“Biz öz qüvvəmizlə tarixi ədaləti bərpa edəcəyik” - Elçin Əmirbəyov

biz-oz-quvvemizle-tarixi-edaleti-berpa-edeceyik
Oxunma sayı: 1875

“Diplomatik nümayəndəliklərin başçıları, diplomatlar, hərbi attaşelər öz gözləri ilə görsünlər ki, Ermənistan hakimiyyəti hansı müharibə cinayətlərini törədib?! Dünənki və srağagünkü raket zərbələrindən  sonra biz 25 mülki şəxsimizi itirdik. Allah onların hamısına rəhmət eləsin! Yaralananlara Allahdan şəfa diləyirəm. Amma bu o demək deyil ki, biz bu cür addımlarla barışırıq”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Birinci Vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov bildirib. O qeyd edib ki, cənab Prezident açıqcasına deyib ki, bizim dövlət olaraq borcumuz əhalimizin təhlükəsizliyini təmin etməkdir:

“Sözsüz ki, Azərbaycan özündə o hüququ saxlayır ki, bu cür  tədbirlər baş verəndə, cinayətlər törədiləndə layiqli cavabını verə bilsin və verir də. Amma biz layiqli cavabı mülki əhaliyə qarşı deyil, döyüş meydanında düşmənə qarşı göstəririk. O da düzdür ki, bu cavab heç də itirdiyimiz insanları geri qaytarmayacaq, amma onların yaxınları bilməlidirlər ki, - əminəm bilirlər ki, - onların qanı yerdə qalmayacaq”.

E. Əmirbəyov əlavə edib ki, bu gün Cenevrə şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin həmsədrlərlə görüşü nəzərdə tutulmuşdu. Bu, Ermənistan tərəfindən həmin görüş astanasında göndərilən bir mesajdır:

“Yəni ki, onlar heç də sülh prosesinin bərpa olunmasında maraqlı deyillər, işğal olunmuş Azərbaycan torpaqlarından çıxmaq istəmirlər. Onların humanitar atəşkəsin də əldə olunmasında əsas məqsədləri vaxt qazanıb, yenidən silah alıb öz silahlı qüvvələrini Azərbaycana qarşı təxribatı və təcavüzü davam etdirməkdir. Azərbaycan tərəfi, bizim rəşadətli ordumuz artıq dünəndən başlayaraq bütün Bərdə hadisələrindən sonra öz layiqli cavabını verir və hər gün  demək olar ki, cəbhədən xoş xəbərlər eşidirik. Bu xəbərlər bundan sonra da davam edəcək”.

E. Əmirbəyov bildirib ki, Bərdə əhalisi ilə görüş keçirilib və onların əzmkarlığı, şücaəti, dövlət başçısı ətrafında birləşməsi bizim qələbəmizin əsas şərtlərindən biridir:

“Onların bir mesajı var ki, Azərbaycan 28 il davam edən bu problemin həllini özü tapmalıdır. Biz heç kimə güvənmirik. Biz artıq dəfələrlə bunu beynəlxalq ictimaiyyətdən, həmsədr ölkələrdən gözləyirik, amma konkret səmərəli addım atılmayıb. Biz cənab Prezidentin dediyi kimi, bu gün öz qüvvəmizlə tarixi ədaləti bərpa edəcəyik”.

Emin Səfərov