Birinci dozadan sonra yoluxanların sayı niyə artıb?

birinci-dozadan-sonra-yoluxanlarin-sayi-niye-artib
Oxunma sayı: 5998

Son günlər koronavirusa yoluxma hallarının sürətli şəkildə artması və ölənlərin sayının çoxalması ictimaiyyəti ciddi şəkildə narahat etməyə başlayıb. Rəsmi şəxslər virusun artmasını “Delta”ştamı ilə əlaqələndirsələr də, insanlar məsələnin tək bununla bağlı olmadığını iddia edirlər. Bildirilir ki, ölkədə vaksin olunmayan şəxslərə sentyabrın 1-dən tətbiq olunacaq məhdudiyyətlərə görə, kütləvi şəkildə xəstəxanalara axın var. Bu zaman da poliklinikalarda çoxsaylı sıxlıqlar, izdiham yaşanır. Peyvənd olunmaq üçün gələnlər arasında sosial məsafə qorunmur, karantin qaydaları pozulur.

Elə sosial şəbəkələrdə də  müxtəlif poliklinikalarda sıxlığı əks etdirən fotolar demək olar ki, hər gün yayılır. Çoxu randevu götürərək xəstəxanaya yaxınlaşdığını qeyd etsə də, reallıqda isə vaksinasiyanın canlı növbələr əsasında həyata keçirildiyinin şahidi olurlar.

Bu yaxınlarda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru 54 yaşlı Arzu Məmmədovanın da birinci doza vaksindən sonra dünyasını dəyişdiyi barədə məlumat yayıldı.

Maştağada vaksin izdihamı - Video

Bir neçə gün əvvəl tanınmış media eksperti Ələsgər Məmmədli də vaksinasiya növbəsi zamanı poliklinikada yaşanan sıxlıqdan yazmışdı. Onun sözlərinə görə, havasız, dar dəhlizdə 150 nəfər adam peyvənd növbəsini gözləyirdi. 

Elə bu səbəblərdən də bir sıra şəxslərin ilk dozadan sonra koronavirusa yoluxduğu iddia edilir. Vətəndaşlar çıxış yolu kimi səyyar məntəqələrin sayının artırılmasını, eyni zamanda virusa yoluxmanın qarşısını almaq üçün açıq havada vaksinasiya prosesinin həyata keçirilməsini təklif edirlər. 

Bu arada bildirək ki, ötən gün ölkədə birinci mərhələdə peyvənd olunanların sayı 768 nəfər olub. Ümumilikdə isə birinci mərhələ üzrə vaksin olunanların sayı 4 milyon 43 min 744 nəfərdir.

“Qafqazinfo” ilk dozadan sonra nə qədər insanın koronavirusa yoluxub-yoluxmaması statistikasını öyrənmək, həmçinin səyyar məntəqələrinin sayının artırılmasıyla bağlı TƏBİB-ə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına əsasən Bakı şəhəri üzrə poliklinikalarda vaksinasiya Səhiyyə Nazirliyinin koordinasiyasında həyata keçirilir. Səyyar vaksinasiyalar Operativ Qərargahın tövsiyəsi və dövlət qurumlarının müraciəti əsasında aparılır. Statistik məlumatlar üçün isə Operativ Qərargaha müraciət etmək lazımdır. 

İlk dozadan sonra nə qədər insanın koronavirusa yoluxduğu barədə Nazirlər Kabinetinə də sorğu ünvanlamışıq. Bildirilib ki, sorğu müvafiq şöbəyə yönləndirilib və əgər belə bir statistika hesablanıbsa, məsələyə cavab veriləcək.

Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günay Quluzadə isə feysbuk hesabında yaşanan sıxlıqlara münasibət bildirib. O bildirib ki, növbə tənzimləmək tibb işçilərinin öhdəliyi deyil:

“Böyük qismi xanımlar olan işçilərin narazı kütlənin önünə çıxması mümkün deyil. Yaxınlaşan vətəndaşların əksəriyyəti randevusuz gəlir və məcbur tibb işçiləri onları növbəyə salır və bu da təbii olaraq zaman itkisinə gətirir.

Vətəndaşlarımızdan bu istiqamətdə anlayış istəyirik. Bu məsələ dəfələrlə deyilib. Maraqlı tərəf haqsız yanaşma axtaran gənc fəallardadır. Hansılar ki, hər zaman özlərini gənclər üçün yaxşı örnək və doğru yol adlandırırlar. Hər zaman doğruluq axtarışında olanlara, təbliğat, dəstək üçün bu növbələrdə səs-küy salıb işi uzadanlara sualım var.

Xəstəliyə yoluxmadığınız təqdirdə niyə son gün o izdihama siz də qatılırsınız? Siz özünüz niyə son gün vaksin olunursunuz?

Araşdırmacı kimliyinizlə niyə növbədə sıxlıq yaradanlar sırasındasınız? Yanvardan başlayan və may ayından hamının (+18) rahat qatıla biləcəyi prosesi son 15 gündə bu hala niyə salırsınız? Zamanında vaksin vurdurmaq olmazdı?”.

Mövzu ilə bağlı “Qafqazinfo”ya danışan həkim-infeksionist Vüqar Cavadzadə qeyd edib ki, bir dəfə vaksin olunmaq insanı koronavirusdan qorumur:

“Koronavirusa qarşı bütün vaksinlər iki dəfə aparılır. Birinci vaksindən 14 gün sonra qanda antitellər yaranmağa başlayır. 28 gündən sonra ikinci vaksinasiyadan sonra ümumilikdə birinci vaksindən 40-42 gün müddətdə immunitet formalaşır.

İnsanlar ilk dozadan sonra xəstələnə bilər. Çünki birinci dozadan sonra immunitet yaranmır. Bundan əlavə, ikinci vaksindən sonra da xəstələnmə halları ola bilər.  Bir sıra xəstəlikləri olan insanlarda ola bilsin ki immunitet zəif yaransın. Antimmun və onkoloji xəstəliyi olan adamlarda isə ola bilər ki immunitet formalaşmasın. Ona görə deyirlər ki, vaksinin effektivliyi dərəcəsi 95 faizdir. Yəni 100 nəfərdən 95-də immunitet yaratsa da, beş nəfərində yaratmır. 
 
O ki qaldı insanların vaksinə görə kütləvi şəkildə poliklinikalarda toplaşmasına bilirsiniz ki, ölkədə vaksinasiya prosesi yanvarın 18-dən başlanılıb. Artıq yanvardan bu günə kimi 7 ay vaxt keçib. Əgər insanlar yanvarda vaksinasiya üçün müraciət etsəydilər, indi poliklinikalarda bu qədər növbə yaranmazdı.  

İndi görürlər ki, sentyabrın 1-dən məhdudiyyətlər olacaq. Ona görə də məcburdurlar ki, gedib kütləvi halda peyvənd olunsunlar. Poliklinikalarda vaksin otaqlarının qarşısına yığılan insanlar vaksin olunmağa gedib yoluxaraq qayıda bilərlər. 

Ona görə də insanlar canlı növbələr yaratsalar da, mütləq sosial məsafə gözləməlidirlər. Yaxşı olar ki, onların müəyyən hissəsi açıq havada gözləsin. Hamının içəridə gözləməsinə ehtiyac yoxdur. 

Toplaşmanın qarşısını almaq və vaksinasiyanın sürətini artırmaq məqsədilə səyyar vaksinasiya məntəqələrinin sayının da artırılmasına ehtiyac var. Yaxşı olar ki səyyar şəkildə bu iş həm Bakıda, həm paytaxtda, həm də kəndlərdə həyata keçirilsin. Vaksinasiya nə qədər sürətli gedərsə yoluxma göstəriciləri aşağı düşər”.

Günel Türksoy