Şaqqıldaqlı Şaxta Baba

saqqildaqli-saxta-baba
Oxunma sayı: 957

Oldum –olalı sevmədim bu bayram dəm-dəstgahlarını. Hələ-hələ yeni ili. Bayramı bir ay qabaqdan böyük həvəs və səbirsizliklə gözləyənləri isə anlamaqda çətinliyim var. Soruşsan ki, bayram nə üçündür? Hamı bir ağızdan deyəcək: -yeyib-içib, əylənməkçün. Cavabın özü sual doğurur. Əylənməkçün bir il gözləməkmi lazımdır? Adi günlərdə əylənmək olmurmu? Madam ki, sual verdik, cavab vermək əziyyətini də özümüz çəkməliyik. İti öldürənə sürüdərlər.
Əylənmək üçün bu ilin başından gələn ilin başına kimi gözləmək, illah ki, bayram olmalıdır, demək, bizim kişilərin toyda, içməmiş öldür, oynaya bilmərəm, deməyi kimi bir şeydir. İçməyə həmişə bəhanə var. Halbuki, oynamaq üçün utanmamaq və rəqs etməyi bacarmaq lazımdır. Bir də, geniş bir meydan. Oynaya bilməyən, yerim dardır, deyir.

Ah! Mən təmiz unutdum ki, biz bayramları sevən xalqıq və 365 günün 265-i bayramdır. (-Təki həmişə toy- bayram olsun, deyirik. Bunun nəyi pisdir?! Amma... Amması olmasa...) Azı bayrama bir ay qabaqdan hazırlaşılır. İlimiz 12 ay kefdəyik, demək. Bəh-bəh-bəh! Bundan gözəl dövran ola bilməz!
Bir ay qabaqdanmı, dedim? Hə, o cür dedim. Gördüm ki, dekabr ayı ayaq basar-basmaz şəhərin mağazalarında “yolkalar”, rəngbərəng oyuncaqlar, işıqlar, zər-ziba, nə bilim, daha, heyvan maskalarından cin-şeytan üzlərinə kimi yeni il masqaradına aid olan hər nə var, artıq alıcıların ixtiyarına verilib. Bazarda ərzağın qiymət artımı da öz yerində. Elə bil, satıcıların əlinə fürsət düşür. Buna baxmayaraq “bayramsevər” xalqımız kimi topdan, kimi pərakəndə, hərə öz cibinə uyğun, imkanı çatdığı qədər nəsə almağa çalışır ki, bayram axşamı süfrədə azı 4-5 yemək çeşidi olsun. Hələ digər xərclərin içərisində Şaxta babanın uşaqlara “bayram hədiyyəsi” də var ki, bunun xərcini də valideyn özü çəkir. Bu hədiyyələrin içərisindəkilər isə vaxtı ötmüş, ya da pis şəraitdə saxlanılıb köhnəlmiş şirniyyatlar olur və onun uşaqlara vurduğu ziyanı isə düşünən olmur.

Bir sözlə biz bayramı krallara layiq keçirməliyik və bunun müqabilində il boyu ac qalmağa razıyıq.
Yetişdi bayram axşamı, durun, yandırın şamı!
Yedik-içdik, şampanımızı partlatdıq (müsəlmanıq ha) bacardığımız, anladığımız kimi əyləndik, ya əylənə bilmədik, Allah bilir (Allah kəssin belə əylənməyi.) Sonra da yıxılıb yatdıq. Ay yatdıq ha! Səhər gözü-başı şişmiş, mədəsi qarışmış, pul kisəsi dibinə enmiş halda oyanıb, “şad-xürrəm” yeni ilə başlayırıq.

Yeni ilin atributları olan Şaxta baba və Qar qızı nağıllardan və filmlərdən bilirdim. Şaxta baba dərələrdən sel kimi, təpələrdən yel kimi, qarlı dağlar aşıb, çox ellər dolaşıb, hədiyyə dolu maral arabasıyla uşaqların görüşünə gəlirdi. Amma uşaqkən anamın məni apardığı uşaqlarçun təşkil edilən yeni il şənliyində Şaxta babanın sonda hoppana –hoppana gəlib, ortalıqda bir az təlxəklik edərək uşaqlara dədələrinin puluyla aldığı hədiyyələri payladığı zaman uşaq təfəkkürümdə yaratdığım Şaxta babam sonradan yerlə yeksan olmuşdu. Anam mənə sən də uşaqlara qoşul, Şaxta babanın yanına get, dediyi zamansa, “ neynirəm, o təlxəyin yanına gedib?!”- demişdim. Şaxta baba ağsaqqal kişi yox, kulon təsiri bağışlamışdı mənə. Hələ bu harasıdı? 3-4 il bundan qabaq rəfiqələrim səslərini atdılar başlarına ki, həyatı yaşaya bilmirsən, qocalmısan elə bil, bəs camaatın qızları yeni il günü şəhərə çıxır, Şaxta babayla şəkil çəkdirir, oğlanlar Qar qızlarla “məzələnir”. Sənin isə indiyə kimi Şaxta babayla bir şəklin belə yoxdu. Gedək gəzək, sonra da restorana gedib qeyd edərik.

Özüm də şübhələndim ki, bəlkə də düz deyirlər, qocalmışam? Bu da Şaxta baba və Qar qız. Şaxta babanın qoluna girib şəkil çəkdirən kim, Qar qızın paltarını başına qaldıran kim... Camaatın bu pasaqlıları necə duz kimi yaladığına təəccübləndim. Gördüyüm Şaxta babaya Şaqqıldaqlı baba, demək daha yerinə düşərdi. “Qoca” sürüdən ayrı düşüb, azıb şəhərə ayaq açan şaqqıldaqlı təkəyə, ”qardan olan qız uşağı” isə gədələrə mırışan “Bikəyə” oxşayırdı. Ağ donu isə elə gündəydi ki, elə bil bu qarğanı tutub şəhər uzunu sürümüşdülər. Bu antisanitar, infeksiya saçan Şaxta baba və Qar qızı görəndən sonra Şaxta babaya da, Qar qıza da “bayıldım”. Daha doğrusu, Şaxta baba və Qar qızın Azərbaycan variantına.

2012-ci yeni il gecəsini amerikan rəfiqələrim bizimlə keçirməyə gəldilər. Hədiyyə olaraq şokalad karobkası (qutusu) yox, alma piroqu və aromatlı şam gətirmişdilər. Lakin Şaxta babanın hədiyyəsidir, demədilər. Əziyyət çəkib bişirmişdilər. Bu, sizə vaxt ayırmışam, demək idi. Səhərə qədər onlar gitarada öz mahnılarından, biz pianoda öz mahnılarımızdan çalıb –oxuduq və onlar öz mədəniyyətindən biz öz mədəniyyətimizdən maraqlı söhbətlər edərək yeni ili maraqlı şəkildə qarşıladıq. Nə kafedə, nə restoranda, nə konsertdə; öz evimizdə. Sonda onlar öz tapındığına, bizsə öz tapındığımıza bu günümüz üçün şükranlar, gələcək ilimizin amanda olması üçün dualar əta etdik. Maraqlı bir axşam oldu.

İki gün sonra televiziyada Amerika meşələrində quşların kütləvi qırılmasından danışıldı. Quşların “genosidinə” səbəb kimi Yeni İlin şərəfinə atılan fişənglərin atmosferi çirkləndirməsi iddia olunub alimlər tərəfindən.Bunun üzərinə Yer kürəsindəki “fişənglərin” atmosferə vurduğu zərəri də gəlsək, olur, “Bayram şənliyi”.