstünə boşaltmağa başladı. Boz-çəhrayı qabarcıqlarla lükküldəyən qan, həmin anda laxtalandı.
Bint paketini açıb, biləyini sarımağa başladı.
- Hər şey hazırdı!
- Bəs rezini açmırıq? – Rəngi qaçmış Vasiliy pıçıldadı.
- Onu sabah açarsız.
- Aha, aydındı.
Raya yuxulu-yuxulu səndirləyir, gülürdü. Sağ əli qeyri-ixtiyarı sallanırdı, başı sinəsinə enmişdi.
- Aparın yatağa, yaxşıca yatsın, - Şota sarğını bitirib dedi.
İkisi bir yerdə Rayanı qaldırıb çarpayıya uzandırdılar.
Vasiliy onun üstünü ədyalla örtdü.
Qadın zəif səslə güldü.
Georgiy vanna otağından qayıtdı, əlində Rayanın yuyulmuş əlini tutmuşdu.
Şota əli ondan aldı, sellofana bükdü və balta ilə bir yerdə çemodana qoydu.
Georgiy cibindən üstü biserli balaca torbanı çıxardıb Vasiliyə uzatdı.
Vasiliy torbanın ağzını açdı. İçi bir-birinə dolaşmış qızıl və gümüş zəncir boyunbağılarla doluydu.
- Aha. – Vasiliy torbanın ağzını bağlayıb cibinə qoydu.
Köynəyinin qollarını aşağı salan Şota, başı ilə yatmış Rayanı göstərərək Vasiliyə dedi:
- On ikidə dərman verərsiz. Saat birdə isə, özüm gəlib sarğını dəyişəcəm.
- Yaxşı, - Vasiliy mızıldandı və masanın üstünü təmizləməyə başladı.