“Bir evdə yaşayan iki yada dönmüşdük” - - Qayğı

bir-evde-yasayan-iki-yada-donmusduk-
Oxunma sayı: 4715

Müsabiqədə iştirak emək üçün şərtlər BURADA


Bu dəfə oxuyacağınız hekayə mənə elədiyim ən “yaxşı yaşılığı” xatırlatdı. 7-8 il bundan öncə işlədiyim yerin müdirinin qəbuluna düşmək istəyən yaşlı bir kişi hər dəfə yox cavabı ilə məyus-məyus geri qayıdırdı. Adam Sovetin sayılıb-seçilən kişilərindən olsa da, keçid dövürünün kapitalist çevrələrinə düşə bilmirdi. Mexaniki səhv ucbatından adamın öldüyünü zənn edib müdirimə xəbəri çatdırmış, demişdim ki, infarktdan gedib.

Kişi yaman pis olmuşdi, gözləri yaşarmış, əlləri titrəmişdi. Həmişə inanmışam, hamının bir dilim vicdanı var. Bir gün müdirim məclislərin birində həmən adamla rastlaşanda  ikincinin nəhayət ki, bəxti gətirmişdi. Müdirim kişiyə yaxınlaşıb boynunu qucaqlamış, ona iş verməyə hazır olduğunu bildirmişdi. İndi kişinin yaxşı işi, kapitalist çevrəsi var. Onun Sovetdən çıxıb indiki Azərbaycanda yaşaması üçün “ölməsi” vacib idi. Mən onu “öldürməklə yaşatdım”. 

Oxuyacağınız “Qayğı” hekayəsində də olumun ən yaxşı izahını ölüm verir. Həqiqəti məhz ölüm açır. Müəllif qadın olsa da, hadisəni nəql edən kişidir.  Buna baxmayaraq, əsərdə bir qadın tərəfkeşliyi hiss olunur. Müəllif qadının tərəfindədir. Lakin o, taktikdir, kartları açıb qatı feminist kimi gürünmür. Mən bu təmkini sevdim. Sakitcə mesaj göndərilir, ehmalca hədə-qorxu eşidilir: əziz kişilər, qadın fədəkarlığı sonsuz deyil, biləsiz. Elə eləməyin ölüm ayağında başınızın üstündə duran qadın laqeydcəsinə “yuxusu çin oldu, yuxusu çin oldu” desin. Ha gözləyəsiniz, ağzından başqa söz çıxmasın, başqa heç nə deməsin... 

Sahilə 


Günel Xəzəl

1981-ci ildə Bakıda anadan olub. Odlar Yurdu Universitetinin hüquq fakültəsinin məzunudur. "Şakti-qadın dili" kitabının 5 müəllifindən biridir.

Qayğı

 (hekayə)

“Sevmək  qayğı göstərməkdir ? ” - son günlər özümə bu sualı verirdim. Bütün gün bu haqda düşünürdüm. Qayğı göstərmədən sevmək olar?! 

Sadəcə sevmək. Gün ərzində sevgilinin harda, nə etdiyini fikirləşmədən, zəng etmədən, ismarıc yazmadan, ona  “sevirəm”  deməyi vacib bilmədən, bunsuz ötüşmənin  narahatlığını keçirmədən. Bəyəm ad gününü, tanışlıq gününü unutmaqla sevmək olmaz ki?! Niyə daim sevdiyimizdən qayğı umuruq?

Niyə mən onun qayğısızlığını sevgisizliyə yozuram. Axı yenə axşamlar mən evə gələndə üzümə gülür, əlbəttə üzümə baxmağa vaxt tapsa. Yenə ironiya edirəm. Yoqayla məşğul olandan dəyişib. Söhbətdə diqqətli, məlahətli və mehribandır (əvvəl olduğundan xeyli çox), di gəl susanda da soyuq və yaddır.  

Əvvəllər (yoqadan öncə) – bu “ yoqadan öncə “,  “yoqadan sonra” ya bölümüm də eqoistliyimdəndir əslində. Yəqin öz marağının, mənim tanımadığım dostlarının yaranması qısqanclıq yaratmışdı məndə. 

Nəysə, mətləbdən uzaqlaşdım – hər gün zəng edərdi işimə, nə bişirəcəyini də məndən soruşurdı. Sonralar isə gün ərzində bir dəfə də olsun zəng etmirdi. Əvvəl sevinirdim, çünki gün ərzində saysız və yersiz zəngləri işimə konsentrasiyamı pozurdu. Bəs indi narahat olunmaq üçün niyə belə darıxıram? Halbuki, özüm dəfələrlə danlaşmışdım ki, “elə vaxt zəng edirsən ki, vacib iş görüşməsində oluram. Götürməsəm  də  sonsuz xəyal gücünlə gərəksiz şeylər uydurub axşama burnumdan gətirirsən. Ona görə məcburi cavab verirəm,  bu da işimə mane olur”. 

Bəlkə qayğısı ücün ittiham etdiyimdən  onu qayğısızlığa mən məcbur etmişəm?! Bəlkə elə gün boyu telefonu bir neçə dəfə əlinə götürüb  zəng eləmədən yerinə qoyur. Bunu bilmək istərdim. Amma soruşma cəsarəti tapa bilmirdim özümdə.

Axşamlar işdən yorğun gələndə mən danışmaqdan yorulmuş, o isə gün boyu susmaqdan bezmiş olurdu. O danışmaq istəyir, mən susmaq arzusunda olurdum. Gün boyu izlədiyi filmlərdən, günorta gördüyü mistik röyalardan, oxuduğu kitabda xətlədiyi cümlələri müzakirə etmək istəyindən bezirdim. Bunu ona deyə bilmirdim. İntuisiyası güclü olduğundan, boşluğa dikilən baxışlarımdan sükuta ehtiyacımı anlayırdı. Amma susa bilmirdi. İnsan “paylaşma ehtiyac”na məhkum varlıqdır. Bu məhkumluq boynumuza  qoyulan ən dəhşətli öhdəliklərdən biridir. 

Sonra yeməyini tək yeməyə başladım. O daha məni şama gözləmirdi. Formada qalmaq üçün saat altıdan sonra heç nə yemirdi.  Ancaq su içirdi. Həsrətində olduğum sükutumda yaşanan günümü analiz edəndə, sabaha görməli işlərimi planlayanda o, yeni dostları ilə internetdə gün ərzində baxdığı filmi, yuxunu, oxuduqlarını paylaşırdı.  Bir neçə dəfə yaxınlaşıb yazışmalarını izləmişdim. Dostları onun paylaşmalarını acgöz şərhlərlə, bol suallar, müzakirə, minnətdarlıqla qəbul edirdilər. 

Nədənsə sevdiklərimizi divar dibində təsəvvür edirik. Elə bilirik nə qədər möhkəm itələsək divara dəyib bizə  bir az daha yaxınlaşacaqlar. Unuduruq ki, sağa ya sola həmlə daha ağır olsa, onun bizə arxa çevirmə ehtimalı var. 

Sözün açığı, ilk başda bu “azadlıq” mənə ləzzət edirdi. Böyük dioqanallı plazma televizorumuzda onun bəyənmədiyi detektiv filmlərə daha rahat baxırdım. O isə öz ağır məzmunlu, fəlsəfi filmlərini iş otağında online izləyirdi. Arada dostları ilə paralel izlədiyi filmlərin həyəcanlı kadrlarını aralarında paylaşırdılar.

Onunçün darıxdığımı axşamlar dostlarımı evə dəvət etməyə başlayanda anladım. Gün boyu onsuz da üzlərini görməkdən bezdiyim iş yoldaşlarımı evə, nərdə çağırırdım. Bu halda o, oturub filmlərini rahat izləyə bilmirdi. Bizə çay gətirməli, oturub bizimlə söhbət etməyə məcbur olurdu. Bir müddətdən sonra ona “axşama uşaqlar gələcək “ deyəndə, “mən də öz dostlarımı çağırmışam”,  dedi. 


Bu sözlər onun “sənin dostlarımla maraqsız ünsiyyətdən bezmişəm” dərdinə əlac kimi səsləndi qulaqlarımda. 

-Nə dostlar?

-İnternetden.

-Tanımadığımız bilmədiyimiz adamları evə çağırmısan?

-Mən bəyəm sənin iş yoldaşlarını tanıyırdım? Çağırdın tanıdım. Sən də tanıyacaqsan.

-Bu dəfə gəlsinlər, çağırmısan artıq. Amma xahiş edirəm, bir də mənə deməmiş, mənimlə razılaşmamış evə kimsəni dəvət etmə.

-Yaxşı. Sən də həmçinin. 

-Necə yəni?

-Sən də mənimlə razılaşmadan evə kimsələri dəvət etmə.

-Deməli sən dostlarını mənə dərs vermək üçün dəvət etmisən.

-Həm də sənin dostlarınla darıxmamaq üçün.

Baxışları məni susdurdu. “Məyus ittihamla səninlə darıxmamaq üçün təzə dostlar tapmışam, bu hala düşməyimizin, bir-birimizdən qopmağımızın, arazmıza yadların soxulmasının səbəbkarı sənsən! ” deyərcəsinə baxırdı. 

Bir evdə yaşayan iki yada dönmüşdük. Və ən dözülməzi o idi ki, bu yadlığa səbəb olan mən əzab çəkir, o isə həyatından məmnun görünürdü. İctimai təşkilatlara üzv olmuş, evimizdən kənarda bir sürü şey tapmışdı. Bu soyuqluq məni günü-gündən daha çox narahat edirdi. Əsəbiləşdiyim məqamlara  sakit və mehriban fikirlər bildirir, məni evdəki bu soyuqluğun bütün ailələrdə qaçılmaz olduğuna inandırmağa çalışırdı. Ən yaxşı halda “Əsas odur ki, hislərimiz formasını dəyişsə də, yox  olmayıb. ”- deyirdi. “Sevirəm “ sözünü iki ildən çox idi ki, dilinə gətirmirdi. Halbuki əvvəllər hər zəngində sağollaşmaq əvəzinə “ İsmayıl, səni sevirəm” deyərdi.

Əgər bizi yadlığa mən bulamışdımsa,  bunu “yumaq”da ondan kömək istəmək doğru olmazdı. Qərara gəldim ki, əvvəlki münasibətimizi yıxmağa müyəssər olduğum kimi, bərpa etmə gücüm də olmalıdır. Bir neçə həftə müxtəlif üsullara əl atdım. Şam yeməyinə dəvət etdim, bahalı qızıl bilərzik aldım, səyahətə dəvət etdim... O, mənim səylərimi dəyərləndirsə də, üzündəki boş təbəssüm “Gecdir...” deyirdi. 

Yox, mən mübarzəmdə uduzmamalıydım. 

Belə “yer”anə qılıqlar ona təsir etməzdi. Onu mənə qaytarmağın yolu nəsə mistik bir şey olmalı idi.

Nahar vaxtı yeməkxanada yan masada iki xanım kolleqamın söhbətini eşitdim. Hansısa serialdan danışırdılar.  Biri deyirdi qız yalandan deyir xəstətədi, oğlanı yanında  saxlamaq üçün, o biri deyirdi yox, e doğurdan xəstədi..

 Bu söhbət məni qıcıqlandırırdı. Qadınların mənasız mövzularda söhbəti bir yana mübahisəsi lap dözülməz olur. Durub yerimi dəyişdim. Təzəcə oturmuşdum ki, ağlıma bir fikir gəldi.

Axşam evə gələndə yoldaşıma yalandan dedim ki, ağrılarım var, həkimə getmək istəyirəm. Şənbə günü həkimə gedəcəyimizi qərarlaşdırdıq. Əlbətdə həkimi mənim planıma uygun hərəkət etməyə razı salmaq mümkün olmadı: 

- Siz nə danışırsız,  münasibətinizi düzəltmək üçün yoldaşınızın əsəblərini qurban verdiyinizin fərqindəsiz? Bu barışmaqda da itirən yenə o olur. 

- Eybi yox, doktor, sadəcə sizdən tələb olunanı edin. 

- Mən aktyor olmaq istəsəydim incəsəti oxuyardım. Mən həkiməm. Başa düşün, yoldaşınız gerçəyi biləndə keçirdiyi psixi sarsıntılardan sonra məni peşəmdən sui- istifadədə,  ona psixoloji zərbə vurmaqda ittiham edə bilər. 

Parkda oturub yeni üsullar tapmaqdaydım. Bu vaxt aralarında söhbət edən iki qoca qadın yanıma əyləşdilər. Biri o birisinə əcaib-qəraib nəsə danışırdı. “Gah evdəyəm, gah qəbristanlıqda. Evdə olanda üzüm qəmgindi, qəbristanlıqda olanda sevincliyəm”. O biri də bir az susub dedi ki, “Məncə bu yuxu sənə nəsə deyir . Yaxşısı budur get qəbristanlığa rəhmətlik kişinə yasin oxutdur”.  Hə, “YUXU” dedim öz-özümə. Axı  o mistika həvəskarıdır. Ona elə bir yuxu danışmalıyam ki, yozumu “məni öldürsün”.

Evə qayıdıb yuxumun ssenarisi üzərində fikirləşməyə başladım. Google dan Nostradamusun, Vanqanın, Yusif peyğəmbərin, rus, türk, bizim xalq yuxu yozmalarını araşdırdım . Ölümə yozulan simvolları qeyd eləyib yuxumun ssenarisini bitirdim. 

Yuxunu verdiyi  effekt inanılmaz oldu. Xöşbəxtliyimiz tam bərpa olunmuşdu. Yenə əvvəlki kimi mənə zənglər edir, əhvalımı soruşur və yenə sonda “Səni sevirəm, İsmayıl! “ deyirdi. Yəqin “yuxum” sizə maraqlıdı. 

“Yuxuda gördüm ki, bir ağac var. Əlimi budağına uzatmaq istəyirəm. Amma  boyum getdikcə qısalır. Ətraf da hamı deyir gülür,  yeyir içir, mən isə bu ağaca can atdıqca boyum lap kiçilir. “

Yuxu yozmalarında  oxudum ki, ağac - həyat rəmzi, boyun qısalması – ölüm rəmzidir . Yoldaşım bu yozmaları əzbər bilirdi. İstədiyim qənaətə gələcəyindən əmin idim. Yuxunu ona danışanda üz ifadəsəni görəydiz! Yazığım gəldi bir an. ”Uydurmadır” deməməkçün özümü güclə saxladım.  Yuxumu  “hansısa məqsədinə çatmaq çətin olacaq” kimi yozdu. Mənə “öləcəksən “ demədi. 

İndi həsrətində olduğum qayğı diz boyu idi. Ailəmizdəki uçurumu bərpa etdiyimə sevinirdim. Ta o günə kimi. 

Payızın çiskinli axşamlarından idi. Evə gedirdim.  Maşının sürəti normal idi. Bizim mahnıya qulaq asırdım  (İyoka- Simple falling). Qəfildən  önümə hardansa bir pişik çıxdı. Maşını kənara çəkəndə sükan əlimdən qaçdı.Yaş asfaltda əyləcim tutmadı. Yol kənarındakı parkın ağaclarına dəyənə kimi maşını saxlaya bilmədim .

İndi xəstəxanadayam. Həyatım aparatlarla süni şəkildə uzadılır. Sadəcə eşidirəm, qalan bütün orqanlarım gözlərim də daxil, sıradan çıxıb. Az əvvəl həkim yoldaşıma dedi ki, bu üsulla məni yaşatmaq mənasızdır. İki palata o yanda ölümlə əlləşən bir oğlana mənim orqanlarım həyat verə bilər. 

Yoldaşım sadəcə “ yuxusu çin oldu” deyirdi. Başqa heç nə.