BOS Şelf şirkəti tərəfindən inşa olunmuş “Zəfər Parkı”nın açılışı oldu

bos-self-sirketi-terefinden-insa-olunmus-zefer-parkinin-acilisi-oldu
Oxunma sayı: 3306

8 Noyabr 2021-ci il tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində BOS Şelf şirkəti tərəfindən inşa olunmuş və II Qarabağ müharibəsində Azərbaycanın tarixi qələbəsinin ildönümünə həsr olunmuş “Zəfər Parkı”nın açılış mərasimi baş tutub.

Mərasimdən öncə, şirkətin rəhbərliyi və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklillər qoyaraq, onun xatirəsini yad ediblər.

Parkın açılışına Şirkətin II Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları və qaziləri də dəvət olunub. Açılış mərasimi çərçivəsində tarixi qələbəmizin memarı olan şəhidlərimizin əziz xatirəsi ehtiramla anılmış və BOS Şelf-in II Qarabağ müharibəsində iştirak etmiş 58 əməkdaşı mükafatlandırlıblar.

“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin və rəşadətli Azərbaycan əsgərinin əzmi nəticəsində biz 44 gün ərzində şanlı qələbəmizə nail olduq. İnşa etdiyimiz “Zəfər Parkı” Vətən müharibəsinin qəhrəmanlarına, tarixi qələbəmizə həsr olunmuş bir abidədir, və bu Park ölkəmizin daimi uğurları, parlaq gələcəyi tək daima yaşıllanıb çiçəklənəcəkdir. Zəfər Günü münasibətilə hər bir azərbaycanlını təbrik edirik, Allahdan qəhrəman şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirik”, - deyə BOS Şelf-in Baş Direktor əvəzi Nazim Hüseynov şirkət kollektivinə müraciət etdi.

Tədbir zamanı BOS Şelf heyəti, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə kampaniyasına da start verdi. Kampaniya çərçivəsində Vətən müharibəsində şəhid olmuş igid oğullarımızın hər birinin xatirəsinə ağac əkilməsi nəzərdə tutulub.

Hal-hazırda BOS Şelf-in sıralarında 300-dən çox I və II Qarabağ müharibəsi qazisi və iştirakçısı çalışır. Şirkətdə 200 nəfərdən çox I Qarabağ müharibəsi qazisi və iştirakçısı çalışarkən, 58 nəfər BOS Şelf əməkdaşı II Qarabağ müharibəsinə qatılaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük tarixi qələbəyə öz imzalarını atdılar.

II Qarabağ müharibəsi bitdikdən sonra, qazilərə və müharibə iştirakçılarına dəstək proqramı çərçivəsində 48 nəfər müharibə qazisi və iştirakçıları BOS Şelf-in Təlim-tədris məktəbinə növbədən kənar qəbul olunmuşdular. Burada, yeni kadrlar Şirkətin öz maliyyə hesabına təşkil olunmuş təlim-tədris kurslarında tam ödənişsiz əsasda mexanik, qaynaqçı, quraşdırıcı, ilməçi-qoşucu kimi müxtəlif peşələr üzrə təlim prosesini uğurla bitirib işlə təmin olunmaq imkanını əldə etmiş olurlar. 9 nəfər II Qarabağ müharibəsi qazisi və iştirakçısı isə BOS Şelf tərəfindən müxtəlif peşələr üzrə bir başa işlə təmin olunublar.

BOS Şelf şirkəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilmiş  “Məşğulluq marafonu”nda dövlət siyasətinə sosial məsuliyyət və həmrəylik prinsipləri ilə yaxından dəstək olduğuna görə Təşəkkür Sertifikatı ilə də mükadfatlandırılıb.

BOS Şelf öz gələcək fəaliyyəti dövründə də bu prinsiplərə sadiq qalacaq.