“Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur”

brussel-gorusu-azerbaycan-diplomatiyasinin-yeni-ugurudur
Oxunma sayı: 1887

“Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur. “Qarabağ münaqişəsi” sözünün bir dəfə də işlədilmədiyi Avropa İttifaqı Şurasının son bəyanatı da artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisinin deputatı Vüqar Bayramov Azərbaycan, Avropa İttifaqı və Ermənistan liderlərinin Brüsseldə baş tutan üçtərəfli görüşünün yekunlarını şərh edərkən bildirib.

 Deputatın sözlərinə görə, görüşə dair ilk önəmli məqam tərəflərin sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan etməsi olub.

“Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir. Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin Xarici İşlər Nazirlikləri fəaliyyətlər həyata keçirəcəklər.

İkincisi, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsi də razılaşdırılıb.

Üçüncü vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmiryolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu, Zəngəzur dəhlizinin reallaşması baxımından da vacib yanaşmadır.  Qeyd etmək lazımdır ki, İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir əldə etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb”.

Vüqar Bayramov qeyd edib ki, dünən axşam jurnalistlərin suallarını cavablandıran Şarl Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz bu gecə başladığını bildirib: “Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistanın öz öhdəliklərinə əməl etməsi vacibdir. Amma İrəvan üçün getdikcə yollar daralır. Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi şanlı zəfərdən sonra Ermənistan üçün ölkəmizin 5 bəndlik sülh təkliflərini qəbul etmək ən rasional seçim kimi görünür”.

Eldar Tanrıverdi