Binəqədidə də Polis Günü qeyd olunub - Fotolar

bineqedide-de-polis-gunu-qeyd-olunub
Oxunma sayı: 2523

Ötən gün Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 2 İyul - Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Rasim Musabəyov, Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon Mühafizə İdarəsinin rəisi polis polkovniki Rəşadət Babayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Polis İdarəsinin məsul əməkdaşları, veteran polis əməkdaşları, qazilər iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş igid vətən oğullarının, polis əməkdaşlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub.

İcra başçısı Elxan Allahverdiyev çıxışında ölkəmizin bütün ərazilərində yüksək peşəkarlıqla dövlətə, xalqa xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edərək qeyd edib ki, Azərbaycanın daxili işlər orqanlarının həqiqi inkişafı, onların milliləşdirilməsi biləvasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı göstərilməyə, xalqa və xidməti vəzifəsinə sədaqətli olan kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə, onların peşəkarlıqlarının təkmilləşdirilməsinə diqqət artırılmağa başlanıb. Xalqımızın ümummilli lideri  Heydər Əliyev siyasətini əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli inkişaf strategiyasında da daxili işlər orqanlarına diqqət, daxili işlər orqanlarında fəaliyyət göstərən əməkdaşların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması, xidməti vəzifələrini layiqincə yerinə yetirən əməkdaşların mükafatlandırılmasına diqqət xüsusi yer tutur. 

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında daxili işlər orqanları əməkdaşlarının ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişaf və davamlılığın, demokratiyanın bərqərar olmasında mühüm rol oynadığını qeyd edərək bildirib ki, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub.

Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki İlqar Məmmədov daxili işlər orqanları əməkdaşlarının hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə bütün güvvə və bacarıqları ilə dövlətimizə xidmət edəcəklərini qeyd edib.

Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının imzaladığı Fəxri Fərmanla təltif olunub.

Tədbirin bədii hissəsində Xalq artistləri - Teyyub Aslanovun, Gülyaz Məmmədovanın, Gülyanaq Məmmədovanın, Əməkdar artist Nurlan Növrəslinin, İlhamə Qasımovanın, Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səslənib, “Odlar yurdu” rəqs ansamblının gözəl rəqsləri nümayiş olunub.

Sonda xatirə şəkli çəkilib.