İmzalarından imtina edənlərin sayı artır

imzalarindan-imtina-edenlerin-sayi-artir
Oxunma sayı: 688


De-fakto fətva xarakterli bu müraciətin mətni ilə tanış olanda heyrətlənməmək mümkün deyil. Çünki bu bəyanat bütövlükdə İslam dininə qarşı həqarət və xalqımızın dini inancına hörmətsizlikdir. Həmin müraciətin mətni elektron mediada geniş yayıldığından, onu təkrar yaymağa da ehtiyac duymadıq. Sadəcə, oradakı bir neçə cümləyə diqqət etmək bu bəyanatın ölkədə aranı qatmağa hesablandığını söyləməyə əsas verir.
Sitat: “Ərəb yarımadasından bizə yeridilən ”dinul-ərəb"ə qarşı bir neçə əsrlik ümumxalq müqaviməti göstərmişik...", “Gələn il doğumunun 200 illiyini qeyd edəcəyimiz maarifçi filosof və dramaturqumuz M. F. Axundovun dinə qarşı qaldırdığı inkar bayrağı altında XX yüzillikdə, demək olar ki, bütün intellektual nəsillərimiz toplandı...”, “XXI yüzilliyin ikinci onilliyində bu humanizm ənənəsinin növbəti təmsilçi və daşıyıcılarından biri olan, 61 yaşlı yazıçı Rafiq Tağı iki İran ayətullahının dörd il bundan öncə çıxartdığı ölüm hökmünün icrası ilə öldürüldü..., bu, azadfikirli, islami istilahla desək, ”mürtəd"i ölümə layiq bilən bir dinin hicabsız və burkasız üzü idi!.."
Sənəddə diqqəti ilk cəlb edən onun İslam düşmənçiliyi mahiyyətli, bölücü xarakterli olmasıdır. Sanki kimlərsə ölkədə ateist-dindar qarşıdurmasının yaranması üçün israrla çalışır və bu istiqamətdə ən primitiv üsullardan istifadəni də özünə rəva görürlər.
Bəyanata imza atanların sırasında Firudin Ağasıoğlu (Cəlilov), Rəhman Bədəlov, Əli Abbasov, Zeynal Məmmədli, Aqil Abbas, Mehriban Vəzir, Zamin Hacı, Xalid Kazımlı kimi cəmiyyətdə tanınmış şəxslərin olması birmənalı qarşılanmır və bir qədər də təəccüb doğurur... Əlbəttə, biz bu bəyanata imza atanların heç də hamısının hansısa missiya daşıdıqlarını iddia edə bilmərik. O fakt da mövcuddur ki, artıq bəyanata imza atanlardan bəziləri sənədin mətni yayıldıqdan sonra ona etiraz ediblər. Məsələn, Aydın Xan Əbilov və Əhməd Muxtar kimi imzalar bəyanatla bağlı narazılıqlarını ifadə ediblər.
Müraciətə imza atanlarla söhbətimizdən aydın oldu ki, bu, kollektiv hazırlanan bəyanat deyil. Bunu fəlsəfə doktoru Ağalar Məmmədov hazırlayıb və digər 53 nəfər də imzalayıb.

Firudin Ağasıoğlu: “Təəssüf edirəm ki, həmin bəyanatı oxumamış orada imzamın olmasına razılıq vermişəm”

Bəyanatda imzası olan professor Firudin Ağasıoğluyla baş verən olaya dair danışdıqda maraqlı bir fakt ortaya çıxdı. Professor belə bir mətnli bəyanata etiraz etdiyini dedi: “Mənə yalnız o deyilmişdi ki, Rafiq Tağının 40 mərasimi ilə bağlı bir bəyanat hazırlanıb, onu göndərək baxın və imzalayın. Cavabım bu oldu ki, əgər bu müraciət Rafiq Tağının qətlinin açılması tələbi və hadisənin pislənməsidirsə, daha ona baxmağa nə ehtiyac var? Lakin bir gün sonra bəlli oldu ki, orada İslam dini ilə bağlı da mənim razılaşmadığım məqamlar var. Əgər hansısa sektalara, missioner təşkilatlara, xurafata, din pərdəsi altında olan işlərə dair etirazdan söhbət gedirsə, mən də buna etiraz edirəm. Bunu normal hesab edirəm. Lakin mənim İslam dininə baxışım dostlarıma da bəllidir. Mən əlbəttə ki, İslam dinini zorla qəbul etməyimiz, ”tipik İslam terroru" kimi ifadələrin altından imza atmaram. Mənim inanclı insanlara da ehtiramım var. Təəssüf edirəm ki, həmin bəyanatı oxumamış orada imzamın olmasına razılıq vermişəm".

Əli Abbasov: “Bu məsələ ətrafında diskussiya başlanılmalıdır”

Professor Əli Abbasov isə qeyd etdi ki, mətni imzalamaq üçün ona təqdim edəndə ona baxıb və müəyyən etirazlarını bildirib: “Mən qeydlər etdim ki, oradakı bəzi məqamlarla razı deyiləm, amma ümumi şəkildə sənədə imza atdım. Mən dəyərlərə qarşı çıxmağın əleyhinəyəm, eyni zamanda baş vermiş hər hansı bir hadisəyə uyğun olaraq reaksiya da verilməlidir. İndiki halda mən baxıram ki, normal vəziyyət deyil. Hazırda baş verən toqquşma intellektual toqquşma deyil. Çox təəssüf ki, ziyalılar da bununla bağlı bir söz demir. Bu məsələ çox sakit şəkildə müzakirə edilməlidir, amma o yoxdur. Mən hesab edirəm ki, bu məsələ ətrafında diskussiya başlanılmalıdır. Biz bununla bağlı Hacı İlqarla ilkin müzakirələr də aparmışdıq. Artıq bunu etməyin vaxtdır”.

Müraciətdə imzası olan publisist-yazar Mehriban Vəzir “Yeni Müsavat”a açıqlamasında dedi ki, bəyanatın hansısa bir təxribat xarakteri daşımasını düşünmür: “Biz İslam adından siyasət üçün istifadə edənlərə, İslam adından fətva verib sonra Rafiq Tağının qətlini bayram edənlərə, ümumiyyətlə, insanların dindən kənar elan edilməsinə qarşıyıq. Bir insan haqsızlığa, cəhalətə qarşı mübarizə aparırsa, maarifləndirmə ilə məşğuldursa, müsəlman bu deməkdir. Mən məsələyə bu prizmadan yanaşmışam. Bəlkə bunun alt qatları da var, amma mən burada elə şeylər görmürəm”.

Pənah Hüseyn: “Azərbaycan cəmiyyətində süni olaraq “dünyəvilik” və “İslam təhlükəsi” mövzuları gündəmə gətirilir”

Mövzuya dair mövqeyini soruşduğumuz keçmiş baş nazir Pənah Hüseyn isə bildirdi ki, hər kəsin öz mövqeyini ifadə etmək hüququna hörmətlə yanaşır. Eyni zamanda o, məlum bəyanatdakı fikirləri yanlış və zərərli hesab edir: “Xüsusən İslam dininin və mədəniyyətinin Azərbaycan xalqının tarixindəki rolu barədə yazılanlar heç bir elmi çərçivəyə sığmır. Bunlar elmdə və ictimai şüurda çoxdan həll edilmiş məsələlərdir. Bəyanatda imzası olan hörmətli alimlərimiz bilməmiş deyillər ki, dini inkarda Marksdan, Nitşedən qabağa getmək heç də elmdə, təfəkkürdə irəliyə doğru getmək deyil, əksinə, geriyə qalmaqdır. Bu kimi məsələlərdə Azərbaycan intellektuallarının əksəriyyəti İslamı milli-mənəvi dəyərlər kimi təbliğ edən Əhməd Ağaoğlu, Əlibəy Hüseynzadə, M. Ə. Rəsulzadə, Elçibəy bayrağı altında toplanmışlar. Məni narahat edən məsələ odur ki, Azərbaycan cəmiyyətində süni olaraq ”dünyəvilik" və “İslam təhlükəsi” mövzuları gündəmə gətirilir. Bununla da demokratiya, siyasi dəyişikliklər və islahatlar məsələsi bilərəkdən, ya bilməyərəkdən ört-basdır edilir".

Fuad Qəhrəmanlı: “Hakimiyyət dini inanclı kəsimin son vaxtlar demokratik proseslərdə aktiv iştirakından narahat olub”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bəyanatda göstərilən fikirləri bölüşmür: “Rafiq Tağının qətlində o qüvvələr maraqlı idi ki, onlar Azərbaycan cəmiyyətində bölünmə yaranmasının tərəfdarıdırlar. Bu qüvvələr toplumsal parçalanma yaratmaq məqsədi güdürlər. Təəssüf ki, onlar müəyyən qədər buna nail ola biliblər. Cəmiyyətin ayrı-ayrı kəsimlərinin qarşılıqlı ittihamlara keçməsi diqqəti əsas hədəfdən yayındırır. Bunu təşkil edənlər, arzulayanlar əlbəttə ki, Azərbaycanda demokratik dəyişikliklərin baş verməməsini istəyən, diqqəti bu istiqamətdən yayındıranların istəyinə uyğundur. Bu hadisənin heç bir əsas olmadan islamçı kəsimə yönəldilməsi yanlışdır. Məsələ ondadır ki, hakimiyyət dini inanclı kəsimin son vaxtlar demokratik proseslərdə aktiv iştirakından narahat olub. Ona görə də İslamın guya zora, terrora meylli olması kimi yanlış obraz yaradılır. Bu cür təbliğata yol vermək olmaz. İslam barış, sülh dinidir və zorakılığa qarşıdır”.

Nəzərə çatdıraq ki, bu məsələ sosial şəbəkələrdə də aktiv müzakirə olunur. Bu müzakirələr içərisində professor, ilahiyyət məsələləri üzrə mütəxəssis Altay Göyüşov facebook səhifəsində öz qeydlərini edib və bəyanatın savadsız ifadələrdən ibarət olmasına diqqət çəkib. O qeyd edib ki, məlum müraciəti oxumamış imzalayan azı 4 nəfərin adını imzalar arasında görüb: “Özlərindən heç nə soruşmamışam, heç təkzib də verməyiblər, bəlkə heç verməyəcəklər də, bəlkə bu ümumiyyətlə yalandır. Amma niyə belə əminəm ki, xəbərləri yoxdur? Çünki həmin dostlarımın savadına, məsuliyyətinə və Azərbaycan tarixini bildiyinə şübhəm yoxdur... Qazan xan, Börke xan İslamı qəbul edəndə hakim idilər, xan idilər. Yəni onlara nəyi isə zorla qəbul etdirmək mümkün deyildi, onlar özləri nəyi istəsələr, kimə gəldi zorla yedizdirərdilər. Teymuryalığın oğlu Səlcuq ki, bizim Babəkdən fərqli olaraq, şəksiz-şübhəsiz əcdadımızdır; nə yəhudi olub, nə da nestorian. O, İslamı Xocənddə qəbul edəndə, kiçik də olsa, hakim idi; yəni onun iradəsi xalqa ağalıq edirdi, kimsə ona ağalıq edə bilməzdi. Məhz onun xələfləri dövründə, başda nəvələri Toğrul, Çağrı və nəticəsi Alp Arslan olmaqla İslamın hənəfi versiyası türklərin əsas dininə çevrilir. Buralarda şiəliyi qəbul etdirən isə İsmayıl olub, bu ərəb harada zor elədi axı? Bizi elə günə qoyublar ki, həqiqətdən utanırıq, ona görə özümüz haqqında yalanlar uydururuq. Tarixi dövlət yox, siyasətçilər, ideoloqlar yox, alimlər yazmalıdır”.

Fransada yaşayan tanınmış mühacir Elnur Məcidli isə bununla bağlı belə bir qeydlər edib: “Məlum bəyanatda hakimiyyətin terroruna islam terroru deyilməsini etik saymıram. İrandan hər zaman boş-boş fətvalar verilir və Azərbaycanda müsəlman əhalinin böyük əksəriyyəti heç də İran və İrandakı şəriətə müsbət yanaşmır... Bu cinayətin üstünü hakimiyyət açmır, Elmar Hüseynovun qətlində olduğu kimi... Məni isə yandıran başqa şeydir. Özünü xalqın ziyalısı hesab edən 54 şəxsin hakimiyyətin oyununa alət olması. Azərbaycan hakimiyyəti, digər Şərq diktatorları kimi, ölkədə İran və İslam təhlükəsi olduğunu göstərməyə çalışaraq ömrünü uzatmağa çalışır. Necə ki, bunu Mübarək, Qəzzafi, bin Əli edirdi, bu gün də Bəşər Əsəd edir. Farslar bir əsr içində heç öz içlərindəki Azərbaycan türklərini nə farslaşdıra bildi, nə də ideoloji islama çəkə bildi. Azərbaycanda qətiyyən İran və ya hansısa dini cərəyanın ekstermal şəkildə təhlükəsi yoxdur. Bu, sadəcə, hazırkı diktatura rejimi tərəfindən uydurulan ağ yalandır”.

Mövzu ona qoşulmaq istəyən bütün aidiyyəti şəxslər üçün açıqdır.

P.S. Qəzet çapa hazırlanarkən sosial şəbəkələrdə bəyanata imza atanların imtinaları davam edirdi. Şair Əli Xəyyam da imzasından imtina etdiyini bildirib: “Son günlər üzərində sıx danışılan Rafiq Tağının qətli ilə bağlı bəyanata imza atan 54 nəfərin içərisində mən də var idim. Amma mətni oxumadan, mərhum yazıçının ölümü və onu ölümə aparacaq amillərlə bağlı bir bəyanat olduğunu zənn edib, imzamın qoyulmasına razılıq vermişdim. Lakin mətni oxuduqdan sonra imzamdan imtina etmək qərarı almışam. Çünki qatilin kim olduğunu iddia etmək mənim yox, məhkəmənin səlahiyyətləri çərçivəsindədir. Həmçinin mətndə terroru İslam dini ilə bərabərləşdirmək fikrini də düzgün hesab etmirəm”.


Elşad MƏMMƏDLİ
musavat.com