Putinin qələbəsi ölkədə etiraz hərəkatını daha da genişləndirəcək

putinin-qelebesi-olkede-etiraz-herekatini-daha-da-genislendirecek
Oxunma sayı: 671

Rusiyada martın 4-də keçirilən prezident seçkilərinin nəticələri gözlənildiyi kimi olub. Artıq 8 il ölkəyə rəhbərlik etmiş Vladimir Putin yenidən hakimiyyət başına qayıdıb. Bu dəfə 6 illik müddətə. MSK-nın hələ səslərin sayılması başa çatmadan açıqladığı rəsmi məlumata görə, Putin səslərin 63 faizdən çoxunu toplayıb.

İkinci yeri kommunistlərin lideri Gennadi Züqanov tutub -17 faiz. Milyarder Mixail Proxorov isə 8 faizlə üçüncü olub. Liberal-Demokrat Partiyasının namizədi Vladimir Jirinovski bu dəfə 6 faizdən bir qədər çox, Ədalətli Rusiya Partiyasının namizədi Sergey Mironov isə 4 faizdən də az səs yığıb. Sağ müxalifətin namizədi Qriqori Yavlinski seçkilərə buraxılmamışdı. Bu seçkilərdə əsas diqqət ona yönəlmişdi ki, ikinci tur olacaq, ya yox. Lakin səsvermə günü ölkənin hər yerindən daxil olan çoxsaylı pozuntu faktları göstərirdi ki, Kreml bu cür zarafat eləmək fikrində deyil və Putinin birinci turda inamlı qələbə qazandığını göstərmək üçün bütün resurslarını səfərbər edib.
Nəticələr məlum olandan sonra Mironov və Jirinovski Putinin qələbəsini tanıdıqlarını bəyan edib. Züqanov isə deyib ki, nəticələri qeyri-legitim hesab edir və Putini təbrik etmək fikrində deyil: “Biz seçkiləri tanımırıq və onu qeyri-legitim, ədalətsiz, qeyri-şəffaf hesab edirik. Heç vaxt bu cür özbaşınalıqlar olmamışdı, bütün regionlarda səsvermənin nəticələrinə təsir edəcək miqyasda pozuntular qeydə alınıb, çirkli taktikadan istifadə olunub”.
Təəccüblü də olsa milyarder Proxorov da seçkinin nəticələrini qeyri-legitim hesab edib. Hamı onu Putinin adamı sayırdı. Təxmin edilirdi ki, maqnat məhz seçkilərin nəticələrinə legitimlik donu geydirməyə kömək üçün Kremlin tapşırığı ilə seçkilərə qatılıb. Proxorovun topladığı səslər onun üçün ciddi nəticə sayıla bilər. Görünür, demokratik qüvvələrin elektoratının bir hissəsi ona səs verib.
ABŞ Dövlət Departamentinin Rusiya seçkilərinin monitorinqini aparmaq üçün maliyyələşdirdiyi müstəqil “Qolos” assosiasiyası isə bildirir ki, onların apardığı paralel səs sayma Putinin topladığı səslərin 50 faiz həndəvərində olduğunu göstərib. “Qolos” Putinə yazılan səslərin azı 14 faizinin saxta olduğunu bildirir. Assosiasiya müşahidəçilərindən daxil olan səsvermə protokollarına əsasən aparılan hesablamaların nəticələrinə görə, Proxorov 17 faizdən çox səs toplayıb. Lakin “Qolos” paralel səs saymanı Moskva və Sankt-Peterburqda keçirib. Bu şəhərlərdə Putinə verilən səslərin miqdarı həqiqətən regionlardan aşağı olub. Gözlənildiyi kimi, Putinə ən çox səs Şimali Qafqaz respublikalarında yazılıb. Məsələn, Çeçenistanda seçicilərin 99,73 faizinin ona səs verdiyi açıqlanıb, bildirilir ki, çeçen seçicilərin 99 faizdən çoxu səsverməyə qatılıb. Silahlı yaraqlılarla toqquşma və terror aktlarının səngimədiyi Dağıstanda isə Putinə 90 faizdən yuxarı səs yazıblar. İnquşetiyada da Putinin səsi 92 faizi keçib. Şimali Qafqazdan açıqlanan bu nəticələr həmin regionlarda səsvermə nəticələrinin total şəkildə saxtalaşdırılması kimi qəbul edilir. Tatarıstan, Başqırdıstan və Mordoviyada da ona 90 faizə yaxın səs verildiyi bildirilir. Moskvada isə onun topladığı səslərin 50 faizə çatmadığı açıqlanıb. Maraqlıdır ki, paytaxtda Proxorov kifayət qədər ciddi nəticə göstərib - 20,21 faiz. Putinin vətəni Sankt-Peterburqda da saxtakarlıqların geniş miqyas aldığı bildirilir, bu şəhərdə Putinə 58 faiz səs yazıblar.
Müşahidəçilərin, müxalifətçi namizədlərin seçki qərargahlarının, “Ədalətli seçkilər uğrunda” blokunun açıqladığı məlumata əsasən bu seçkilərdə pozuntular ötən ilin dekabrında keçirilmiş parlament seçkilərindən daha çox olub. Ən çox tətbiq olunan saxtakarlıq metodu “karusel”dir. Səsvermə günü ölkənin praktiki olaraq bütün regionlarında müşahidəçilər seçicilərin avtobuslarla bir məntəqədən digərinə daşındığı, onların seçici talonları ilə dəfələrlə səs verdiyini qeydə alıblar. Seçki məntəqələrində hakimiyyətin idmançı cüssəli adamlarını müşahidəçi vəsiqəsi altında yerləşdirərək müxalifətdən olan müşahidəçilərin işinə mane olması, səslərin sayılması prosesinin şəffaf olmadığı, seçici siyahılarına səsverməyə az qalmış kütləvi şəkildə yeni adların daxil edilməsi kimi nəticələrə təsir edə biləcək pozuntular qeydə alınıb.
“Qolos” bildirir ki, “karusel”i fırladan adamların hər biri yüzlərlə seçiciyə cavabdeh olub, onlar tanınmaq üçün yaxalarına müxtəlif nişanlar vurublar. Müşahidəçilər “karusel”çilərin kuratorlarından bir neçəsini yaxalayıb, ancaq polis tədbir görməyib. Dağıstanda isə mərkəzi telekanallardan birinin seçki məntəqəsindən reportaj hazırladığı vaxt canlı yayımda qutulara topa bülletenlər doldurulub. Bu kadrların efirə getməsi MSK-nı məcbur edib ki, həmin məntəqə üzrə səsvermənin nəticələrini ləğv etsin.
Seçkilərin ilkin nəticələri və Putinin birinci turda qələbə qazandığı elan olunandan sonra Moskvanın mərkəzi Manej meydanında hakimiyyət tərəfdarlarının mitinqi olub. Putin kütlənin qarşısına çıxıb. O, seçkilərin nəticələrinin bütün Rusiyanın qələbəsi olduğunu deyib. Putin bildirib ki, seçkinin nəticələri xarici qüvvələrin Rusiya ilə bağlı planlarının baş tutmayacağını göstərib. Çıxış edərkən Putinin gözləri yaşarıb, bir çoxları bunun həyəcandan yaranan göz yaşları olduğunu düşünüb.
Putinin köməkçisi Dmitri Peskov isə deyib ki, göz yaşları əslində şaxtanın və küləyin təsirindən idi. “Dojd” internet televiziyasının əməkdaşı isə Putinin qələbə mitinqində iştirak edənlərə pul paylandığının şahidi olub və bu mənzərəni çəkmək istərkən mülki geyimli, idmançı cüssəli şəxslərin hücumuna məruz qalıb. “Azadlıq” radiosu da Putinin qələbə mitinqinə qatılanlara pul paylandığına dair məlumatları təsdiqləyir.
Səlahiyyətləri başa çatan və Putinin prezidentliyi dövründə baş nazir olmağa hazırlaşan Dmitri Medvedyev isə son tapşırıqlar siyahısını imzalayıb. Prezident baş prokurora tapşırıb ki, aprelin 1-dək Rusiyanın 32 vətəndaşı barədə məhkəmə hökmünün qanuniliyi və əsaslandırılması araşdırılsın. Həmin 32 məhkum arasında Mixail Xodorkovski, Platon Lebedev və Aleksey Piçuqin də var. Bu sənəd fevralın 20-də qeydiyyatdan keçməyən partiyalarla görüşün nəticəsi olaraq imzalanıb.
Rusiya seçkilərinin nəticələri gözlənilməz olmadığından yerli və xarici ekspertlər diqqəti bundan sonra ölkədə vəziyyətin necə inkişaf edə biləcəyinə yönəldir. Əksəriyyət hesab edir ki, Rusiyada ötən ilin dekabrında başlayan etiraz hərəkatı Putinin çoxsaylı pozuntularla müşayiət olunan qələbəsindən sonra daha da genişlənəcək. “Ədalətli seçkilər uğrunda” hərəkat əvvəlcədən martın 5-də Moskvanın Puşkin meydanında çoxminli mitinqin keçirilməsinə dair meriyadan icazə alıb. Bu mitinq dünən Bakı vaxtı ilə saat 20-də başlayıb. Təşkilatçılar aksiyaya 30-40 min adamın qatılacağını gözləyirdi. Putin tərəfdarları da dünən Moskvanın mərkəzi meydanlarında onun qələbəsini bayram etməyə hazırlaşırdılar. Hüquq-mühafizə orqanları şəhərdə eyni vaxtda bir neçə yerdə aksiyaların olacağını nəzərə alaraq vəziyyətin nəzarət altından çıxa biləcəyindən qorxurdu. Moskvaya əvvəlcədən minlərlə OMON qüvvələri yerləşdirilib. Habelə daxili qoşun hissələri mümkün iğtişaşları yatırmaq üçün hazır vəziyyətə gətirilib. Elan edilib ki, icazəsiz aksiya cəhdinin qarşısı sərt şəkildə alınacaq. Moskva polisi müxalifətin mitinqinin təşkilatçılarından məşhur blogger Aleksey Navalnını və “Sol cəbhə” hərəkatının lideri Sergey Udaltsovu “profilaktik” söhbətə çağırsa da onlar getməkdən imtina edib.

musavat.com