Nə baş verir bu millətə, Allah?! – Reportyorlar IV

ne-bas-verir-bu-millete-allah-reportyorlar-iv-
Oxunma sayı: 1022

“Qafqazinfo” oxucuların marağını nəzərə alaraq Azərbaycanın eks-spikeri Rəsul Quliyevin “Reportyorlar” siyasi detektiv romanın dərcini davam edir. Romanda müasir dünyada – Azərbaycanda, Rusiyada, Suriyada, Əfqanstnda baş verən hadisələr öz əksini tapıb. Təqdim etdiyimiz roman ABŞ-ın “Xilibris” nəşriyyatında “The Cost of Truth” (“Həqiqətin qiyməti”) adı ilə nəşr olunub. Roman siyasi detektiv janrında yazılıb və üç tədqiqatçı-jurnalistin peşə fəaliyyəti zamanı göstərdikləri fədakarlıqlardan, rastlaşdıqları inanılmaz olaylardan bəhs edir. Əsərin əsas qəhrəmanları olan Con - ABŞ, Piter - ABŞ (Rusiyada işləyir) , Elvar isə “Azadan” adlı ölkəni təmsil edən jurnalistlərdir. Hər üç jurnalist “Azadan” Respublikasının prezidentinə qarşı təşkil edilmiş sui-qəsdin sifarişçilərinin və icraçılarının kimliyini araşdırırlar.

Əvvəli burada

Elvar

Nə baş verir bu millətə, Allah?! Prezidentin ölümündən cəmi 4 ay keçir, məddahlar, yaltaqlar yenə televiziya ekranlarını doldurmağa başlayıb. Halbuki, Prezident işə başlayan kimi, ilk növbədə, informasiya vasitələrinin azad və sərbəst olması üçün kompromissiz müharibəyə başlamışdı. Əvvəlcə, dövlət televiziyasını səhmdar təşkilata çevirdi. Aksiyaların 50 faizini satışa çıxartdırdı. Aksionerlər Direktorlar Şurası seçdilər. Sonra bütün güc orqanlarından mətbuata nəzarət idarələrini ləğv etdirdi. Adamların siyasi motivlərlə izlənməsi, xüsusi orqanlara çağrılması, vəzifədən cinayət məqsədi ilə sui-istifadə qanunu vasitəsi ilə nəzarətə götürüldü. On illərlə prokurorluq, məhkəmə və polis sistemində yaranmış rüşvət mentalitetindən qurtulmağın asan məsələ olmayacağını bildiyi üçün, iki mindən artıq orta məktəbi müvəffəqiyətlə qurtarmış gəncin dövlət proqramının tərkib hissəsi kimi, hüquq fakultələrinə qəbul olunmasını təşkil etdi. 3 il müddətinə bu gənclər hüquq elminin dərinliklərinə yiyələnməli və diplom müdafiə etməliydilər. Ona görə, onlar üçün gündə, ən azı, 10 saatlıq dərs proqramı hazırlatmışdı. Prezident özü onlara həftədə iki dəfə dövlət və demokratiya mövzusunda mühazirə oxuyurdu. Onun fikrincə, 3 ildən sonra 2 min rüşvətxor hakim və təhqiqatçını bu uşaqlar əvəzləyəcəkdi. Sonradan bu proses hər il davam etdiriləcəkdi. Beləliklə, Prezidentin fikrincə, 5 il müddətində bu sistemdə işləyən 80 faiz cinayətkar mentalitetlilərdən azad olmaq mümkün olacaqdı. O bilirdi ki, heç bir təcrübəsi olmayan bu gənclər çoxlu səhvlərə yol verəcəklər, ancaq bundan gələn ziyan, rüşvətxor polis, prokrorlar və xüsusi ilə məhkəmələrin vurduğu ziyandan dəfələrlə az olacaqdı.

Hələ ki, o, heç kimin bilmədiyi 10 nəfərdən ibarət Məhkəmə Ekspert Komissiyası yaratmışdı. Ölkədə gedən bütün məhkəmə prosesləri çəkilir və canlı olaraq Prezident Aparatında olan Mərkəzə ötürülürdü. Həmin komissiyanın imkanı var idi ki, bu məhkəmələrə ya birbaşa, ya da sonradan baxsınlar, onların nə səviyyədə ədalətli qərar çıxarmalarına nəzarət edə bilsinlər. 3 aylıq prezidentliyi dövründə 30 məhkəmə sədri həbs edilmiş, 100-ə yaxını isə sübut tapılmadığı, ancaq 100 faiz rüşvətlə iş gördüyü məlum olduğu üçün vəzifəsindən azad edilmişdi. Ölkədə hüquqi ab-hava xeyli dəyişmişdi.

Sərbəstlik alan televiziya kanalları arasında əsl rəqabət başlamışdı. Reklam uğrunda gedən mübarizə kanalların məzmununu xeyli dəyişmişdi. İlk 3 ayda vaxtilə hökumətə qulluq edən, yaradıcı kollektivi zəif olan 2 telekanal reklamdan məhrum olub, tam müflisləşmişdi. Cəmiyyətdə hörmətini itirmiş bir çox özünü “müxalifət lideri” adlandıranların televiziya ekranlarında görünmələri onların siyasi səhnədən uzaqlaşmalarını bir qədər də tezləşdirmişdi. Onları reklam xatirinə telekanala dəvət edənlər qısa bir müddətdə reklamın azaldığını müşahidə etmişdilər. Məlum olmuşdu ki, onlar ekrana çıxan saatlarda həmin verlişlərə baxanların sayı on dəfələrlə aşağı düşür. “Heç kimin baxmadığı kanalda hansı ağıllı reklam yerləşdirər” prinsipi özünü qısa bir müddətdə təsdiqləmişdi. Azad rəqabət məngənəsinə düşmüş mətbuat və telekanallar çox qısa bir müddətdə totalitar rejimin yaratdığı müxalifəti siyasi səhnədən uzaqlaşdırdı. Artıq 60 yaşları olan “liderlər”dən nə qəzetlər, nə də telekanallar müsahibə götürürdülər. Yavaş-yavaş olsa da, xüsusi ilə Qərb universitetlərində təhsil almış, az müddətə olsa da, o ölkələrdə işləmiş gənclər müxalifət kimi formalaşmağa başlamışdı. Həmişə “Divin canı şüşədə olan kimi, bu müxalifətin canı da totalitar rejimdədir”- yazan Elvar bir neçə məqaləsi ilə 10 il bundan qabaq yazdıqlarının necə doğru çıxdığını liderləri ələ salan bir neçə yazısıyla tamamladı. Prezidentin və təzə-təzə addım atmağa başlayan müxalifətin siyasətini tənqid edən bir neçə yazısıyla bir daha həmişə müxalifətdə qalacağını elan etdi. Dostlarının, “Sən həmişə Prezidentin tərəfində olmuşdun, nə oldu, birdən-birə 180 dərəcə döndün?” - sualına Elvar belə cavab vermişdi: “Qardaş, o, çox güclü şəxsiyyətdir, intellekti ilə rəqiblərini məhv edəcək. Xalqın onu bütləşdirməsinə imkan vermək olmaz, gərək, görələr ki, onu da tənqid edənlər var. Mənə belə gəlir ki, o özü də belə yazıların yazılmasını istəyir. Cavan müxalifətçilərin onun iqtisadi reformalarını tənqid etməsinə bir dəfə də olsa, cavab verməyib. Halbuki, cavab verib onları darmadağın edər. Ancaq etmir, bu gənclərin formalaşmasına imkan yaradır. Mənə belə gəlir ki, bir dəfə də onlarla yüngül diskussiyaya çıxıb, avtoritetlərini qaldırmağa cəhd edəcək”.

Prezident həmişə “Mənə və xalqımıza bir il lazımdır ki, bir daha demokratiya yolundan dönməsin, məddahlıq və yaltaqlığa son qoyulsun”- deyirdi. Bu işi görməyə onun altı ayı çatmadı. İndi yenidən köhnə abu-hava qayıdırdı. Televiziyalarda keçmiş vitse, indiki prezidentin şərəfinə, az da olsa, məddahlıq edənlər tapılırdı. Elvar hərdən yalquzaq kimi ulamaq istəyirdi. Xarici görnüşcə kor-kobud olan Elvarın çox emosional, kövrək ürəyi var idi. Amerikada olanda baş vermiş bir hadisəni həmişə xatırlayanda, hər dəfə onu qəhər tuturdu. Son 10 ayda bu hadisə yadından çıxmışdı, indi yenidən yadına düşmüşdü…

***

Conla Vaşinqtonda Respublikaçılar İnstitutuna konfransa gedəndə, dəhşətli dərəcədə siqaret çəkən Elvar siqaretinin qurtardığını görüb, ondan xahiş etdi ki, maşını uyğun bir yerdə saxlasın. Con maşını “Volqrin” adlanan mağazanın qarşısında saxlayıb, - Mən düşmürəm, get, tez al, gəl, yoxsa yubanacağıq, - dedi. O iki “Mallbora” alıb maşına oturdu. Yolda siqaret qutusunun birinin maşına minərkən, düşdüyünü hiss edib, tez Cona, - Siqaretim mağazada düşüb, qayıdaq, götürüm, - dedi.
Con:
- Nə danışırsan, biz sənin siqaretinə görə, yubana bilmərik. Konfransdan sonra qayıdanda girərik mağazaya, orada düşübsə, itməz, verərlər.
Konfrans 5 saat çəkdi. Geri qayıdanda, Con həmin mağazanın yanında saxladı:
- Get gör, siqaretini tapa bilərsən? - dedi.
Elvar:
- Əvvəla, mağazada yox, maşına minəndə düşüb, ikincisi də, 5 saat keçib, kim mənə siqaret qaytarar? – deyə-deyə mağazaya girdi və 2 dəqiqədən sonra həyəcanla çıxdı. - Belə şey ola bilməz! - dedi.
Con, - Hə, nə oldu, siqaretin tapıldı? - soruşdu. Elvar uzun çəkən pauzadan sonra cavab verdi:
- Hə.
- Bəs onda niyə belə qəmgin olmusan?
Yenə bir müddət pauzadan sonra Elvar dilləndi:
- Bilirsən, Con, siqaret həqiqətən maqazinin qapısının ağzında - bayırda düşübmüş, bir nəfər onu tapıb gətirib və “deyəsən, kimsə siqaretin itirib” deyərək, kassirə verib. Mən “siqaretimi itirmişəm” deyən kimi, kassir əlini uzadıb qutudan onu çıxartdı və bu hadisəni danışdı. Mən soruşdum ki, bəs mən gəlməsəydim, necə olacaqdı? Dedi ki, 15 gün gözləyib, sonra satışa qoyacaqdıq.
Həmin gün Elvar 1 litr araq “vurdu”. Qardaşın qardaşa kələk gəldiyi azadanlılarla siqareti küçədə tapıb maqazinə qaytaran amerikalını müqayisə etdi. - Axı niyə belə olur?- deyib qəhərləndi və gözlərindən axan yaşı, 5 dəqiqə cəhd etməsinə baxmayaraq, saxlaya bilmədi. Bu hadisədən sonra hər dəfə yalan danışan, kələkbaz adamlarla rastlaşdıqca, onu yenidən ağlamaq tuturdu, içkisiz-zadsız.

***

Elvarın Azadan Prezidentinin qətlində onun yerinə keçmiş indiki prezidentin əlinin olduğuna heç bir şübhəsi yox idi. O, uzaqdan olsa da, keçmiş diktatorun klanı ilə bağlı idi. Prezident o vaxt kompromisə gedərək, onun vitse-prezident olmağına razılıq vermişdi. On illərlə davam edən eybəcər totalitar rejim bütün dövlət aparatını 90 faiz yaramaz adamlarla doldurmuşdu. Bu on minlərlə məmur ordusunun qısa bir müddətdə dəyişdirilməsinə onun heç bir ümidi yox idi. Ona görə də kifayət qədər tədbirli Prezident keçmiş rejimə yaxın, ancaq Qərb təhsili görmüş vitse-prezidenti irəli çəkməklə, ilk 1 ildə məmur ordusunun onun reforma proqramını sabotaj etməsinin qarşısını almaq istəyirdi. 5 aydan sonra məmur ordusunun 40 faizinə yaxınını dəyişməyə nail olmuş Prezidentin planında vitse-prezidenti də dəyişmək ideyası reallaşmaqdaydı. Vitse-prezidenti parlament seçirdi, parlamentdə isə çoxluq Prezidentin tərəfindəydi.

Elvar jurnalist araşdırmasıyla qısa bir müddətdə terror aktında əli olan bir neçə fiquru müəyyənləşdirə bildi. Vitse-prezidentin Prezidenti aradan götürmək üçün motivi də yaranmışdı. Elvar artıq bilirdi ki, o, bir neçə adamla görüşəndə, Prezidentin onu vəzifədən azad etmək planının varlığından xəbərinin olduğunu deyibmiş.

Elvarın yeni prezidentin əleyhinə yazdığı məqalələri bütün Azadan oxuyurdu. Onun keçmiş diktatorla əlaqələri bütün çılpaqlığı ilə göstərilir, tənqiddən çox, təhqirlərlə qurtarırdı. Con hər yazısında ona ehtiyatlı olmağı tövsiyə edirdi:
- Sən faktiki, onu sui qəsdin təşkilatçısı kimi göstərirsən, bu bizim baş planımıza ziddir. Prezidenti öldürənlər sənin axırına daha asanlıqla çıxarlar. Ehtiyatlı ol!

Elvar bilirdi ki, onun məqalələrinin hamısını Piter oxuyur və Cona çatdırır. Səhv etdiyini başa düşürdü, ancaq özünü saxlaya bilmirdi. Cona yazırdı: “Killer o beş nəfərdən biridir. Onların ikisi 100 faiz buradakılarla görüşüblər. Burada olan 3 nəfərin Əfqanıstanla əlaqələri artıq mən tərəfdən araşdırılıb, qurtarıb. Sənin işlərinin niyə belə ləng getməsini anlaya bilmirəm. Dəlil-sübutlarım kifayət qədər sayılmasa da, Azadandan, azı, 3-nün bu sui-qəsdin təşkilatçısı olmasına heç bir şübhəm yoxdur. Əgər bir şey alınmırsa, mən onların adlarını açıqlamağa hazıram”. Conun “…Müəyyən problemlər ortaya çıxıb, ancaq cinayətkarları tapacağımıza şübhə etmirəm, tələsmə, özünü qoru” - yazısı Elvarın heç ürəyincə deyildi. “Nə gözləmək, nə özümü qorumaq, millət əldən gedir, hər şey yenidən öz əvvəlki axarına qayıdır. Buna necə dözmək olar? 1 il də keçsə, bunlar heç sui-qəsd olmadığını iddia edəcəklər. İndi hələ rəhmətlik Prezidentin əleyhinə bir şey deməyə qorxanlar, bir müddətdən sonra başlarını qaldıracaqlar, onun əleyhinə çıxışlar da edəcəklər” – Elvar öz-özünə burnun altında deyinirdi…

Əvvəli burada