Tələsərik. Heç vaxt öz-özümüzə hesabat vermərik. Yalnız əcəli qarşılamağa macal tapanda hesabata, çək-çevirə vaxt bol olar.
Dünyaya gəlirik, amma dünyadan getmək istəmirik. Bəlkə də intihar edənlər də son saniyələrdə peşman olurlar. Yol-qət olunmaq, həyat-yaşamaq üçündür. Nə qədər məhrumiyyətlərlə üz-üzə qalırıq, aclıq, yoxsulluq çəkirik, istədiklərimizə həsrətlə baxırıq, amma yenə də yaşamağa davam edirik-mübarizə aparırıq. Ölümü heç vaxt düşünmürük. Ümidimiz belə nəinki sonuncu ölür, əksinə, həyatdan dördəlli yapışır... Hakimiyyətdə olanlar yerini qorumağa, müxalifətdə olanlar hakimiyyətə gəlməyə can atır. Varı olanlar kisələrinin yarımçıq qalan hissəsini doldurmağa çalışmaqda, kasıblar qarın dolusu çörək yemək arzusunda. Bir tikə çörək üçün dünyanın bu başından o biri başına gedərik. Həyat-bir tikə arxasınca qaçanların və it-pişiyinə tikənin ən yağlısını yedirənlərin mübarizə meydanıdı. Bu “bir tikə” oyunu ilə imtahana çəkilərik. Acgözlüklə udanlar da olar onu, meydandan boynubükük, gözüyaşlı qayıdanlar da. Dünya öz təmtərağı, cah-cəlalı ilə insanları öz arxasınca dizin-dizin süründürməkdə. Sürünə-sürünə mənzil başına tələsdiyimizin belə fərqində deyilik. Yalnız Yer kürəsi başı gicəllənmədən öz oxu ətrafında fırlanır. Məhvərindən çıxmır. Bütün yaradılanları aram-aram çalxalayır. Necə deyərlər, yağımız üzə çıxır, ayranımız ayranlıq olur beləcə... Arzularımızın, qurduğumuz xəyalların tez gerçəkləşməsi üçün zamanın qatarının sürətinin artmasını istəyərik. Amma bu sürətin saniyə-saniyə ölümə doğru irəlilədiyinin fərqinə varmarıq. Vaxt ötər, biz öz missiyamızı yerinə yetirər-yaşayarıq, yaşlaşarıq, amma ölmək istəmərik. Həyatdan şirin nə var görəsən? Ölümün bir adı da “həyatın insandan doyduğu məqam” olsa, gərək. Meksikalıların qəbirstanlıqlarda keçirdiyi “Ölümə gülmək” şousudu həyatımız. Fərqində deyilik...
***
Ölməzlik eliksiri hazırlayan İbn Sinanın ölüm ayağında həmin eliksiri əlindən salıb yerə tökən şagirdinə dediyi sözləri xatırlayaq: “Heyfsilənmə. Belə olmalıydı, yoxsa yer kürəsi insanları tutmazdı...” Yer kürəsi zalımlardan xali deyil. Zülm edənlərlə yanaşı zülmə tabe olanlar da var. Ölüm olmasaydı insanlar dünyaya ağırlıq edərdi. Yer kürəsi daş qəlbli insanların ağırlığına duruş gətirə bilməzdi; zülmə tabe olanların göz yaşlarından doyardı; qarğışlardan, ah-nalələrdən günəşin bağrı yarılardı bəlkə də. Gəlin, addımlarımızı yavaşıdaq. Tələsməyək. Darıxmayaq. Hara tələsirik? Bahalı avtomobillərin də, yolpulu tapıb minə bilmədiyimiz avtobusların da bir dayanacağı var: qəbirstanlıq. Arzuların qanadı “Simurq quşu”nun qanadları kimi sehrli deyil. Bu qanadlar bizi zülmətdən işığa yox, işıqdan zülmətə-bir zərrə işıq düşməyən məzara aparır...
Son xəbərlər
Son Xəbərlər